“Şərq qapısı” qəzetinin yüzillik yubileyinin qeyd olunması muxtar respublikada
jurnalistikanın inkişafına növbəti dövlət qayğısıdır
Mətbuat hər bir xalqın milli mədəni tərəqqisinin güzgüsü, cəmiyyətin, dövlətin demokratik-hüquqi inkişafının inikasıdır, – desək, yanılmarıq. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının çoxəsrlik inkişaf tarixinə böyük maarifçilik ənənələrinə malik doğma Naxçıvanımızın da adı qızıl hərflərlə yazılmışdır. Naxçıvanda mətbuatın birəsrlik qədim və zəngin tarixə malik olması dediklərimizi bir daha təsdiq edir. Ümumilikdə, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir.
Tarixi sərəncam işığında mətbuat salnaməmizin tarixinə bir nəzər
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir. Sərəncamda deyilir: “1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkarjurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur
Müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, yaradıcılıq imkanları genişləndirilmiş, rəngli nəşrinə başlanmış, yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. “Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamədir. Qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir”. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.
Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi.TarixənAzərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
Ümummilli liderin Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə dediyi bu müdrik kəlam, bütövlükdə, qəzetin tarixi dəyərini ifadə etməklə bu mətbu orqanın sonrakı fəaliyyəti boyu həyat və ideya vəsiqəsinə çevrilmişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Bu sadaladığımız faktlara əsaslanaraq istisnasız olaraq deyə bilərik ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti nəticəsində nail olunmuş, bunun ilkin rüşeymləri isə məhz Naxçıvanda – ümummilli lider Ali Məclisin Sədri vəzifəsində işləyərkən qoyulmuşdur. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür ki, bunun ideal nəticələrini, bu siyasətin davamlı gerçəkləşdirilməsinin bəhrələrini bu gün muxtar respublikada jurnalistikanın inkişafı timsalında aydın görürük.
Müstəqillik işığında muxtar diyarımızda inkişaf edən media
İftixarla deyə bilərik ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır.
“Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. 1996-cı ildə Ali Məclis Sədrinin sərəncamı ilə qəzetin 75 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin bu münasibətlə “Şərq qapısı” qəzetinin kollektivinə ünvanladığı təbrik məktubunda deyilir: “75 illik şərəfli yaradıcılıq yolu keçmiş “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə redaksiyanın və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivləri ilə görüşmüş, qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur. Ali Məclisin Sədri həmin tarixi görüşdə demişdir: “Qəzet Naxçıvanda maarif və mədəniyyətin, elmin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamış, ictimai fikrə öz təsirini göstərmişdir. Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında “Şərq qapısı” qəzetinin üzərinə mühüm vəzifələr düşür. “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.
Fərəhləndirici haldır ki, bu gün Naxçıvan mətbuatı təkcə birəsrlik zəngin tarixi, çoxsaylı jurnalist ordusunun uğurlu yaradıcılıq fəaliyyəti ilə deyil, həm də bu birəsrlik, “ağsaqqal və müdrik” ideyapərvər bir mətbu orqanın ətrafında cəmləşən çeşidli kütləvi informasiya vasitələrinin məhsuldar və uğurlu fəaliyyəti ilə öyünür. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin qəzetimizə verdiyi müsahibəsində dediyi fikirlər də “Şərq qapısı”nın mətbu dəyərini, ideya mahiyyətini, siyasi ideoloji əhəmiyyətini bir daha təsdiqləyir. Akademik vurğulamışdı ki, “Şərq qapısı” qəzeti Azərbaycanda davamlı ənənələri ilə seçilən, sabit və inkişafda olan mətbuat orqanlarından biridir. “Şərq qapısı” Naxçıvan Muxtar Respublikasının mətbuat məktəbidir. Muxtar respublikanın digər mətbuat orqanları, o cümlədən Naxçıvan radio və televiziyası da “Şərq qapısı”nın “övladları”dır. Naxçıvanda yaradıcı qüvvələrin inkişafında “Şərq qapısı”nın mühüm rolu vardır. “Şərq qapısı” qəzeti mənim üçün əsl məktəb funksiyasını yerinə yetirib. Yazı-pozu vərdişləri qazanmaq, gənclik illərindən etibarən özünü ifadə etmək baxımından bu mətbuat orqanı yaradıcı gəncliyə, o cümlədən mənə geniş meydan açıb. Hesab edirəm ki, “Şərq qapısı” qəzeti indi də gənc qələmlərin etibarlı bələdçisidir.
AMEA-nın vitse-prezidenti onu da qeyd etmişdi ki, son illərdə “Şərq qapısı” qəzetində publisistikanın səviyyəsinin yüksəldilməsini, jurnalistikanın müxtəlif janrlarına müraciətin genişləndiyini müşahidə edirəm. Bunlar qəzetçilik baxımından çox müsbət meyillər və yaxşı nəticələrdir.
Bu gün muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf kütləvi informasiya orqanlarının da fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafına ciddi təkan vermişdir .
Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, Universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır. Bu gün muxtar respublikada bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər.
Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.
Ali Məclis Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Cəmiyyətin 2016-cı ildə saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən yaradılan “Nuhçıxan” İnformasiya Agentliyi hazırda muxtar respublika ilə bağlı ən mühüm informasiya, təhlil və analitik məqalələri üç dildə, eləcə də foto və videoinformasiyaları dünyaya çatdırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu bu ilin əvvəlindən təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Naxçıvan Mətbuat Şurasının 2019-cu ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir, eyni zamanda bu sahədə əlaqələrin genişlənməsinə də zəmin yaradır.
Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. Onlardan 2-si Naxçıvan Dövlət Universitetinin magistratura pilləsində təhsil almışdır. “Şərq qapısı” qəzeti hami təşkilat kimi Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası ilə birgə muxtar respublikada ali təhsilli mütəxəssis hazırlığı, tələbə-jurnalistlərin mətbuatda çıxışlarının təşkili ilə bağlı tədbirlər həyata keçirməkdədir.
“Şərq qapısı” qəzetinin əməkdaşları son illər ərzində peşəkar, prinsipial və məhsuldar fəaliyyəti ilə muxtar respublikada jurnalist liderliyini qoruyub müxtəlif yaradıcılıq müsabiqələrində fəallıqla iştirak etmiş, uğurlar qazanmışlar. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsində qəzet əməkdaşı üçüncü yerə layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə 2019-cu ildə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda keçirilən müsabiqədə qəzet əməkdaşları birinci və ikinci yerlərin sahibi olmuşlar. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsində “Şərq qapısı” iki istiqamət üzrə birinci yerin qalibi olmuş, bir əməkdaşı isə “Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması və mətbuatın inkişafı sahəsində görülən işlərin təşviq edilməsi” istiqaməti üzrə üçüncü yerə layiq görülmüşdür.
Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür. Qazanılan uğurlar Naxçıvanı dünyaya böyük vətənpərvərlik sevgisi ilə sevdirmək məramının, Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırılmasının, vaxtilə Naxçıvana ərazi blokadasından da ağır zərbələr vuran informasiya blokadasının yarılması, informasiya təminatının düşünülmüş şəkildə təşkilinin bəhrələridir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən tarixi müşavirə, Ali Məclis Sədrinin media nümayəndələri ilə müntəzəm görüşü, istər milli mətbuatın, istərsə də “Şərq qapısı” qəzetinin yubileyləri zamanı tarixi çıxışları hər bir jurnalist üçün müəyyənləşdirilmiş istiqamət, gələcək fəaliyyət kodeksləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli mətbuatımızın 145 illik yubileyində jurnalistlərlə keçirilən görüşdə demişdir: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır”.
Tarixi sərəncam – böyük məsuliyyət, gələcək şərəfli fəaliyyət
“Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Tədbirlər Planına əsasən “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfransın, yubileylə bağlı yaradıcılıq müsabiqəsinin keçirilməsi, kitabın nəşrə hazırlanması və digər tədbirlər muxtar respublikamızın mətbuat tarixinin müasir milli və bəşəri ideyalar müstəvisində yenidən araşdırılıb öyrənilməsinə öz töhfəsini verəcəkdir. Bu tarixi sərəncam, eyni zamanda biz jurnalistlər qarşısında muxtar respublikamızda həyata keçirilən məqsədyönlü və çoxşaxəli siyasətin layiqli təbliğatçısına çevrilmək, fəaliyyətimizi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun qurmaq, obyektivlik, peşəkarlıq, modernləşmə kimi mühüm vəzifələr də qoyur!
“Şərq qapısı” qəzetinin kollektivi muxtar respublika jurnalistləri adından mətbuatımızın yaxın dostu və himayədarı kimi Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirir, muxtar respublika rəhbərini əmin edirik ki, dəyərli tövsiyə və tapşırıqlarınızı fəaliyyət prinsipləri kimi rəhbər tutaraq, zəngin tarixi ənənələri inkişaf etdirərək Qoca Şərqin qapısında dahi öndər Heydər Əliyev ideyalarına sədaqət üzərində qurulmuş siyasətin uğurlarını, bu qədim diyarın müasir inkişaf dinamikasını bundan sonra da inamla təbliğ edəcəyik. Redaksiyanın kollektivi muxtar respublikamızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var-qüvvəsini əsirgəməyəcək. Birəsrlik şərəfli inkişaf yolu keçən, sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevriləcəkdir.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti