İyunun 15-də Naxçıvan şəhərində Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Ərzurum Mehtərən Tağımının birgə yürüş-konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
Hərbi orkestr və Mehtərən Tağımı Heydər Əliyev prospektində minlərlə şəhər sakininin alqışları altında hərəkət etmiş, Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan və Türkiyə hərbi marşları ifa olunmuşdur.
1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı – Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılmışdır. Xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqımızı üzləşdiyi bəlalardan xilas etmiş, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamış, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoymuşdur. Bununla da, Azərbaycan əsası 1969-cu ildə qoyulmuş inkişaf və tərəqqi yoluna qayıtmışdır.
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir. “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram və ona qurban verməyə hazıram”, – deyən ulu öndərin fədakarlığı olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlət də olmayacaqdı.
Bu gün ümummilli liderimizin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmiş, dünyada söz sahibi olan müstəqil dövlətə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında hərtərəfli inkişafa nail olmuşdur. Bu gün muxtar respublikada mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, geniş quruculuq işləri aparılır, şəhər, qəsəbə və kəndlər yenidən qurulur, əhalinin rifahı ilbəil yaxşılaşdırılır.
Bütün bunlara görədir ki, 15 İyun Milli Qurtuluş Günü hər il ölkəmizdə və muxtar respublikada böyük təntənə və bayram sevinci ilə qeyd olunur. Azərbaycana dost və qardaş ölkələrdə də Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilir, xalqımızla həmrəylik və birlik nümayiş etdirilir. Milli Qurtuluş Günündə Naxçıvanda keçirilən tədbirlərdə Ərzurum Mehtərən Tağımının iştirakı da dostluq və həmrəyliyin daha bir ifadəsinə çevrilmişdir.
Ali Məclisin Sədri Ərzurum Mehtərən Tağımının üzvləri ilə görüşmüş, uğurlu ifalara görə onlara təşəkkür etmişdir.
Həmin gün muxtar respublikanın rayonlarında da 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmiş, xalq gəzintiləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti