İyunun 22-də Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: Hər bir xalq özünün milli və dini dəyərləri ilə tanınır. Azərbaycan xalqı da əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalmış, adət-ənənələrini yaşatmışdır. Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri vardır. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın Ramazan ayında göndərilməsi də şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir.
“Milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir. Bugünkü iftar süfrəsi də belə bir xoş niyyətlə açılmışdır”, – deyən Ali Məclisin Sədri mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləmiş və cansağlığı arzulamışdır.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar edilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti