İcmal
Ötən ayın ümumi mənzərəsi bu qənaətə gəlməyə əsas verir
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf, elm, təhsil, innovasiya sahəsində yenilikçi ideyaların gerçəkləşdirilməsi, əhalinin rifah səviyyəsinin davamlı artırılması müasir tariximizə yeni-yeni uğurların yazılması ilə öz bəhrəsini verir. Bu gün muxtar respublikanın paytaxt Naxçıvan şəhərindən ən ucqar bölgələrə doğru şaxələnən quruculuq tədbirləri bu qədim diyarın sabahla döyünən həyat ritmi, daha firavan gələcəyin yaxınlaşan addım səsləridir. Bunu ötən ayın ictimai-siyasi mənzərəsi də aydın əks etdirir.
İçməli su şəbəkəsi rahat
həyat tərzinin başlıca təminatıdır
Muxtar respublikada sosial-iqtisadi islahatların reallaşdırılması zamanı əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələ kimi götürülür, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Bu istiqamətdə aparılan çoxsaylı tədbirlərdən Culfa rayonunun Yaycı kəndinə də pay düşüb. Bir neçə il bundan əvvəl həmin kənddə ərazilərin suvarılması üçün 3 nasos stansiyası qurulub, bütün inzibati binalar yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib, kənd sakinlərinin istifadəsinə verilib. İçməli su probleminin birdəfəlik öz həllini tapması bütün kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanır.
Avqustun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaycı kəndində qurulacaq içməli su şəbəkəsinin layihəsinə baxıb. Məlumat verilib ki, layihəyə əsasən 1950 evə su verilərək sayğac quraşdırılacaq. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su veriləcək. Bununla da kənd sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqlar. Ali Məclisin Sədri çıxış edərək Gilançayda tikiləcək kaptajdan 14 kilometrə yaxın aparıcı xətt və kənddaxili 140 kilometrə yaxın daxili su xətti çəkilməsini böyük layihə kimi dəyərləndirib, texniki-mühəndis qaydalarına əməl olunmaqla işlərə başlanılması və keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Tərəfdaş dövlətlərlə əməkdaşlıq
inkişafa meyillilik məramından irəli gəlir
Müstəqil dövlətçiliyi, iqtisadi inkişaf tempi, regionda hərbi-siyasi, iqtisadi cəhətdən söz sahibi olan Azərbaycanın beynəlxalq əlaqələr sistemində onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri var. Naxçıvanın hərtərəfli inkişafı ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrin şaxələnməsinə geniş üfüqlər açır. Muxtar respublikada sabit iqtisadi sistemin yaradılması, iqtisadi potensialın hər il sürətlə artması isə elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə dünya dövlətlərinin təmsilçilərində maraq yaradır. Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə, avqustun 16-da isə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Muxtar respublika rəhbəri israilli diplomatla ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib. Görüş zamanı qarşılıqlı maraqdoğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, kommunikasiyaların bərpasından sonra əlaqələr müxtəlif sahələrdə genişlənəcək.
Strateji yüksəkliklərdəki güclü
vətənpərvərlik ruhu, müdafiə qüdrəti
dövlət-ordu birliyinin möhtəşəm
təcəssümüdür və ya Vətən sevgisinin
hərarəti ilə isinən döyüş mövqelərimizdə
İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının şücaəti bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər nəticəsində burada yaradılan peşəkar hərbi potensial nəinki qədim diyarımızı etibarlı şəkildə müdafiə etmək qüdrətinə malikdir, həm də bütövlükdə, ərazi bütövlüyümüzün təmin olunmasında öz sözünü deməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Muxtar respublikada aparılan məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində yüksək dağlıq ərazilərdə yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.
Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müasir xidmət şəraiti yaradılıb.
Mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.
Sərhəd bölgəsində yerləşən hərbi hissələrə, yüksəkliklərə dəfələrlə gələrək buradakı xidmət şəraiti ilə şəxsən maraqlanmaqla hərbçilərimizə böyük mənəvi stimul olan Ali Məclisin Sədri avqustun 18-də Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: “Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir”.
Əsgər və zabitlər göstərdiyi diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirdilər. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.
Ərazinin etibarlı müdafiəsi həm də asayişin bərqərar olduğu yerdə firavan həyat deməkdir, Ordubad rayonunun ərazisində yerləşən Təkəqaya yaylaqlarında heyvandarlar üçün geniş imkanlar yaradılıb, ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil edilir. Avqustun 18-də Ali Məclisin Sədri Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb. Yaradılan şəraitə görə oba sakinləri dövlətimizə minnətdarlıq ediblər.
Sonra Ali Məclisin Sədri Zəngəzur silsiləsinə baxıb, Ordubad çayını qidalandırmaq üçün Zəvvar arxında aparılan təmizlik-bərpa işləri ilə də maraqlanıb. 2016-cı ildə bərpa olunan Zəvvar arxında hazırda təmizləmə, genişlətmə və bərkitmə işləri görülür. Arxın əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib ki, bu arx vasitəsilə nə qədər insan əkin işləri ilə məşğul olur. Həmçinin Əylis kəndindəki kəhrizlərdə sular artmaqla bərabər, taxıl əkilməyən yerlər də artıq əkilir. Ona görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verildi ki, arxda təmizləmə işləri həyata keçirilsin. Ali Məclisin Sədri görülən işlərə görə işçi heyətə təşəkkür edib.
Dövlətimizin qayğısı ilə Soyuq bölgəsində təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə mütəmadi olaraq görüşü əsgər və zabitlərdə böyük ruh yüksəkliyi yaradır. Avqustun 18-də muxtar respublika rəhbəri Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub. Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: “1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib”.
Şəxsi heyətə təşəkkür edən Ali Məclisin Sədri deyib ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəklikləridir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkəmizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına nümunəvi hərbi xidmət təşkil olunub. Muxtar respublika rəhbəri əminliyini bildirib ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir. Ali Məclisin Sədri deyib: “Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir”.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb. Muxtar respublika rəhbəri digər bölmələrdə olub, tabor mərkəzində və dayaq məntəqələrində hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.
Ön xətdə xidmət edən şəxsi heyətlə görüşən Ali Məclisin Sədri bu ərazilərin qorunmasının insanların rahat yaşayışına xidmət etməsi baxımından zəruriliyini vurğulayıb, Soyuq bölgəsində qüsursuz və hadisəsiz xidmətin təşkilinə görə əsgər, gizir və zabitlərə təşəkkür edərək deyib: “Yaradılan şərait işin bir tərəfidirsə, əsas məsələ isə xidməti düzgün aparmaqdır. Bunu isə sizlər həyata keçirirsiniz. Sizin timsalınızda əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu sərhədlərimizi layiqincə qoruyur. Eşq olsun Azərbaycan Ordusuna!”. Muxtar respublika rəhbəri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə, şəxsi heyətin qidalanması ilə maraqlanıb.
Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar yüksək səviyyəli maddi-texniki təchizatı ilə də fərqlənir.
Ali Məclisin Sədri mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib. Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.
Vətən sərhəddən başlanır, sərhəd zastavasında işin
nümunəvi təşkili isə dövlət qayğısına əsaslanır
Düz otuz il əvvəl, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri kimi fəaliyyətə başlaması ilə Azərbaycanın gələcək müstəqilliyinin əbədilik təminatı üçün çoxşaxəli siyasi qərarlar qəbul edildi ki, onlardan biri də məhz ilk dəfə Naxçıvandan başlanan milli sərhəd qoşunlarının yaradılması prosesi idi. Məhz ulu öndərin təşəbbüs və rəhbərliyi ilə həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikanın Ordubad və Sədərəkdəki sərhəd zastavaları Ermənistandakı sərhəd dəstəsinin tabeliyindən çıxarılaraq 41-ci sərhəd dəstəsinə birləşdirilib. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verilib. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırılıb və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyulub.
Avqustun 21-də – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, yeni mənzillərində rahat yaşayış, xidmətdə olanlara isə vəzifə borclarının yerinə yetirilməsində uğurlar arzulayıb, sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, mənzillərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, yeni xidmət və yaşayış kompleksinin inşasına 2020-ci ilin sentyabr ayında başlanılıb. Kompleks qərargah, 8 mənzilli yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, 2 avtomobil saxlancı və yardımçı binadan ibarətdir. 1-ci sərhəd komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilib. Xidməti ərazidə 14 kilometr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib, isinmə məntəqəsi və körpü əsaslı təmir olunub.
Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün 8 yerlik istirahət otağı müasir şəraitlə təmin olunub. Şəxsi heyətlə görüş zamanı Ali Məclisin Sədri sərhədçiləri salamlayıb, “Sərhəd ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədçi olmaq isə böyük məsuliyyət və şərəf işidir”, – deyərək bildirib ki, hər bir sərhədçi döyüş hazırlığını daim artırmalı, silah və texnikalardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, sərhədlərin mühafizəsi ilə yanaşı, həm də təxribatçı qüvvələrə qarşı mübarizə aparmalı, fədakarlıq göstərməlidir. Sərhədi qorunan ölkədə inkişaf və sabitliyin davamlı olduğunu vurğulayan muxtar respublika rəhbəri şəxsi heyətə bu vəzifələrin icrasında uğurlar arzulayıb, zastava kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı dörd xidməti avtomobil təqdim olunub. Ali Məclisin Sədri avtomobillərə baxıb, yaradılan şəraitə uyğun xidmətin təşkili barədə müvafiq tapşırıqlar verib. Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.
Tariximizə, mədəniyyətimizə verilən dəyər millilik amilidir
Muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri qədim diyarımızın mədəniyyət sahəsini də əhatə edib. Bu gün Naxçıvanda muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, fondlar zənginləşdirilir, muzeylərin internet saytları istifadəyə verilir.
Avqustun 27-də bu sahədə görülən işlərin davamı olaraq Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək deyib: “Tarix-diyarşünaslıq muzeyləri ölkəmizin hər bir bölgəsinin tarixini özündə yaşadan yerlərdir. Şahbuz rayonu da ölkəmizin qədim guşələrindəndir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Qərarından sonra Şahbuz rayonunda da 500 eksponat fondu olan muzey yaradılmışdır. Ötən dövrdə muzeyin fondu zənginləşdirilmiş, 5 minə yaxın eksponat toplanmışdır. Muzey ötən dövrdə uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Lakin bu gün muzey üçün müasir bina istifadəyə verilir və bu da fəaliyyətə müsbət təsir göstərəcəkdir”.
Ali Məclisin Sədri ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında həyata keçirdiyi aksiyanın bundan sonra da davam etdirilməsi, AMEA Naxçıvan Bölməsinin tarix-diyarşünaslıq muzeylərindəki eksponatlar və arxiv sənədləri əsasında muxtar respublikanın hər bir rayonunun tarixini yazması, muzeydə “Açıq qapı” günlərinin keçirilməsi, ümumtəhsil məktəbləri və digər yaradıcı təşkilatlarla əlaqə saxlanılması, muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verib.
Sonra muzeyə baxış olub. Muzeydə arxeologiya, məişət-etnoqrafiya, dekorativ-tətbiqi sənət, rəssamlıq, numizmatika, foto və sənədlər bölmələri fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında 536 eksponat nümayiş etdirilir. Hazırda fondda 4 min 679 eksponat vardır.
Həmin gün Ali Məclisin Sədri Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün tikiləcək yeni binanın layihəsinə baxıb, işlərə başlanılması barədə müvafiq tapşırıqlar verib.
Muxtar respublikada görülən tədbirlər nəticəsində
bütün mövsümi problemlər artıq keçmişdə qalıb
Müstəqilliyin ilk illərində bir tərəfdən erməni işğalçıları ilə mübarizə aparmaq məcburiyyəti, mənfur düşmən tərəfindən diyarımızın blokadaya salınması, digər bir tərəfdən ağır iqtisadi böhranla üz-üzə qalmaq, ozamankı ölkə hakimiyyətinin biganə və laqeyd münasibəti nəticəsində tamamilə təklənmək, taleyin ümidinə buraxılmaq kəskin kontinental iqlimə malik Naxçıvan Muxtar Respublikasında payız-qış fəsillərinin gəlməsini insanların arzuolunmaz röyasına çevirmişdi. İstilik və yanacağın olmaması, hava şəraitinin azacıq dəyişməsi ilə köhnə, uçuq-sökük yollarda gediş-gəlişin tamamilə dayanması, bəzən nəinki hansısa ucqar dağ kəndinə, hətta rayon mərkəzlərinə belə, gediş-gəlişin az qala həftə ilə müşkülə dönməsi insanların həyat ritmini pozurdu. Ümummilli lider Heydər Əliyev ideyalarının çoxillik və prinsipial şəkildə yaşadılması, inkişaf etdirilməsi nəticəsində artıq bu gün həmin məşəqqət və iztirablı günlər arxada qalmış, hərtərəfli qayğı ilə əhatə olunmuş, firavan həyatın ağuşuna aldığı insanlar payızın çiskinli-yağmurlu, qışın şaxtalı-boranlı günlərində də hər fəslin özünəməxsus gözəlliklərindən zövq almaqla yaşayıb-yaradırlar. Dövlət başçısı cənab İlham Əliyev Naxçıvanın bu tarixi inkişaf yolunu belə dəyərləndirmişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. Yaradılan bu şərait isə muxtar respublikada payız-qış mövsümünə hazırlığın dövlətimizin daim diqqət mərkəzində saxlaması, bütün sahələrdə qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması, inkişaf proseslərinin davamlı xarakter alması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsi ilə əlaqədardır. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların hazırlıq işlərini vaxtında aparması payız-qış mövsümünü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Görülən hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər həyata keçirilir, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır.
Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Görülən çoxsaylı tədbirlər nəticəsində payız-qış mövsümündə müşahidə olunan problemlərin aradan qaldırıldığını vurğulayan Ali Məclisin Sədri müşavirədəki çıxışında onu da qeyd etmişdir ki, bütün bunlarla yanaşı, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq tədbirləri görülür, müşavirə keçirilərək aid qurumlara tapşırıqlar verilir. 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq da bu gün qarşıda duran əsas vəzifələrdəndir. Ali Məclisin Sədri elektroenergetika və qaz təsərrüfatı sahələrində enerji itkilərinə yol verilməməsinin, təhsil müəssisələrində, eləcə də digər dövlət qurumlarında və ictimai yaşayış binalarında istilik sistemlərinin hava şəraitinə uyğun tənzimlənməsinin və qənaətlə istifadə olunmasının vacibliyini qeyd edib, bu sahələrdəki nöqsanları diqqətə çatdıraraq aidiyyəti üzrə tapşırıqlar verib. Muxtar respublika rəhbəri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.
Muxtar respublikada ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına, inkişaf strategiyasına əsaslanaraq, milli-mənəvi dəyərlərə söykənərək müasir dövrün çağırışları ilə səsləşmək, yeniləşmə, tərəqqipərvər düşüncə ilə yurda, insan amilinə xidmət qədim Naxçıvanımızın bugünkü uğurlarını şərtləndirən başlıca amillərdir. Qazanılan uğurlar isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri zamanı muxtar respublikada görülən ardıcıl və çoxcəhətli işlərə verilən bu yüksək dəyərdə öz ifadəsini tapıb: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti