İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin direktoru Sabir Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm tədbirlər görülür, müasir təhsil infrastrukturu yaradılır. Bunun nəticəsində orta məktəblərdə tədrisin səviyyəsi yaxşılaşmış, hər il ali və orta ixtisas məktəblərinə qəbul sayında artım olmuşdur. Muxtar respublikada sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsindəki çətinliklər də aradan qaldırılmış, regional bölmədə imtahanların keçirilməsi üçün təcrübə və baza formalaşmışdır. Bölmənin inzibati binasının yenidən qurularaq istifadəyə verilməsi fəaliyyətin bundan sonra daha səmərəli təşkilinə imkan verəcəkdir. Sabir Məmmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Muxtar respublika üçün vacib təşkilatlardan olan Tələbə Qəbulu üzrə Regional Bölmə 2009-cu ildən fəaliyyət göstərir. Ötən dövrdə bölmə inkişaf edərək fəaliyyət dairəsini xeyli genişləndirmişdir. Bu gün regional bölmə muxtar respublikada təhsilin bütün pillələri üzrə qəbul imtahanları keçirir. İl ərzində bölmə tərəfindən keçirilən qəbul imtahanlarında 20 mindən çox şagird, abituriyent və bakalavr iştirak edir. Muxtar respublika üzrə 650 nəzarətçi müəllim, 60 imtahan rəhbəri bölmədə fəaliyyət göstərir. Həmçinin bölmədə keçirilən monitorinq imtahanlarının nəticələrini yoxlamaq üçün 80 müəllimdən ibarət ekspertlər bazası yaradılmışdır. Bütün bunlar nəzərə alınaraq bölmənin inzibati binasında yenidənqurma işləri aparılmış, müasir iş şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri uğurlu fəaliyyətinə görə bölmənin kollektivinə təşəkkür edərək demişdir: Tələbə Qəbulu üzrə Regional Bölmənin qarşısında mühüm vəzifələr durur. Bölmə fəaliyyətini daha da genişləndirməli, nəzarətçi və imtahan rəhbəri olan müəllimlərlə iş düzgün qurulmalıdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə ana dili və riyaziyyat fənləri üzrə monitorinqlər aparılmalı, muxtar respublikanın ümumtəhsil məktəbləri müəllimlərinin sınaq-test imtahanları üzrə sualların hazırlanmasında iştirakı təmin edilməli, dərsliklər üzrə təkliflər hazırlanmalıdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, əsaslı şəkildə yenidən qurulan binaya bir mərtəbə də əlavə olunmuşdur. 3 mərtəbəli binada sənədlərin qəbulu, seminar, sual kitabçalarının ekspertizası və iclas zalları, arxiv və iş otaqları yerləşir. Binada qeydiyyat üçün elektron köşk qoyulmuş, 12 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərsliklərin və dərs vəsaitlərinin monitorinqi aparılarkən internet üzərindən birbaşa əlaqə yaradılır və ixtisas müəllimlərinin müzakirələrdə iştirakı təmin edilir.
Binanın həyəti də abadlaşdırılmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti