21 Dekabr 2024, Şənbə

Bunu ötən ayın ümumi mənzərəsi aydın əks etdirir

Bu, bir tarixi reallıqdır ki, ölkəmizin bugünkü müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası məhz 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilmiş, geniş quruculuq işləri aparılmışdır. Ulu öndər ölkəyə rəhbərliyinin hər iki dövründə qədim tarixə, özünəməxsus dövlətçilik ənənələrinə malik olan, geostrateji əhəmiyyətliliyi ilə seçilən Naxçıvanın hərtərəfli inkişaf etdirilməsini dövlət siyasətinin prioriteti hesab etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına sadiqliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu ideyaların muxtar respublikada əzmkarlıq və qətiyyətlə reallaşdırmasının nəticəsidir ki, Naxçıvan çoxəsrlik tarixində əsl inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. 


Strateji sahə olan taxılçılığın
inkişafı üçün yaradılan imkanlar məhsuldarlıqla nəticələnir

Muxtar respublikada sosial-iqtisadi tərəqqi baxımından qazanılan çoxsaylı uğurlar sırasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, bunun nəticəsində isə ixrac imkanlarının da artırılması, xüsusilə qeyd olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə görülən mühüm tədbirlər kənd təsərrüfatının, xüsusilə strateji sahə olan taxılçılığın inkişafına geniş imkanlar açmışdır. Belə ki, taxılçılıq muxtar respublikada ötən ilin payız əkinlərində əsas yer tutmuş, həmin ilin payızında və cari ilin yazında muxtar respublikada 32721 hektar sahədə taxıl əkilmişdir. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini vermiş, sahələrdən hektarın orta məhsuldarlığı 31,6 sentner təşkil etməklə 103372 ton yüksəkkeyfiyyətli taxıl götürülmüşdür.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olmuş, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanmışdır. Ali Məclisin Sədri yaradılan şəraitin nəticəsində muxtar respublikada taxılçılıq sahəsində ciddi irəliləyişə nail olunduğunu vurğulamış, eyni zamanda bildirmişdir ki, müxtəlif ərazilərdəki məhsuldarlıq fərqinin aradan qaldırılmasına diqqət yetirilməli, məhsuldarlıq artırılmalı, əkin zamanı aqrotexniki qaydalara əməl olunmalı, məhsuldar toxumlardan istifadə edilməli, taxılçılıq rayonlarının texnika təminatını bundan sonra da diqqətdə saxlamalı, müvafiq tədbirlər həyata keçirilməli, əhali maarifləndirilməli, taxıl sahələrinin hektarının yox, məhsuldarlığın artırılmasına nail olunmalıdır. Baxış zamanı məlumat verilmişdir ki, “Araz” Elm-İstehsalat Birliyi üçün 87 hektar əkin sahəsi ayrılmışdır. Bu ilin məhsulu üçün 55 hektar sahədə taxıl əkini keçirilmişdir ki, bunun da 45 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Muxtar respublika rəhbəri biçin zamanı yanğın təhlükəsizliyinə ciddi nəzarət olunması, əkin kvotasının hazırlanması, muxtar respublikanın iqlim şəraitinə uyğun toxumların alınması və toxum bankının yaradılması ilə bağlı tapşırıqlar vermişdir.

İnsan amilinə dəyər verilərsə...

Səhiyyənin inkişafı istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, muxtar diyarımızda müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. İyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilmişdir.
Ali Məclisin Sədri yeni səhiyyə ocağında yaradılan şəraitlə tanış olmuş, məlumat verilmişdir ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarət olmaqla, ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Muxtar respublika rəhbəri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Şərqin qapısı Naxçıvan
Azərbaycan-Türkiyə arasında sarsılmaz birlik və qardaşlıqda etibarlı körpüdür

Yeni mərhələyə qədəm qoymuş, strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdirilən Azərbaycan-Türkiyə əlaqələrində Azərbaycanın qədim diyarı, Şərqə, Türk dünyasına açılan etibarlı qapısı – Naxçıvan Muxtar Respublikası müstəsna yerə və rola malikdir. İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini vurğulamış, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini diqqətə çatdırmışdır. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirmiş, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırmış, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etmişdir. Cahit Bağçı səmimi qəbula görə minnətdarlıq etmişdir.
26-31 iyul tarixlərində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikamızda “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin reallaşdırılması bir daha sübut etdi ki, ortaq tarixə və mədəniyyətə, eyni soy-kökə malik iki qardaş xalq arasındakı sarsılmaz birlik və həmrəylik xalqlarımızın gələcəyi olan gənclik tərəfindən də varislik prinsiplərinə əsaslanaraq yaşadılır, inkişaf etdirilir. İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın Türk dünyası üçün əhəmiyyətinə diqqət çəkmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər. Türkdilli Ölkələrin Dövlət Başçılarının Doqquzuncu Zirvə Görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıq etmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” barədə məlumat vermişdir.

Şəhidlərimizə sonsuz ehtiram nümunəsi

Torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Naxçıvandan olan könüllülər də iştirak etmiş, böyük şücaət göstərmiş, şəhidlərimiz və qazilərimiz olmuşdur. Dövlətimiz tərəfindən bütün şəhidlərin yüksək ad və medalla təltif olunması onlara dərin ehtiramın bariz nümunəsidir. İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun və şəhid kapitan Babayev Nihad Akif oğlunun ölümündən sonra təltif olunduqlarını qeyd etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmişdir. Ali Məclisin Sədri şəhidlərimizin hər ikisinin hərbi təhsil aldığını, onların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda 2014-cü ildən zabit kimi xidmət etdiklərini, fəaliyyətləri dövründə zabit şərəfini ləyaqətlə qoruduqlarını bildirmiş, şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür etmiş, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətimizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulamışdır.
Ali Məclisin Sədri İkinci Qarabağ müharibəsinin ən yüksək təltifi olan “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqələrini, eləcə də “Vətən uğrunda” medallarını şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevə və şəhid kapitan Nihad Babayevin atası Akif Babayevə təqdim etmişdir. Şəhid ataları göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Azərbaycanın incisinin köksündə yeni incilər bərq vuracaq

Ümummilli liderimiz Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zaman əsasını qoyduğu quruculuq və inkişaf strategiyası bu gün muxtar respublikanı tamamilə əhatə etmişdir. Azərbaycanın incisi sayılan Ordubad rayonuna da quruculuq ərməğanlarından pay düşmüşdür. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində rayonun Vələver, Dırnıs və Kələki kəndləri muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşulur. İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vələver, Dırnıs və Kələki kəndlərində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxmışdır. Vələver kəndində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik, Dırnıs kəndinə 216 şagird yerlik olacaq məktəb binalarında, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər dövlət qurumlarının yerləşəcəyi kənd mərkəzlərində, əhaliyə nümunəvi xidmətin təşkil olunması üçün müasir şərait yaradılacaq xidmət mərkəzlərində aparılan tikinti işləri barədə muxtar respublika rəhbərinə məlumat verilmişdir.
Kələki kəndində isə Ali Məclisin Sədrinə bu yaşayış məntəqəsində də kənd və xidmət mərkəzlərinin tikintisi ilə bağlı məlumat verilmişdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, digər dövlət qurumları, feldşer-mama məntəqəsi fəaliyyət göstərəcək, xidmət mərkəzində yaradılacaq şərait isə kənd sakinlərinin rahatlığının təmin edilməsinə hesablanıb.
Muxtar respublikanın kəndlərində yolların abadlaşdırılması ilə bağlı görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu da yenidən qurulur ki, iyulun 13-də Ali Məclisin Sədri burada görülən işlərlə tanış olmuşdur. Bildirilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su keçidləri və 8800 metr suaparıcı kanalın qurulmasına başlanılıb. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.
Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur. İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmış, bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində də tikinti işləri keyfiyyətlə aparılır. Xidmət mərkəzində isə xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.
Unus kəndində həyata keçirilən quruculuq işləri ilə tanışlıq zamanı Ali Məclisin Sədri demişdir: “Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir”. Muxtar respublika rəhbəri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermiş, turizm əhəmiyyətliliyi ilə seçilən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə və Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində də olmuş, görülən işlərlə maraqlanmış, Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması, istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.

Enerji təhlükəsizliyi muxtar respublikanın strateji qələbəsidir

Dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin ideyalarının inamla gerçəkləşdirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikada digər sahələrdə qazanılan uğurlarla yanaşı, enerji təhlükəsizliyinə də nail olunmuş, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilmişdir. Bu gün sənaye obyektlərinə və əhaliyə verilən təbii qazın fasiləsiz çatdırılması üçün infrastruktur daim təkmilləşdirilir, mövcud imkanlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyasının qurulması da bu tədbirlərin davamıdır. İyulun 14-də – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümündə yeni stansiya istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Muxtar respublika rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü və Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi münasibətilə qaz təsərrüfatı işçilərini təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür etmişdir. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsinin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində həyata keçirilmə mərhələlərini təhlil etmiş, vurğulamışdır ki, 2005-ci ildən etibarən qısa müddətdə – 3 il ərzində Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri tamamilə təbii qazla təmin olunmuşdur.
Muxtar respublikanın qaz təsərrüfatında aparılan təkmilləşdirmə və yenidənqurma işlərindən danışmışdır. Qeyd olunmuşdur ki, bir neçə il bundan əvvəl Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Nəzərdə tutulub ki, bu xətt gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşdirilsin və axın Naxçıvan şəhəri istiqamətində olmaqla, istismar edilsin. 80 kilometrə yaxın uzunluğu olan qaz kəmərinin boru xəttindən anbar kimi istifadə etmək üçün Qaz Kompressor Stansiyasının qurulmasına ehtiyac var idi. Stansiyanın qurulmasında məqsəd Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərində təzyiqin artırılmasıdır. Bu da boruda 1 milyon 500 min kubmetrə yaxın qaz yığılmasına və qəza zamanı muxtar respublikada əhali abonentinin 8-10 gün qazla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildikdən sonra Naxçıvan-Şahbuz və Naxçıvan-Culfa istiqamətlərində boru xətlərinin təbii qazla doldurulması təmin ediləcəkdir. Stansiyanın istifadəyə verilməsi muxtar respublikada qaz təsərrüfatının idarə olunmasını da yaxşılaşdıracaq, təzyiq boru xəttində yaranacaq ehtiyat hesabına nizamlanacaqdır.
Sonra stansiyaya baxış olmuş, məlumat verilmişdir ki, 25 min kubmetr/saat gücə malik yeni stansiya hesabına muxtar respublikanın qaz təsərrüfatı sisteminə gün ərzində əlavə olaraq 600 min kubmetr təbii qazın verilməsi mümkün olacaqdır. Stansiyanın istifadəyə verilməsi ilə əlaqədar 10 yeni iş yeri açılmışdır. Ali Məclisin Sədri Qaz Kompressoru Stansiyasında texniki istismar qaydalarına əməl olunması, kadr hazırlığına diqqət yetirilməsi və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

Sənətə və sənətkara dəyər millilik etalonudur

Ümummilli liderimiz Heydər Əliyevin hələ Sovetlər Birliyi dövründə milli mədəniyyətin, incəsənətin inkişafındakı misilsiz xidmətlərindən biri də 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasıdır. Ötən dövrdə Naxçıvan rəssamlıq sənəti böyük inkişaf yolu keçmiş, qədim və zəngin tarixə malik olan Naxçıvan rəssamlıq sənəti Ali Məclis Sədrinin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müstəqillik illərində Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, görkəmli rəssamlarımızın yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda həmin ixtisaslar üzrə, ümumilikdə, 226 tələbə təhsil alır. Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm dərnəklərində də 600-ə yaxın uşaq və gənc rəssamlıq sənətinin sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Rəsm Qalereyasında dəyərli rəsm əsərləri mühafizə, təbliğ və nümayiş olunur. Bir sözlə, 59 üzvü olan Rəssamlar Birliyi hərtərəfli qayğı ilə əhatə olunub, rəssamların yaradıcılıq imkanları xeyli genişləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il martın 2-də Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalaması, iyulun 16-da Rəssamlar Birliyinin 50 illik yubileyinin qeyd olunması muxtar respublikada rəssamlıq sənətinin inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Yubiley tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik etmişdir. Ali Məclisin Sədri çıxışında Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixinə nəzər salaraq Naxçıvan rəssamlıq sənətinin varislik ənənələri əsasında inkişaf etdirildiyini vurğulamış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin keçdiyi yolu böyük mədəniyyət salnaməsi kimi dəyərləndirmişdir.
Muxtar respublika rəhbəri tariximizin və milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılmasının rəssamların yaradıcılığında xüsusi yer tutmalı olduğunu vurğulamış, bu yolda birlik üzvlərinə uğurlar arzulamış, yubiley münasibətilə onları bir daha təbrik etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 15 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adı ilə təltif olunan rəssamlara fəxri adların döş nişanları və vəsiqələrini təqdim etmişdir.
Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinə baxış zamanı Ali Məclisin Sədri rəsm dərnəklərinin fəaliyyətinin gücləndirilməsi və varisliyin təmin olunması, hədiyyəlik rəsm və əl işlərinin hazırlanması barədə tapşırıqlar vermişdir.

Yüksək poliqrafiya mədəniyyəti ziyalılığa çağırışdır

Bu il muxtar respublika tarixində əlamətdar bir hadisə – Naxçıvanda mətbuatın yaranmasının yüz illiyi qeyd olunur. Ali Məclis Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyi bir dövrdə muxtar respublikada mətbuatın inkişaf etdirilməsi ilə paralel olaraq nəşriyyat işinin yüksək səviyyədə təşkil olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Bütün bunların nəticəsi olaraq yüksək poliqrafiya mədəniyyəti formalaşmış, mətbəə işinin müasir tələblər səviyyəsində qurulması bu gün muxtar respublikada nəşr olunan bütün qəzetlərin yüksək keyfiyyətlə çapına, həmçinin kitabların müasir tələblərdə nəşrinə şərait yaratmışdır. Milli Mətbuat Gününün qeyd olunduğu bir ayda birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır. İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunmuş elmi ədəbiyyatlar, oxunması zəruri olan kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş 15 minə yaxın məhsul satışa çıxarılmışdır. Həmçinin burada “Nəşriyyat xidmətləri” bölməsi yaradılmış, mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları qoyulmuşdur. Mərkəzdə 3 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri vurğulamışdır ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunmuş məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə – standartlara uyğun və keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Mərkəzin fəaliyyət göstərməsi həm də muxtar respublikanın tanıdılmasında böyük əhəmiyyətə malik olacaqdır. Çünki burada ölkəmizin və Naxçıvanın tarixini, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən kitablar satışa çıxarılıb.
Muxtar respublika rəhbəri dövlət idarə və müəssisələrinə aid dəftərxana ləvazimatlarının qanunvericiliyə uyğun hazırlanması və mərkəzin fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir. Sonra Ali Məclisin Sədri Kitab Evindəki digər dəftərxana ləvazimatları, eləcə də idman mallarının satış mərkəzlərində də olmuş, göstərilən xidmətlərlə maraqlanmışdır.

Uğurlu yekun həm də uğurlu başlanğıc deməkdir

Muxtar respublikada iqtisadiyyatın, eləcə də elm, təhsil, səhiyyə, turizm və digər sahələrin inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi ilbəil deyil, hər ötən yarım ildə dinamik templə müşahidə olunmaqdadır. 2021-ci ilin birinci yarısında da muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər sosial-iqtisadi tərəqqiyə öz töhfəsini vermiş, dayanıqlı və tarazlı inkişaf təmin olunmuşdur. Cari ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 1 milyard 328 milyon manat olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür. Ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 18 milyon manata yaxın kredit verilmiş, 55 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda muxtar respublikada 384 növdə məhsulun istehsal olunması dayanıqlı inkişafın nəticəsi kimi mühüm əhəmiyyətə malikdir. Cari ilin ilk 6 ayında muxtar respublikada 116 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 168 obyektin tikintisi və yenidən qurulması isə davam etdirilmişdir. Xüsusilə Duzdağda yeni şaxtanın istifadəyə verilməsi mühüm iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də təbii sərvətimiz olan duzun müasir metodlarla çıxarılması, emalı və ixracına geniş imkanlar açmışdır. 2021-ci ilin birinci yarısında muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində də sistemli tədbirlər görülmüş, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 meqavat gücündə Günəş-Külək Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın enerji tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji mənbələrinin payını artırmışdır.
Muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafının cari ilin ötən dövründə də davam etdirilməsi ilə bağlı bu məlumatlar, iqtisadi-siyasi təhlillər, statistik müqayisələr iyulun 8-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzəsində öz əksini tapmışdır. Məruzədə vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilmiş, quruculuq işləri aparılmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır. Bu dövrün ən mühüm hadisəsi mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuş, muxtar respublikanın inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”. Ali Məclisin Sədri ilin birinci yarısında əldə edilmiş sosial-iqtisadi inkişafın bundan sonra da davam etdirilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublika sakinlərinə uğurlar arzulamışdır.

İyul ayının ümumi mənzərəsinin təhlili onu təsdiq edir ki, istər ötən ayın, istərsə də ötən yarım ilin də yekunları ilə bağlı faktlar ümummilli lider Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövründə ölkənin gələcək sosial-iqtisadi tərəqqisinə, yüksəlişinə hesablanmış müdrik ideyalarının real bəhrələridir. Ali Məclisin Sədri demişdir: “Müstəqil Azərbaycanda əsası 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev siyasi xətti və yolu uğurla davam etdirilir. Bu yol Azərbaycanı Sovet hakimiyyəti illərində güclü dövlətə çevirdi. Eyni zamanda 1993-cü ildən bu siyasətin davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən güclənir, inkişaf edir, dünya dövlətləri sırasında öz layiqli yerini tutur”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR