Bu səfər Naxçıvanın çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da
qoruyub saxlayacağını təsdiqlədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasına çox böyük geostrateji əhəmiyyətə malik bir məkan kimi xüsusi diqqət və qayğı ilə yanaşma siyasətini dönmədən davam etdirir. Bunu ölkə başçısının on yeddi illik siyasi rəhbərliyi dövründə on beş dəfə – demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də aydın təsdiq edir. Prezident cənab İlham Əliyevin mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü Naxçıvana səfəri isə bir sıra mühüm hadisələrlə rəmzi xarakter daşıyır.
Ölkə başçımızın ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi dahi şəxsiyyətin layiqli siyasi varisi kimi ata vəsiyyətinə ləyaqətlə əməl etmənin təkcə Qarabağı erməni işğalından qurtarmaqdan ibarət olmayıb, bütöv Azərbaycan naminə Naxçıvanı da otuz illik blokadadan azad etmək olduğunu, Naxçıvanın da Qarabağ qədər əhəmiyyətli, əziz olduğunu təsdiqlədi. Bu səfər İkinci Dünya müharibəsində alman faşizmi ilə mübarizədə böyük qəhrəmanlıq və şücaət göstərən, Qələbənin qazanılmasında müstəsna rol oynayan xalqımızın 30 ilə yaxındır ki, həmin qələbə sevincinə məcburi məğlubiyyət məyusluğu qatan, bugün isə tarixi ədalətin bərpası ilə acı xatirə kimi tarixə gömülən Şuşa işğalı günündən sonra Ali Baş Komandanımızın ata yurduna qalib və məğrur sərkərdə dönüşü idi. Prezidentin Naxçıvana İkinci Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra ilk dəfə ulu öndərin doğum günündə səfər etməsi ərazi bütövlüyümüzün bərpa olunması başda olmaqla, Azərbaycanın qazandığı bütün bugünkü uğurlara görə borclu olduğumuz dahi şəxsiyyəti – Heydər Əliyevi bəxş etmiş ata yurduna – qədim və ulu Naxçıvana minnətdarlıq duyğusu, mənəvi varislik borcundan doğan bir addım idi. Bu səfər vaxtilə ölkənin müstəqillik və inkişaf müqəddəratını həll edəcək mühüm siyasi mərhələlərin təməli qoyulduğu Naxçıvanda – ümummilli liderin ata yurdunda övlad-varis hesabatı, qalib sərkərdənin ulu öndərimizin ruhunu Qarabağlı-Naxçıvanlı – bütöv Azərbaycan müjdəsi ilə ata ocağında sevindirmək niyyətindən doğan qürur yürüşü idi. Bu, müqəddəs Ramazan ayında xalqımızı Vətən bütövlüyü haqqına qovuşduran Ulu Tanrıya şükranlıq, müqəddəs Nuh yurdunda, duaların qəbul olduğu müqəddəs Əshabi-Kəhf ziyarətgahının yerləşdiyi ulu və qədim diyarda Yaradana daha yaxın olmaq istəyi idi.
Liderliyi əvvəlki əzmi ilə qoruyub saxlayan Naxçıvan
Ölkə başçısının növbəti Naxçıvan səfəri dünyanın pandemiya böhranı məngənəsində boğulduğu, iqtisadi tənəzzül yaşadığı bir dövrdə müharibədən yenicə çıxmış Azərbaycanda muxtar respublikanın timsalında sosial-iqtisadi inkişafın əvvəlki dinamik templə davam etdiyini təsdiqləmiş oldu.
Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün, necə deyərlər, “havadan asılı qaldığı” illəri xatırlatdı. Bu gün isə istənilən hava şəraitində beynəlxalq aviareyslərin belə, təhlükəsiz həyata keçirilməsi üçün müasir şəraitin yaradıldığını əyani şəkildə bir daha sərgilədi. Yeni uçuş-enmə zolağı inkişaf etmiş qədim diyarımızın yaxın gələcəkdə turistləri, beynəlxalq tədbir iştirakçılarını yüksək səviyyədə qarşılayıb yola salmağa imkan verəcək.
Ölkə başçımız Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadılması və inkişaf etdirilməsi, yun və təbii boyaq bitkilərinin tədarükü üçün yerli xammal ehtiyatından səmərəli istifadə etmək məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, muxtar respublikanın yol-nəqliyyat kompleksinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin davamı kimi uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun, muxtar respublikada heyvandarlığın inkişafı məqsədilə yaradılan, ölkə üzrə ikinci Süni Mayalanma Mərkəzinin, 13 min 500 sakini beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin edəcək “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında iştirak etdi. Eyni zamanda Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri, ictimai xidmətlər sahəsində çox önəmli bir təsisat sayılan, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi istiqamətində görülən işlərin davamı olan “ASAN xidmət” mərkəzinin tikintisi ilə tanışlıq oldu, milli brendimiz sayılan DOST Mərkəzinin Naxçıvanda da yaradılması ilə bağlı qərar qəbul edildi.
Prezident cənab İlham Əliyevin növbəti səfərinin digər bir rəmzi mənası İkinci Vətən müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək müstəvisində ordu quruculuğunu uğurla, düşünülmüş şəkildə davam etdirməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur. Xatırladaq ki, müstəqil Azərbaycanın bugünkü müzəffər Ordusunun təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarla Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması ilə qoyulmuşdu. Vaxtilə 1992-ci ilin iyul-avqust aylarında ümummilli liderin müdrik siyasəti nəticəsində Naxçıvan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikasının, yaşayış binalarının Müdafiə Komitəsinə təhvil verilməsi düşmənlə təkbətək və əliyalın mübarizə aparan, ozamankı ölkə rəhbərliyi tərəfindən tamamilə tərk edilmiş bir diyarda ordu quruculuğu baxımından ideal addım, tarixi zərurət idi. Bu gün isə muxtar respublikanın ordu potensialı artıq aviasiya texnikalarının qəbul edilməsi və saxlanmasından tutmuş müasir silah və texnika ilə təchizat baxımından əksər ölkələrin regionlarında olmayan hərbi aerodromun yaradılmasını zərurətə çevirib. Digər yeni istifadəyə verilən hərbi infrastruktur isə müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı – Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsi oldu. Xəstəxananın fəaliyyətə başlaması, 2021-2022-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Hərbi tibb ixtisası üzrə kadr hazırlığına başlanması muxtar respublikada hərbi tibbi xidmət səviyyəsinin də yüksəldilməsinə öz töhfəsini verəcək.
Vaxtilə kontinental iqlimə malik Naxçıvanın mənfur düşmənlər üzündən elektrik enerjisinə və mavi yanacağa həsrət qalması üzündən burada həyat ritmi tamamilə pozulmuş, insanların intellekt potensialı, yaradıcılıq əmsalı, fiziki və mənəvi sağlamlığı iflic vəziyyətinə salınmışdı. Bu gün isə ümummilli lider siyasətinin uğurlu davamının bəhrəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı muxtar respublikanın enerji təchizatının çox yaxında tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcəyinə zəmanət verir.
Yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvanın özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini təsdiqlədi. Hər yeni obyektin, eyni zamanda yeni iş yerləri demək olduğunu nəzərə alsaq, bu həm də insan amilinə verilən yüksək dəyərin ifadəsidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.
Dünyaya Naxçıvan bəyanatı
Prezident cənab İlham Əliyev İkinci Vətən müharibəsi ərəfəsi, müharibənin gedişi, tarixi zəfər və müasir bərpa-quruculuq dövrlərində müxtəlif müsahibələr, siyasi bəyanatlar vermişdir ki, bu, Azərbaycanın ən yeni siyasi tarixinin xüsusi mərhələsini təşkil edir. Ölkə başçımız, Müzəffər Ali Baş Komandan bütün dünyaya, Azərbaycanın xarici düşmənlərinə, antiazərbaycan qüvvələrə növbəti dəfə ata yurdu Naxçıvandan səsləndi. Bu bəyanat üçün Azərbaycanın siyasi taleyində mühüm rola malik, tarixi muxtariyyətinə nail olmaqla, əzəli düşmənlərimiz qəsbkar ermənilərdən müdafiə edilməklə, ümumilikdə, Azərbaycanın ərazi bütövlüyünü ən ağır siyasi-iqtisadi, hərbi mərhələlərdə qoruyub saxlaya bilən, SSRİ kimi nəhəng imperiyaya qarşı, müstəqillik uğrunda bütöv bir ölkə səviyyəsində mübarizə aparan, eyni zamanda Şərq dünyasına açılan qapı, erməni qəsbkarlarının puça çıxan işğal xülyası olan bir məkanın – ulu Naxçıvanın seçilməsinin də dərin siyasi rəmzi var idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ümummilli lider, dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini müasir dövrün məşhur siyasətçisi kimi yeni müstəvidə təhlil etdi. Ölkə başçımızın Naxçıvanın blokadada olmasına baxmayaraq, sürətlə inkişaf etməsi, yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlərdən, Naxçıvanda çox böyük enerji potensialı, müasir yol infrastrukturu yaradılmasından ürəkdolusu razılıq və məmnunluq hissi ilə bəhs etməsi Naxçıvanın, elə, bütövlükdə, Azərbaycanın bədxahlarına ən tutarlı cavabdır: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni bütün bunlar inkişafın təzahürüdür”. Prezident cənab İlham Əliyev çox ağır və çətin şəraitdə Naxçıvanı qorumağı, müdafiə etməyi və düşməni yerinə oturtmağı ulu öndərin müstəsna xidmətlərindən biri olduğunu vurğulamaqla ümummilli liderin Azərbaycançılıq ideologiyası kontekstində bu siyasi ideya və prinsiplərə bundan sonra da sadiq qalacağını bəyan etdi: “Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.
Ölkə başçısı Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun peşəkar döyüş qabiliyyətini, üç il bundan əvvəl keçirilmiş uğurlu Günnüt əməliyyatını Ali Baş Komandan kimi hərbi təhlil etdi: “Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”. Bu təhlilə əsasən Günnüt əməliyyatını BÖYÜK QƏLƏBƏNİN ilkin uğurlu məşqi də adlandırmaq olar. Günnüt zəfəri doğmaqda olan Zəfər Günəşinin ilk şəfəqləri kimi gələcək Zəfər yolumuza işıq saçıb onu aydınlatdı. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Günnüt əməliyyatı nəticəsində Ermənistanın ört-basdır etmək istədikləri əhəmiyyətli məğlubiyyəti – çox önəmli strateji yüksəkliklərin Ermənistan işğalından azad edilməsi nəticəsində bu gün strateji kommunikasiyalara, Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət olunur və bu yola nəzarət imkanları İkinci Qarabağ müharibəsində bir çox informasiyanın əldə edilməsində köməklik göstərdi.
Ali Baş Komandan İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçilərinin – həm xüsusi təyinatlıların, həm digər birləşmələrin hərbçilərinin fəal iştirak etdiklərini, şəhidlər verdiklərini, böyük fədakarlıq göstərdiklərini də ehtiramla xatırlatdı. Yeri gəlmişkən qeyd edək ki, bu səfər zamanı ölkə başçımızın bugünkü qələbə səadətini bizlərə canları, qanları bahasına bəxş edən, zəfərin şirinliyini ömürləri bahasına bizlərə dadızdıran igid Vətən oğullarını – Naxçıvan şəhər qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi də əsl sərkərdənin, qalib sərkərdənin daxili mənəvi tələbatından, istəyindən irəli gəlirdi. Şəhidlərə dərin ehtiram, onların ailələrinə isə böyük qayğı göstərilən muxtar respublikada Ali Baş Komandanın bu ziyarəti şəhid anaları, doğmaları üçün elə qələbə sevincinə bərabər mənəvi təsəlli oldu.
Səfər zamanı Ordubad dəmir yolu stansiyası ilə tanışlıq isə ölkə başçısının da müsahibəsində vurğuladığı kimi təsadüfi deyil, Zəngəzur dəhlizinin açılması istiqamətində tarixi addımdır.
İşğalçı Ermənistanın son 30 il ərzində ölkəmizə qarşı törətdiyi mənəvi, hüquqi, iqtisadi terrorlardan biri də Naxçıvanı ərazi etibarilə Azərbaycandan ayrı salmaq idi. Düzdür, xilaskarımız olan ulu öndərin, onun ətrafında sıx birləşən, bir yumruğa dönən naxçıvanlıların şücaəti sayəsində qarı düşmən bu qədim Azərbaycan diyarını diz çökdürə, boyun əydirə, işğal edə bilmədi, lakin öz ata-baba torpağımızdan keçib öz ölkəmizə getməyə həsrət qaldıq. Və nəhayət, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gələr gedər... gedər gələrdi” frazası ilə bütün dolğunluğu ifadə edə biləcəyimiz bu nisgilə də son qoyulacaq. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.
Bildiyimiz kimi, 10 noyabr tarixli Bəyanata əsasən həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına başlanılıb. Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi daha da genişlənəcək, Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Həyata keçirilməkdə olan Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Naxçıvanın da inkişafına mühüm təkan vermiş olacaq. Hazırda muxtar respublikada dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər də buna xidmət edir. Azərbaycan regionda gələcək sülh və iqtisadi, mədəni tərəqqiyə rəvac verəcək kommunikasiya əlaqələrinin bərpasına nail olacaq. Bu inkişafın lokomativi isə Azərbaycanın dünyada tanınmış siyasi lideridir. Bu əraziləri polad magistrallardan da çox-çox əvvəl birləşdirən “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”, – deyən dövlət başçımızın polad iradəsi, “dəmir yumruğ”udur. Bu mühüm tarixi addım həm də Azərbaycanın düşməni təcavüzkar siyasətdən əl çəkib regional əməkdaşlığa vadar etməklə dünyada beynəlxalq sülh və asayişin, humanizm prinsiplərinin qarantı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti tarixi Naxçıvan Bəyanatında Kanada, Fransa kimi ölkələrin Azərbaycanda gedən proseslərlə, Şuşanın qaytarılması ilə bağlı bəyanatları, revanşist fikirləri rədd edərək Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunduğunu, Azərbaycanda bütün proseslərin müsbət istiqamətdə getdiyini bir daha qətiyyətlə bildirdi. Bu mühüm tarixi əhəmiyyət kəsb edən bəyanatın və tarixi Naxçıvan səfərinin məntiqi davamı ölkə başçısının növbəti Şuşa səfəri, milli akkordları isə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə uzun illərdən sonra keçirilən “Xarıbülbül” musiqi festivalı və festivalda Şuşanın azad olunmasında fəal iştirak edən igid naxçıvanlıların şərəfinə səslənən “Naxçıvan” mahnısı oldu.
Son üç ildə iki uğurlu hesabat
Ölkə başçısının muxtar respublikaya hər səfəri, buradakı quruculuq, inkişaf prosesi ilə tanış olması, dövlət siyasətinin, xüsusilə də yeni sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsi ilə bağlı yüksək təəssüratla ayrılması həm də Naxçıvanın uğurlu tarixi hesabatıdır. Bu mənada, dövlət başçımızın son səfərindən gəlinən qənaəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul etməsinin davamı olan növbəti uğurlu hesabat kimi də dəyərləndirmək olar.
Vaxtilə 2019-cu ildə müzakirə olunan məsələlərə diqqət yetirək. Naxçıvanın təhlükəsizliyi məsələsi ilə bağlı Ali Məclisin Sədri muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələrin Ali Baş Komandanın hər bir tapşırığı yerinə yetirməyə tam hazır olması ilə bağlı ölkə başçısı qarşısında öhdəlik vermişdi. Bu öhdəlik dövlət başçımızın Naxçıvan səfərində verdiyi müsahibədə də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçilərinin – həm xüsusi təyinatlıların, həm digər birləşmələrin hərbçilərinin fəal iştirak etməsini, şəhidlər verməsini, böyük fədakarlıq göstərməsini qürurla xatırlatması ilə özünü doğrultdu. Müsahibədə ilk dəfə olaraq o da bildirildi ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya aparılmış və cəbhə bölgəsinə göndərilmişdir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır” mesajı “dəmir yumruq” altında can verən, bununla da Naxçıvan iştahası da ömürlük gözündə qalan düşmənə daha bir ölümcül zərbə oldu.
Bəhs etdiyimiz qəbul zamanı Ali Məclis Sədrinin 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Culfa-Ordubad yolunun, Süni Mayalanma Mərkəzinin tikintisi və digər məsələlərlə bağlı ölkə başçısı qarşısında götürdüyü öhdəliklər Prezident cənab İlham Əliyevin mayın 10-dakı səfəri zamanı özünü tamamilə doğrultdu ki, bu da muxtar respublikada ümummilli lider Heydər Əliyev ideyalarının, bu ideyaların davamı olan müasir dövlət siyasətinin dəqiqlik və sədaqətlə həyata keçirildiyini bir daha təsdiqlədi.
Ölkə başçısının növbəti səfəri bütünlüklə onu isbat etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “...muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti