10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: Hər bir xalqın memarlıq sənəti özündə o xalqın həyat tərzini, sənətkarlıq xüsusiyyətlərini, adət-ənənələrini, inanc və dəyərlərini yaşadır. Xalqımızın milli dəyərlərini əks etdirən Azərbaycan memarlıq məktəbi də bu ənənələri yaşatmaqla uzun bir dövr ərzində formalaşmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan memarlıq sənətinin qədim və zəngin ənənələri vardır. Memarlarımızın yaratdığı daş salnamələr – şəhərlər, körpülər, abidələr xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edir”.
Qeyd olunmuşdur ki, Naxçıvanda da memarlıq sənəti özünəməxsus inkişaf yolu keçmişdir. Burada formalaşan memarlıq sənəti on ikinci əsrdə özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Naxçıvan memarlıq məktəbinin formalaşmasında bu dövrdə yaşayıb-yaradan Əcəmi Əbubəkr oğlu Naxçıvani mühüm rol oynamışdır. Bu gün də Əcəmi Naxçıvani sənəti memarlıq sahəsində mühüm bir istiqamət və məktəb kimi qəbul olunur. Onun yaratdığı Yusif Küseyir oğlu və Möminə xatın türbələri xatirə memarlığının ən uğurlu nümunələridir. Açılışına toplaşdığımız Gülüstan türbəsi də on ikinci əsr Azərbaycan xatirə memarlığının dəyərli və dünya əhəmiyyətli abidəsi olmaqla Əcəmi memarlıq məktəbinin yadigarıdır.
Ali Məclisin Sədri demişdir: Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çox­əsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilmişdir. Aid təşkilatlar türbənin qorunaraq gələcək nəsillərə çatdırılması qayğısına qalmalı, “Gülüstan türbəsi” tədqiqat qrupu başlanan işləri davam etdirməlidir. Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən digər tarixi abidələrin də tədqiqi, onlar haqqında tarixi materialların əldə olunması üçün səylərini artırmalı, birgə tədbirlər planı hazırlamalıdırlar.
“Abidələrimiz təkcə tarixilik baxımından tədqiq olunmamalı, həm də müasir memarlıq sənətinin inkişafı baxımından öyrənilməlidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Şəhərsalma və Arxitektura Komitəsi və Memarlar Birliyi Naxçıvan memarlıq ənənələrini dərindən öyrənməli, abadlaşdırma və quruculuq işlərində bu məktəbin ən yaxşı nümunələrinin davam etdirilməsinə, onların tarixiliklə müasirliyin vəhdəti halında tətbiqinə üstünlük verməlidirlər. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri tələbə və şagirdlərin Gülüstan türbəsinə ekskursiyasını təşkil etməlidirlər. Naxçıvan Dövlət Universiteti Memarlıq ixtisası üzrə kadr hazır­lığında Naxçıvan memarlıq məktəbi ənənələrinin tədrisinə geniş yer ayırmalı, təcrübi dərslərin tarixi abidələrdə, eləcə də Gülüstan türbəsində keçirilməsini təmin etməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Gülüstan türbəsi” kitabını hazırlamalı, tarixi abidələrlə bağlı maarifləndirmə işini gücləndirməlidir.
Ali Məclisin Sədri Gülüstan türbəsinin bərpasında əməyi olanların hamısına təşəkkür etmiş və türbənin açılışı münasibətilə təbriklərini çatdırmışdır.
“Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında təbii qüvvələrin təsirindən dağıntılara və aşınmalara məruz qalmış tarixi abidələrdən 60-dan çoxu bərpa və təmir olunaraq xalqa qaytarılmışdır. Gülüstan türbəsi də uzun müddət baxımsız qalaraq unudulmuş, buna görə də təbii qüvvələrin təsirindən güclü aşınmalara məruz qalmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı bu möhtəşəm abidənin bərpası və tədqiqi üçün geniş imkanlar yaratdı. Sərəncama əsasən yaradılan “Gülüstan türbəsi” tədqiqat qrupu türbənin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarmışdır. Tədqiqat qrupu türbənin tarixi, memarlıq formaları, ətraf ərazinin arxeologiyası, etnoqrafiyası, tarix və memarlıq abidələri haqqında məlumatlar toplamış, onlar əsasında türbə və ətraf ərazilərlə əlaqədar konkret elmi nəticəyə gəlmişdir. Azərbaycanın qülləvari türbələri sırasına daxil olan və özünəməxsus xüsusiyyətləri ilə seçilən türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, XVII əsr türk səyyahı Övliya Çələbinin “Səyahətnaməsi”ndə “Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “tənha bürc” kimi xatırlanır. Fəxrəddin Səfərli tariximizin hərtərəfli araşdırılmasına və zənginləşdirilməsinə, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova demişdir ki, Naxçıvan qədim tarixi ilə yanaşı, burada yaşayan insanların yaratdıqları memarlıq abidələrilə də zəngindir. Bu torpaqda Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani, Xacə Cəmaləddin və başqaları kimi görkəmli memarlar yetişmişdir. Onların yaratdığı memarlıq əsərləri müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Belə abidələrdən biri də XII əsrə aid olan Gülüstan türbəsidir. Türbədə Naxçıvan memarlıq məktəbinin üslub və kompozisiya xüsusiyyətləri aydın görünür. Bu gün muxtar respublikada tarixi memarlıq abidələrinin bərpası ilə yanaşı, Naxçıvan şəhəri və rayonlarında müasir dövr memarlığının inkişafına da çox önəm verilir, keçmişlə müasir memarlıq arasında sintez yaradılır. Muxtar respublikada gənc memarların hazırlanmasına da diqqət yetirilir, Naxçıvan Dövlət Universitetində “Memarlıq” ixtisası üzrə kadrlar hazırlanır, “Naxçıvan memarlığı” dərsi tədris olunur.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Gülüstan türbəsinə baxmışlar.
Məlumat verilmişdir ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür.
Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaqdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.
Ali Məclisin Sədri demişdir ki, gələcək keçmişin üzərində qurulmalıdır. Keçmiş isə tarixi abidələrdə yaşayır. Naxçıvanda vaxtilə əcdadlarımız tərəfindən möhtəşəm abidələr yaradılmışdır. Bu abidələr xalqımızın daşlarda yaşayan tarixi və pasportudur. Bu mənada hər bir abidənin tədqiqi və bərpası tarixin bir dövrünün və xalqımızın qədim həyat tərzinin öyrənilməsi, üzə çıxarılması deməkdir. Ona görə də tarixi abidələrin tədqiqi sahəsində işlər bundan sonra da davam etdirilməli, elmi məqalələr, kitablar yazılmalı, rəssamlar, şair və yazıçılar öz əsərlərində tarixi abidələrə müraciət etməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev qədim tariximizin yaşadılması və zəngin mədəni irsimizin qorunub saxlanılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirmişdir.
Abidənin ətrafında da abadlıq işləri aparılmış, işçilər üçün inzibati bina tikilmiş, yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR