Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür, əsas ərzaq məhsuluna olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il taxıl əkini sahələri genişləndirilir, aqrotexniki tədbirlər həyata keçirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Cari ilin məhsulu üçün 26 min 795 hektar sahədə buğda, 4 min 784 hektar sahədə isə arpa əkilmişdir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.
İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 306 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilmişdir. Əkin sahəsində vegetasiya dövründə heç bir xəstəlik və zərərvericilərə rast gəlinməmişdir. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 8 kombaynı cəlb olunmuş, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılmışdır. Bu günə qədər 120 hektarda biçin işləri başa çatdırılmışdır. Məhsuldarlıq orta hesabla 29,3 sentnerdir.
Kəngərli rayonunda yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə ərazinin su təminatı yaxşılaşdırılmış, torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Hazırda ərazidə yeraltı suvarma sistemləri qurulur.
Ali Məclisin Sədri muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılması, eləcə də yerli iqlimə uyğunlaşdırılmış məhsuldar toxumların tədarükü barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti