Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirib ki, səfərdə məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.
AZƏRTAC