İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
AZƏRTAC