Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan tərəqqi Milli Qurtuluş Gününün bəhrələridir. Ümummilli liderin siyasi xəttinin davam etdirilməsi nəticəsində muxtar respublikada insanların rahat yaşayışına xidmət edən müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər görülmüş, yeni yaşayış binaları tikilərək istifadəyə verilmişdir.
İyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, aparılan kompleks quruculuq işləri Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Yaşayış binalarının tikintisi və yenidən qurulması, müasir yaşayış komplekslərinin salınması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Ötən il Naxçıvan şəhərində 4 yaşayış binası tikilərək, 9 yaşayış binası isə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Sakinlər adından danışan Sadıq Sadıqov demişdir: Hər bir ailə üçün mənzil təminatı vacib məsələdir. Ona görə də muxtar respublikada bu məsələ daim diqqətdə saxlanılır. Əvvəllər lazımi kommunal-məişət şəraiti olmayan binalarda yaşayırdıq. Lakin bu gün hərtərəfli şəraiti olan müasir mənzillər bizə təqdim olunur. Sakinlər bütün bunları ölkəmizdə insanların rahat yaşayışına göstərilən qayğı kimi dəyərləndirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün yeni mənzillə təmin olunanların həyatında əlamətdar hadisədir. Çünki hər bir insanın həyatında ən vacib məsələlərdən biri də onun mənzil sahibi olmasıdır. Mənzil insanın rahat yaşayışını, sağlamlığını və ailə xoşbəxtliyini təmin edən əsas amildir.
Ali Məclisin Sədri yeni mənzillə təmin olunanları təbrik etmiş, onlara sağlam və firavan həyat arzulayaraq demişdir: Bu tədbirlər ölkəmizdə həyata keçirilən dövlət-xalq siyasətinin tərkib hissəsidir. Hər bir ölkənin inkişafı üçün, ilk növbədə, ictimai-siyasi sabitlik və iqtisadi inkişaf olmalıdır. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın əsası qoyulmuşdur. Bundan sonra ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoymuş, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Əgər Milli Qurtuluş Günü olmasaydı, ölkəmizin bugünkü inkişafını təmin etmək də mümkün olmazdı. Bu gün ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə inkişaf proqramları qəbul olunaraq həyata keçirilir, yeni xəstəxanalar, məktəb binaları tikilir, yollar çəkilir, əhalinin rifahı yaxşılaşdırılır. Yeni yaşayış binalarının tikilməsi və insanların mənzil şəraitinin yaxşılaşdırılması da ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Ali Məclisin Sədri demişdir: Bu gün mənzillə təmin olunanlar əvvəllər lazımi şəraiti olmayan binalarda yaşayırdılar. Ötən əsrin əvvəllərində tikilən binalar bugünkü tələblərə cavab vermirdi. Ona görə də həmin binalar söküldü və Naxçıvan şəhərində müvafiq ərazi seçilərək yeni yaşayış binası tikildi. Sakinlərin yeni mənzillərlə təmin olunması dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Bu tədbirlərin həyata keçirilməsi üçün ölkədə, ilk növbədə, sabitlik və iqtisadi inkişaf olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev bu amili nəzərə alaraq deyirdi ki, hər bir ölkənin inkişafı üçün, birinci növbədə ictimai-siyasi sabitlik təmin olunmalı və bundan sonra iqtisadi islahatlar həyata keçirilməlidir.
Ali Məclisin Sədri demişdir: Bu gün yeni mənzillərin təqdim olunması ilə 28 ailənin rahat yaşayışı təmin olundu. Rahat yaşayışın təmin olunması isə insanların işlədiyi yerlərdə daha səylə çalışmasına, ölkəmizin inkişafına töhfələr verməsinə imkan verəcəkdir. Ölkəmizin inkişaf etməsi isə bundan sonra da quruculuq tədbirlərinin davam etdirilməsinə, yaşayış məntəqələrinin daha da abadlaşmasına, yeni iş yerlərinin açılmasına və insanların rahat yaşayışına xidmət edəcəkdir. Ona görə də yeni mənzillə təmin olunanlar tikilənləri qorumalı, yaradılan şəraitdən səmərəli istifadə etməlidirlər.
Ali Məclisin Sədri qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə sakinləri təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 8 mərtəbəli binada 21-i ikiotaqlı və 7-si üçotaqlı olmaqla, 28 mənzil vardır. Binadakı mənzillərin sahəsi ikiotaqlılarda 69, üçotaqlılarda isə 97 kvadratmetrdir. Mənzillərdən 1-i şəhid ailəsinə, 26-sı isə Heydər Əliyev prospektində sökülmüş iki binanın sakinlərinə verilmişdir. Bütün mənzillər təmir olunmuş və fərdi istilik sistemi quraşdırılmışdır. Binanın zirzəmi qatında isə hər birinin sahəsi 170 kvadratmetr olan 2 kommersiya obyekti və 1 bərbərxana yerləşir.
Ali Məclisin Sədri şəhid Orxan Quliyevin ailəsinə verilən mənzilə baxmış, şəhidin ailə üzvləri ilə görüşmüş və onların qayğıları ilə maraqlanmışdır.
Bina ilə tanışlıqdan sonra sakinlərlə söhbət edən Ali Məclisin Sədri ərazinin Naxçıvan şəhərinin abad guşələrindən birinə çevrildiyini bildirmiş, onları bir daha təbrik etmişdir.
Binanın həyətində də geniş abadlıq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti