10 Yanvar 2025, Cümə

Güclü iqtisadiyyata malik olan ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşmışdır. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar.

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində 9 zabit ailəsinə yeni xidməti mənzillər təqdim olunmuş, hərbi şəhərcikdə yeni park istifadəyə verilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və yeni mənzillərlə təmin olunmaları münasibətilə zabit ailələrini təbrik edərək demişdir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 24 iyun tarixli sərəncamlarına əsasən Əlahiddə Ümumqoşun Ordunun 1 hərbi qulluqçusuna ali hərbi rütbə verilmiş, 6 hərbi qulluqçu medallarla təltif olunmuşdur. Silahlı Qüvvələr Günü ərəfəsində muxtar respublikada da bir sıra tədbirlər keçirilmiş, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi olmuşdur. Bu gün isə 9 zabit ailəsinə yeni xidməti yaşayış mənzilləri təqdim olunur, hərbi şəhərcikdə yeni istirahət parkı istifadəyə verilir.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə ordu quruculuğu sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilir, ən müasir silahlarla təmin olunur, hərbi təlimlər keçirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Digər tərəfdən isə zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların istirahəti təmin edilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü və qüdrətli ordusuna çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: Qüsursuz xidmət edən hərbi qulluqçulara yeni mənzillərin verilməsi, zabit ailələrinin xidməti yaşayış mənzilləri ilə təmin olunması hərbi xidmətin daha rahat təşkilinə şərait yaradır. Çünki zabit ailələrinin rahat yaşayışı, problemlərinin həlli imkan verir ki, onlar xidmətini də nümunəvi təşkil etsinlər. Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar sərhəd bölgəsində xidmət edən zabitlər, əsgərlər lazımi sosial-məişət şəraiti ilə təmin olunurlar.
Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikamız blokada şəraitində yaşayır, Naxçıvan işğalçı ölkə ilə sərhəddə yerləşir. Ona görə də ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür, xalq-ordu birliyi möhkəmləndirilir, əlamətdar günlərdə ordumuzla həmrəylik nümayiş etdirilir. Bütün bunların nəticəsidir ki, insanlar ordumuza güvənərək düşmənlə sərhəd yaşayış məntəqələrində rahat yaşayır, təsərrüfatla məşğul olurlar. Ona görə də muxtar respublikada hərbi xidmət bundan sonra da nümunəvi təşkil olunmalıdır. Zabitlər öz xidmətləri ilə seçildikləri kimi, onların ailələri də təqdim olunan xidməti mənzilləri, eləcə də tikilənləri, qurulanları qoruyub saxlamalıdırlar.
Ali Məclisin Sədri general-mayor ali hərbi rütbəsini Əlahiddə Ümumqoşun Ordunun zabiti Elxan Əlibəyova təqdim etmiş, təltif olunan zabitləri və mənzillə təmin olunan ailələri bir daha təbrik etmişdir.
Zabit ailələri adından Şahilə Orucova və Nigar İslamova minnətdarlıq edərək demişlər ki, ölkəmizdəki inkişaf və tərəqqi hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə də səbəb olmuşdur. Bu gün zabit ailələrinin mənzillə təmin olunması bunu bir daha təsdiq edir. Muxtar respublikada bu işlər artıq ənənə halını almışdır. Hər il yeni yaşayış binaları tikilərək istifadəyə verilir. Hazırda muxtar respublikamızda zabit ailələrinin rahat yaşaması üçün bütün tədbirlər görülür. Ümummilli liderimiz Heydər Əliyev zabit peşəsini ən şərəfli peşə kimi qiymətləndirirdi. Bu gün onun yolu ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilir. Zabitlərin xidmətlərinin nümunəvi təşkili və rahat yaşaması üçün ardıcıl tədbirlər görülür. Hər bir zabit ailəsi dövlətin qayğısını üzərində hiss edir.
Ali Məclisin Sədri mənzillərin açarlarını zabit ailələrinə təqdim etmiş, onlara firavan həyat arzulamışdır.
İki və üçotaqlı mənzillərdə bütün kommunal məişət şəraiti yaradılmış, mebel dəstləri qoyulmuşdur. Mənzillə təmin olunan zabit ailələrinə xalça hədiyyə olunmuşdur.
Sonra Ali Məclisin Sədri istirahət parkında yaradılan şəraitlə tanış olmuşdur. Muxtar respublikamızda hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların istirahətlərinin mənalı təşkili də diqqət mərkəzində saxlanılır, yeni sosial təyinatlı obyektlər tikilərək istifadəyə verilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni istirahət parkı salınmışdır. Bir hektar sahəni əhatə edən parkda 80 növdən artıq gül kolu və dekorativ ağaclar əkilmiş, fontan düzəldilmiş, müasir işıqlandırma sistemləri qurulmuşdur. Parkın ərazisində oturacaqlar və şahmat stolları qoyulmuş, konsert və mədəni-kütləvi tədbirlərin təşkili üçün səhnə yaradılmışdır.
Tikinti işləri aparılarkən hərbi şəhərcikdəki 6 xidməti yaşayış binası da yenidən qurulmuş, binaların kommunikasiya xətləri, qapı, pəncərə və dam örtükləri yenilənmişdir.
Ali Məclisin Sədri hərbi şəhərcikdə tikinti-quruculuq işlərinin davam etdirilməsi, ərazidə zabit ailələrinin istirahəti üçün bundan sonra da lazımi şəraitin yaradılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR