Müstəqillik ideyaları, müstəqil dövlət quruculuğu prosesi kimi, müstəqil mətbuatın
da əsası Naxçıvanda qoyulmuşdur
1988-ci ildən etibarən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı milli şüur və təfəkkürdə bir sıçrayış yaratdığı kimi, xalqın əsas xitabət kürsüsü olan mətbuata da yeni ab-hava gətirir. Lakin uzun illər sovet senzurasının məngənəsində “boğulan” mətbuatın demokratikləşməsi, söz, mətbuat azadlığının formalaşması zaman və qətiyyət tələb edirdi. İftixarla demək olar ki, milli müstəqillik ideyaları, müstəqil dövlət quruculuğu prosesi kimi, müstəqil mətbuatın da təməli böyük dövlətçilik tarixinə malik Naxçıvan Muxtar Respublikasında qoyulmuşdur.
1990-cı ilin yanvarında paytaxt Bakıda suveren, demokratik bir dövlət yaratmaq arzusu ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən dinc əhalinin qətliamı törədildi. Rus-erməni qoşun birləşmələrinin Bakı şəhərində törətdiyi Qanlı Yanvar hadisələri yalnız yüzlərlə soydaşımızın qanının axıdılması ilə nəticələnmədi. Ermənipərəst sovet hökumətinin rəhbərliyi ilə hazırlanan plana Naxçıvanın ermənilər tərəfindən işğalı da daxil edilmişdi. Naxçıvanın vətənpərvər, qeyrətli oğulları canlarını düşmən qarşısında sipər edib yurdumuzu erməni işğalından xilas etməklə mənfur düşmənin Naxçıvana yiyələnmək arzusunu gözündə qoydu. Həmin dövrdə blokada şəraitində yaşayan diyarımız həm də azadlıq mübarizəsinin mərkəzinə, sonrakı illərdə – ümummilli lider Heydər Əliyevin burada siyasi fəaliyyətə başlaması ilə həm də milli müstəqillik hərəkatının idarəedici qüvvəsinə, siyasi beyin mərkəzinə çevrildi.
Zülm və əsarətə, haqsızlığa qarşı mübarizəyə qalxmış naxçıvanlıların tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il yanvarın 20-də Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında Qərar verdi. Qərar Naxçıvan televiziyası, eləcə də rabitə işçilərinin yaratdığı imkan vasitəsilə radio ilə orta dalğada beş dildə dünya ictimaiyyətinə çatdırıldı. Bu, tarixin 70 illik əsarətin buxovlarından xilas olub azadlıq ideyalarına qovuşmaq fürsətini layiqincə dəyərləndirmək cəhdi idi. Bir qrup naxçıvanlı ziyalı da bundan ruhlanaraq hadisələri obyektiv və operativ şəkildə geniş kütləyə çatdırmaq məqsədilə muxtar respublikanın rəsmi dövlət qəzeti olan “Şərq qapısı”nı müstəqil nəşr etdirmək qərarına gəldi. Qəzetin baş redaktoru və redaksiya heyəti mürəkkəb siyasi vəziyyətdə icazə və göstəriş olmadan muxtar respublikanın rəsmi mətbu orqanı “Şərq qapısı” qəzetini müntəzəm şəkildə müstəqil qəzet kimi nəşr etdirməyin mümkünsüz olduğunu yaxşı dərk edirdi. Lakin müstəqil dövlətdə azad yaşamaq ideyası, demokratiyaya olan təşnəlik bütün qorxu və tərəddüdlərə üstün gələrək hər cür təqib və məhrumiyyətlərə düçar olmaq riskini üstələdi. Bir qrup ziyalı, qələm sahibi böyük fədakarlıqla bu mühüm tarixi missiyanı, şərəfli və məsuliyyətli yükü öz üzərlərinə götürdü. Beləliklə, Fəsahət Əlioğlu, Əli Şamilov, Qahirə Hüseynova, Yadulla Musayev, Namiq Cəlilov, Afiq Haqverdiyev kimi vətən fədailərindən ibarət redaksiya heyəti Sovetlər Birliyində ilk müstəqil qəzet nəşr etməyə nail oldular.
“Şərq qapısı” qəzetinin 19 yanvar 1992-ci il tarixli 8-ci nömrəsində müstəqil qəzetin meydanagəlmə zərurəti haqqındakı xatirələrdən oxuyuruq ki, müstəqil qəzet nəşri ideyası Naxçıvan MSSR Ali Sovetinin “Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması haqqında” Qərarının “Şərq qapısı” qəzetinin 20 yanvar tarixli nömrəsində dərc edilməsi məsələsi ilə başlamışdır. Həmin tarixi qərarın qəbul edilməsindən bir saat sonra mətbəə işçiləri yığışır. Ali Sovetin qərarını Namiq Cəlilov, Yaşar Seyidov, Rəfael İlyasov, Tofiq Seyidov tarixi qərarı rus dilinə tərcümə edirlər. Ancaq Ali Sovetin qərarını və əvvəlcədən nəzərdə tutulmuş materialları dərc etmək qərara alınır. Həmin gün növbəti nömrə üçün nəzərdə tutulan materialların içərisində Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi M.S.Qorbaçovun məruzəsinin də yer alması redaksiya rəhbərliyini qane etmədiyindən kiçik formatlı bir qəzet nəşr etdirmək qərarlaşdırılır. Birinci səhifə tərtib edilir, “Bütün ölkələrin proletarları, birləşsin!” şüarı və qəzetin adının yanında olan “Şərəf nişanı” ordeninin fotosu qəzetin başlığından götürülür, digər səhifələrdə də müvafiq material verilir. Müstəqil Naxçıvan Respublikasının ilk qəzeti “Şərq qapısı”nın ilk nömrəsi belə ərsəyə gəlir.
Bu məqamda bütünlükdə mətbuat tariximiz üçün çox mühüm əhəmiyyət kəsb edən bir tarixi faktın üzərində dayanmaq olduqca zəruridir. “Şərq qapısı” qəzetinin bəhs etdiyimiz ilk müstəqil nömrəsindən etibarən kommunist ideologiyasının, marksist nəzəriyyənin rəmzinə, SSRİ-nin dövlət şüarına çevrilmiş, bir əsrə yaxın sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı qəzetin başlığından götürülmüş, “Birlik və demokratiya uğrunda!” şüarı ilə əvəz olunmuşdur. Onilliklərboyu xalqlar həbsxanasına çevrilmiş, artıq məhvə məhkum olsa da, müstəmləkəçilik siyasətini heç bir vəchlə güzəştə getməyən sovet imperiyasının daha da azğınlaşdığı bir dövrdə SSRİ-nin əsas dövlət şüarından imtina etmək, milli birlik, demokratiya uğrunda mübarizə məqsədini bəyan etmək böyük hünər və cəsarət tələb edirdi. Digər tərəfdən 1971-ci ildə, “Şərq qapısı”nın 50 illik yubileyində təltif olunduğu, SSRİ-nin ən ali dövlət mükafatlarından biri –“Şərəf nişanı” ordeninin fotosu da qəzet başlığından götürülmüşdür. Qeyd edək ki, qəzetin belə bir yüksək mükafat ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi. Bu da tarixi qanunauyğunluq idi ki, mətbuatın məhz ümummilli liderin təşəbbüsü ilə verilən belə bir mükafatdan imtina etməsi sovet müstəmləkəçiliyinə kəskin etiraz olmaqla yanaşı, uzun illər Kommunist Partiyasına sədaqətlə xidmət etmiş, ən yüksək vəzifələrdə çalışmaqla sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini vermiş görkəmli dövlət xadimi Heydər Əliyevə qarşı sovet rəhbərliyinin ağır təqib və ittihamlarına da sərt və tutarlı cavab idi. Bir məsələni də nəzərə almaq lazımdır ki, belə bir qətiyyətli addım həmin dövrdə hətta ayrı-ayrı xalqların hələ totalitar sovet rejiminin məngənəsindən çıxa bilmədiyi, azərbaycanlıların Kommunist Partiyası sıralarından çıxıb partiya biletindən imtina etmələri geniş vüsət almadığı bir dövrdə, özü də Şərqin qapısı, Avropa ilə Asiyanın qovuşacağında yerləşən, Türkiyə və İranla həmsərhəd olan bir diyarda atılmışdı. Belə bir coğrafi strateji məkanda yerləşən Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı kimi “Şərq qapısı”nın dünyada yayılmaq imkanları geniş olduğu üçün geniş oxucu kütləsinə ideoloji təsir gücünə malik idi. Bu faktlar ilk müstəqil qəzetin muxtar respublikada nəşri kimi tarixi hadisənin siyasi əhəmiyyətini, dövlətçilik tariximizdəki rolunu bir daha təsdiq edir. Naxçıvan mətbuatının bu qətiyyətli addımı həm də 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün – yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi günlərə təsadüf etmişdir ki, naxçıvanlıların, daha geniş mənada Azərbaycan xalqının ümummilli liderlə həmrəyliyinin ilk bariz nümunəsi idi.
On min tirajla nəşr olunan qəzetin ilk nömrəsi Naxçıvan Müstəqil Respublikasının, sonrakı 7 nömrəsi isə Naxçıvan Respublikasının mətbuat orqanı kimi oxuculara təqdim olunur. Uzun illər bəzi “ziyalılar” tərəfindən əyalət qəzeti kimi baxılan “Şərq qapısı” müstəqil mətbuat kimi tezliklə, bütövlükdə, 70 il əsarətə məhkum edilən, bütün hüquq və azadlıqları əlindən alınan, azadlıq ideyaları boğulan bir xalqın söz tribunasına çevrilir.
Müstəqil qəzetin 20 yanvar 1990-cı il tarixli ilk nömrəsində Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsi haqqında Qərar Azərbaycan və rus dillərində verilir. Həmin nömrədə iki gün ərzində aramsız davam edən Sədərək döyüşləri, Sədərək Şərab Zavodunun, mebel sexinin, yeni qəsəbənin və sair ərazilərin düşmən tərəfindən dağıdılması, şəhid verməyimiz haqqında məlumat da yer almışdır. Növbəti gün bazar gününə təsadüf etməsinə baxmayaraq, qəzetin ikinci nömrəsi fədakarlıqla nəşrə hazırlanır, dərc olunacaq materialları hazırlamaq çətin olmur. Çünki insanlar uzun illərdən sonra rus imperiyasının buxova çevrilmiş kommunist rejiminə qarşı nifrətlərini, azadlıq məramlarını ifadə etmək üçün söz tribunası qazanmışdılar. Nömrələr bir-birini əvəz etdikcə yazıların da mənası dolğunlaşır, qəzetin xətti müəyyənləşir, müəlliflərin sayı artırdı.
Formatının kiçik olmasına baxmayaraq, cəbhə xəttində, eləcə də Bakıda baş verən hadisələri tam dolğunluğu ilə operativ şəkildə təqdim edən gündəlik qəzetin ikinci nömrəsi Azərbaycan və rus dillərində “Dünya xalqlarına müraciət” ilə başlayır. Müraciətdə deyilir: “Azərbaycan xalqı misligörünməmiş təcavüzə məruz qalmışdır. Naxçıvan Respublikasında hər an kütləvi qırğın baş verə bilər... Dünya dövlətləri, planetin bütün vicdanlı insanları, bizə kömək əlinizi uzadın! Azərbaycan türklərinin qanının axıdılmasına yol verməyin!” (22 yanvar 1990-cı il, № 2).
Bir faktı da qeyd etmək zəruridir ki, hadisələrin gedişi ilə əlaqədar qəzetin, demək olar ki, hər nömrəsində müxtəlif müraciətlər verilmişdir: “Naxçıvan vətəndaşlarının BMT-nin üzvü olan dövlətlərə, İslam ölkələrinə, demokratik qruplara və təşkilatlara müraciəti” (20 yanvar 1990-cı il, № 1), “Naxçıvan Respublikası qadınlarının dünya qadınlarına müraciəti” (23 yanvar, 1990-cı il, № 3), “Naxçıvan şəhər qadınlarının Naxçıvan qarnizonu hərbçilərinin qadınlarına müraciəti” (24 yanvar 1990-cı il, № 4), “Naxçıvan ziyalılarının dünya xalqlarına müraciəti” (25 yanvar 1990-cı il, № 5), “Naxçıvan “Tövbə” cəmiyyəti Ağsaqqallar Şurasının müraciəti” (27 yanvar 1990-cı il, № 7). Azərbaycanda baş vermiş faciələrin əsl mahiyyətini, erməni şovinistlərinin törətdiyi cinayətləri dünyaya bəyan edən, asayişin və əmin-amanlığın bərpasına çağırış xarakterli bu müraciətlər muxtar respublikanın, həqiqətən də, o zamanlar milli müstəqillik uğrunda mübarizə mərkəzinə çevrilməsinin, naxçıvanlıların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həmrəylik nümayiş etdirməsinin bariz nümunəsidir. Bu müraciətlərin “Şərq qapısı”nda dərc olunması faktı isə özlüyündə qəzetin ictimai-siyasi dəyərini bir daha təsdiqləyir.
Müstəqil qəzetdə verilən hər bir material tarixi əhəmiyyəti ilə seçilir. Lakin onlardan bir neçəsini xüsusi qeyd etmək lazım gəlir. Belə yazılardan şair, publisist Hüseyn Razinin qəzetin ikinci sayında təqdim etdiyi “Xəyanət və qəddarlıq fəlsəfəsi” publisistik məqaləsi (22 yanvar 1990-cı il, № 2) xüsusi maraq doğurur. Şair siyasi hadisələr burulğanında boğulmağa məhkum olunmuş xalqın başına açılan müsibətlərdən bəhs edir, saxta sosialist inqilabının Azərbaycana gətirdiyi “bəhrələr”in hüquqsuzluq, zorakılıq, talançılıq və insan şəxsiyyətinə qarşı qəddarlıqdan ibarət olduğunu, sinfi mübarizə poladından tökülmüş mərmilərin bizə tuşlandığını yazır, Qorbaçovun quldur erməni mafiyasının çarmıxına düşdüyünü, qəddarlıq və xəyanətkarlıq uçurumuna yuvarlandığını cəsarətlə bəyan edir. Müəllif faciələrin təməlinin xəyanət, satqınlıq olduğunu düşünür və məqaləsini nikbin misralarla tamamlayır:
Xəyanət nə qədər pərdələnsə də,
Onu, zülmət olub göydən ensə də,
Günəşin qüdrəti yerdən parçalar!..
Qəzetdə müxtəlif imzalara da rast gəlmək mümkündür. Bu fakt bir daha onu təsdiqləyir ki, qəzetlə əməkdaşlıq edən İsa Həbibbəyli, Fərman Xəlilov, Muxtar Qasımzadə, Adil Qasımov, Cəfərqulu Paşayev, Ceyran xanım Nəbiyeva, Möhsün Şərifoğlu, Həmid Arzulu, Asim Yadigar və adlarını qeyd etmədiyimiz onlarla yaradıcı insan müstəqillik uğrunda gedən mübarizənin bayraqdarı olan mətbu orqanın ümummilli mənafeyə xidmət etmək arzusunu gerçəkləşdirən qüvvələrə çevrilmişdir.
Qəzetlə əməkdaşlıq edən hər bir qələm sahibi insanlarda mübariz hərbi-vətənpərvərlik ruhu formalaşdıran, dost və düşmənlərimizi yaxından tanıdan, erməni siyasətinin iç üzünü ifşa edən, eyni zamanda tutarlı tarixi, elmi araşdırmalara söykənən aktual yazılarla çıxış edirdi.
Qəzetin 27 yanvar tarixli 7-ci nömrəsində ziyalılardan Yavuz Axundov, İsa Həbibbəyli və Arif Əliyevin birgə təqdim etdikləri M.S. Ordubadinin “Qanlı illər” əsərindən Naxçıvanla bağlı bəzi məqamlar “Bu günlə səsləşən faciələr” sərlövhəli giriş məqaləsi ilə təqdim olunur. “Bir az da tarixdən” rubrikası ilə verilən materialın təqdimatında bildirilir ki, XIX əsrin sonları – XX əsrin əvvəllərindən Daşnaksutyun partiyasının rəhbərliyilə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək uğrunda qanlı faciələr törədilmiş, bu tarixi həqiqətlərin gizlədilmiş, üzə çıxarılanları millətçi damğası ilə ləkələmişlər. Bununla bağlı obyektiv elmi-publisist mənbələrdən biri də M.S.Ordubadinin “Qanlı illər” əsəridir. Əsərdən “İfadeyi-məram” adlı bir parçanı “Şərq qapısı” oxucularına təqdim edən ziyalılarımız yazırlar: “Qanlı sənələr”, bütövlükdə, Zaqafqaziya regionunda, daha çox Azərbaycandakı daşnak fitnəkarlığının səbəbləri, gedişatı və qanlı nəticələri haqqında hələlik ən irihəcmli və obyektiv əsərdir. Həmin əsər təkcə 1905-1907-ci illərin faciələrini realistcəsinə, tarixi faktlar əsasında əks etdirməsi deyil, həm də son illərin dəhşətli faciələri ilə həmahəng olduğuna görə də aktual və müasir səslənir”.
Qeyd edək ki, “Şərq qapısı”nda təqdim olunan parçalar 1911-ci ildə Bakıda əski əlifba ilə nəşr olunan “Qanlı illər”in 79 ildən sonra Azərbaycan mətbuatında ilk dəfə işıq üzü görməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qəzetin müstəqil nömrələrində dərc olunan müsahibələr aktuallığı ilə xüsusi maraq kəsb edir. Azərbaycan SSR Xarici İşlər Naziri Hüseynağa Sadıqovla İran İslam Respublikası sərhəd zonasında yaşayanların gediş-gəlişlərinin sadələşdirilməsi ilə bağlı müsahibə (20 yanvar 1990-cı il, № 1) bu baxımdan maraq doğurur. “Azərbaycan SSR-in mənafeyi naminə” sərlövhəsi ilə Azərinformun Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsinin müdiri, Əməkdar hüquqşünas Abdulla İbrahimovdan aldığı müsahibə təqdim olunur. Mərkəzi informasiya agentliyinin SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanla bağlı “Biz fövqəladə vəziyyət haqqında fərmanı muxtar vilayətə silah yeritmək sahəsində Ermənistan SSR-in ardı-arası kəsilməyən təcavüzkar hərəkətlərinin, habelə müəyyən rayonlara silahlı basqınlarının qarşısını almaq üçün bilavasitə təminat kimi qiymətləndirməliyik. Bir sözlə, fərmanın müddəalarının tamamilə və ciddiyyətlə həyata keçirilməsi, nəhayət, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində sovet hakimiyyətinin sarsılmazlığını təsdiq etməli” fikirlərinə “Şərq qapısı” redaksiyasının münasibəti belə olur: “Bəli, məhz bugünkü hadisələrin məsuliyyəti Moskvanın verdiyi fərmanları mədh edən İbrahimovların üzərinə düşməlidir. Belə məddahlar xalqın nifrətinə layiqdirlər”. `
“Biz sizinləyik” (21 yanvar 1990-cı il, № 2) adlı material da mühüm tarixi faktla diqqətimizi çəkdi. Gürcüstanın Axalkalaki şəhərindən olan, ordu sıralarında qulluq edən 4 gürcü gənci Culfaya gətirilərək sərhədə toplayıb, onları Naxçıvanda yaşayan dinc əhaliyə qarşı silahlandırmaq istəsələr də, onlar mətbuata müsahibələrində bildirmişlər ki, “Biz öz milli bütövlüyü uğrunda ədalətin bərpa olunmasını tələb edən Azərbaycan xalqının üstünə silah qaldırmaq istəmirik”. Bu, gürcü xalqının ədalətli, humanist, sülhsevər mövqeyinin bir ifadəsi kimi maraq doğurur.
“Şərq qapısı” qəzetinin müstəqil qəzet kimi nəşr olunan nömrələrinə nəzər yetirdikdə görərik o, müstəqil qəzet kimi o zaman sovet hökumətinin “parçala və hökm sür!” siyasətinin ifadəsi olaraq mərkəzi kütləvi informasiya orqanlarının Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, təxribatçı informasiya yayımına qarşı cəsarətlə mübarizə aparan bir mətbuat olmuşdur. Xüsusilə də Mərkəzi televiziyanın “Vremya” (“Zaman”) informasiya proqramının qərəzli süjetlərinə, burada səslənən yalan və böhtan dolu informasiyalara qarşı təkzib xarakterli materiallar, demək olar ki, qəzetin hər nömrəsində dərc olunmuşdur. “Zaman”da Sədərəkdə baş verən hadisələrdə Azərbaycan xalqının günahlandırılması və qəsbkar kimi təqdim etməyə çalışılması, Azərbaycan xalqına böhtan yağdırılması (21 yanvar 1990-cı il, № 2), İlqar Babayevin rus dilində dərc olunan “Qnusnaya loj” (“Ağ yalan”) məqaləsində (21 yanvar 1990-cı il, № 2) “Zaman” proqramında Nazaryanın müsahibəsində Naxçıvan MSSR sərhədlərindən azərbaycanlıların ermənilərə hücumu kimi böhtan və iftirası təkzib və tənqid olunur.
Samir imzalı müəllifin “Özünə sadiqsən, “Zaman” (26 yanvar 1990-cı il, № 6) məqaləsində isə qeyd olunur ki, Mərkəzi televiziya Bakının işğalını Ermənistan-Azərbaycan münaqişəsini sabitləşdirmək addımı kimi təqdim edir. Müəllif Azərbaycan paytaxtına xarici müxbirlərin heç birinin buraxılmadığını yazır. Azərbaycan SSR Ali Sovetinin sessiyası, Liqaçov və Razumovskinin Bakıya gəlməsi, Naxçıvan MSSR Ali Sovetinin məlum qərarı haqqında “Zaman”da məlumat verilməməsi isə qeyri-obyektivlik kimi qınanılır.
Peşəkar yazıçı-jurnalist Möhsün Şərifoğlu “Vətən candan əzizdir” adlı publisistikasında (22 yanvar 1990-cı il, № 3) yazır ki, Mərkəzi televiziya Bakıdan köçən ermənilərə yas tutur, Dağlıq Qarabağ Xüsusi İdarəetmə Komitəsinin ləğvi ilə bağlı Azərbaycan Televiziyasının Naxçıvan müxbirinə müsahibə versə də, “Günün ekranı” xəbərlər proqramında getmir. Minlərlə insanın iştirak etdiyi sərhəd hərəkatının iştirakçıları “Zaman” proqramında sərxoş, narkoman kimi qələmə verilərək xalqımıza iftira və böhtan atılır, mərkəzi mətbuatda Azərbaycan xalqının əleyhinə yönəlmiş qərəzli materiallar dərc olunur.
Bütün bunlar təsdiq edir ki, “Şərq qapısı” əməkdaşları, ziyalılarımız muxtar respublikada, blokada şəraitində, xüsusilə də informasiya blokadası şəraitində yaşayıb-yaratsalar da, ölkədə baş verən hadisələri müntəzəm izləmiş bununla yanaşı, həm də rusdilli kütləvi informasiya vasitələrini yetərincə izləyib analitik təhlil etmək qabiliyyətinə malik olmuş, eyni zamanda bir peşəkar kimi jurnalistikanın prinsiplərinə dərindən bələd olaraq həmkarlarını da obyektivlilik, qərəzsizlik, fakta dəqiqlik kimi prinsipləri qorumağa çağırmışlar.
Cəmi səkkiz nömrəsi işıq üzü görən qəzetdə təqdim olunan mövzuları janr etibarilə də qruplaşdırmaq mümkündür: məqalə, müsahibə və xəbərlər, münasibət, müraciətlər, tarixi arayış, dünya mətbuatından səhifələr, teleqramlar və sair.
25 yanvar 1990-cı il tarixli 5-ci nömrədə dərc olunan, cəbhədən gələn məktubda, hətta döyüş bölgəsində müstəqil qəzetin böyük səbirsizliklə gözlənildiyi qeyd edilir, qəzetin nəşri birlik və demokratiya uğrunda atılmış ilk addım kimi dəyərləndirilir. Sovet ideologiyasının acı nəticələrini öz tarixi-fəlsəfi düşüncələri ilə izah etməyə çalışan müəllif, atışma sədaları altında fikrini belə yekunlaşdırmağa məcbur olur: “Hava telefonumuzun cingiltili zəngi məni bu ağır düşüncədən ayırdı. Müşahidəçimizin təlaşla dediyi “qarşı tərəfdən avtomat səsləri eşidilir” sözlərini eşitcək, hamı müdafiə mövqeyinə tələsdi”.
Müstəqil qəzet, mühüm siyasi-tarixi prosesləri təkcə mətnlərin dili ilə deyil, mövcud nəşriyyat-poliqrafiya imkanları çərçivəsində fotojurnalistikanın da gücündən, vizual təqdimat funksiyasından istifadə etməklə də oxuculara çatdırmışdır. Qəzetin fotomüxbiri Aftandil Ağalarovun lentə aldığı maraqlı fotoşəkillər qəzeti oxunaqlı etməklə bərabər, eyni zamanda şəkilaltı yazıları ilə də diqqəti cəlb edir: “30 ilə yaxındır, fotoaparat əlimdədir... Saysız-hesabsız, cürbəcür məqamları obyektivə almışam... Bu illər ərzində obyektivi çəkəcəyim süjetə, çəkəcəyim ana tuşlarkən bir dəfə də olsun, əllərim titrəməyib. Tale mənə ömrümün bu qışında ürəyimi didib-parçalayan, gözlərimə yaş gətirən bu anları çəkməyi də məsləhət gördü... Şəkillərin əksi pis çıxarsa, bağışlanmağımı xahiş edirəm. Çünki onların aşkarlayıcı dərmanına göz yaşları qarışıb” (26 yanvar 1991-cı il, № 6 ).
27 yanvar 1990-cı il tarixli 7-ci nömrədə isə növbəti foto belə bir təqdimatla verilmişdir: “Ermənistanda çəkilmiş foto: “Erməni daşnaklarının tör-töküntüləri olan bu dığalar havadarları tərəfindən hədiyyə aldıqları silahlarla çox da öyünməsinlər. Onlar gec-tez haqqın-ədalətin qarşısında cavab verməli olacaqlar”. Bundan başqa, 20 Yanvar faciəsi ilə bağlı tarixi fotolar, Sədərək şəhidlərinin fotoları da qəzetdə yer almışdır.
Müstəqil qəzetin 26 yanvar tarixli 6-cı sayında redaksiya heyətinin oxuculara qəzetlə əməkdaşlıq etmələri üçün dərc olunan müraciəti bu arzu ilə yekunlaşırdı: “Çalışaq ki, fidan “Şərq qapımız” qollu-budaqlı, köklü-köməcli çinara dönsün. Bu çinarın təzə-tər yarpaqları güneyli-quzeyli Azərbaycanımıza həzin-həzin, kövrək-kövrək nəğmələr oxusun. Azadlıq və birlik nəğmələri...”
Təəssüf ki, yaradıcı heyətin qəzetlə bağlı bəslədiyi bu böyük ümidlər yarımçıq qalır. Rus əsgərlərinin Naxçıvana doğru hərəkət etdiyi haqqında məlumatların yayılmasına baxmayaraq, tanınmış jurnalist Əli Şamilovun mənəvi dəstəyi ilə əməkdaşlar bütün gecəni yuxusuz qalsalar belə, qəzetin 8-ci nömrəsini dərc etməyə nail olurlar. Lakin 28 yanvar 1990-cı il Naxçıvanda ilk müstəqil qəzetin nəşr olunduğu son tarixi gün olur.
Bu haqda qəzetlə qısa müddətdə əməkdaşlıq edən Namiq Cəlilov 2 il sonra “Şərq qapısı” qəzetində yazırdı: “Şərq qapısı”nın 8-ci nömrəsinə növbətçilik etmək mənə həvalə olunmuşdu. Ağlıma belə, gəlməzdi ki, bu qəzetin son nömrəsi olacaq” (19 yanvar 1992-ci il, № 8). Namiq Cəlilov xatirələrində yazır: “Mətbəə işçiləri Lətafət və Mətanətin böyük səyi nəticəsində nömrəni çapa hazırlaya bildik. Səhərisi redaksiyada yığıncaq oldu. Partiya komitəsindən gəlmiş nümayəndə burada çıxış etdi. Dedi ki, “Şərq qapısı” yenidən partiya və hökumətin orqanı kimi çıxmalıdır. Əvvəlki kimi böyük formatla, “Şərəf nişanı” ilə. Mətbəənin imkanı olarsa, “kiçik” qəzeti də paralel şəkildə çıxarmaq olar. Mətbəənin imkanı, əlbəttə, olmadı. “Böyük qəzet” yenidən fəaliyyətə başladı. Köşklərin qarşısında isə növbələr qısaldı. Naxçıvanlılar az müddətdə oxucu məhəbbəti qazanmış “kiçik qəzet”i gözləyirdilər”.
Naxçıvan Respublikasının müstəqillik mövcudiyyətinə son qoyulması istiqamətində aparılan siyasət, cərəyan edən siyasi hadisələr, təbii ki, mətbu orqanın nəşrini də dayandırır. Lakin Sovetlər Birliyində müstəqil qəzet kimi nəşr olunan “Şərq qapısı” qəzetinin səkkiz nömrəsi qanla yazılan qələmin, fədakar qələm sahiblərimizin milli cəsarət və təşəbbüskarlığının, əvəzsiz əməyinin, yuxusuz gecələrinin, bəhrəsi kimi tarixə çevrilir.
1990-cı ilin iyulunda dahi öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, burada Ali Məclisin Sədri vəzifəsində işləməsi, Azərbaycanın gələcək müstəqillik müqəddəratını həll etmək baxımından tarixə qızıl hərflərlə yazılmış siyasi fəaliyyəti muxtar respublikada jurnalistikanın, eləcə də “Şərq qapısı” qəzetinin demokratik prinsiplər, milli ideologiya üzərində inkişafına rəvac verir. Müstəqillik əldə etdiyimiz 30 il ərzində ulu öndərin əsasını qoyduğu söz və mətbuat azadlığı, media siyasəti, kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı muxtar respublikada da uğurla həyata keçirilir. Bunun ən bariz nümunəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam imzalaması, bununla bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını bir daha əyani şəkildə göstərməsi, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm rolunu yüksək qiymətləndirməsidir. Bu Sərəncam həm də qəzetin nəşri tarixində, “Şərq qapısı”nın müstəqillik, demokratiya, Azərbaycançılıq ideologiyasının əsl təbliğatçısına çevrilməsində müstəsna xidmətləri olan jurnalistlərimizin, ziyalılarımızın tarixi fəaliyyətinə verilən ən yüksək dəyərdir.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti