06 May 2024, Bazar ertəsi

Yeni ilin ilk ayının ümumi mənzərəsi sosial-iqtisadi inkişafın
bundan sonra da davamlı xarakter daşıyacağını göstərir


Vətən və yurd sevgisindən yoğurulan, qurub-yaratmaq əzmindən güc alan, müdrik siyasətə əsaslanan mahir idarəetmə sükanı qədim və ulu diyarımızı dinamik inkişaf tempi ilə daim irəliyə, yeni zirvələrə doğru aparmaqdadır. Milli-mənəvi dəyərləri qoruyub yaşatması, mühüm siyasi-iqtisadi yenilikləri ilk olaraq reallaşdırması, elm, təhsil, innovasiya sahəsindəki novatorluğu ilə müasir tarixin yeni inkişaf modelinin müəllifinə çevrilən Naxçıvan mühüm sosial-iqtisadi nailiyyətləri ilə daha bir ili arxada qoydu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasındakı məruzəsində vurğuladığı kimi, 2020-ci ildə ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızda da iqtisadi inkişaf dinamikası qorunub saxlanılmış, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlər görülmüşdür. Muxtar respublikamızın 2021-ci ilə bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olmaqla, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım əldə etməklə qədəm qoyması inkişaf konsepsiyasının gələcək uğurlarından soraq verir.

İnkişaf və quruculuq ünvanlarımızdan olan Şərur qurur, yaradır və yaşadır

Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən illər ərzində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Muxtar respublikanın hərtərəfli tərəqqisini özündə əks etdirən inkişaf və quruculuğun ünvanına çevrilmiş Şərur da bu gün yüksəlişin yeni mərhələsindədir. Bu illər ərzində rayonun siması tamamilə dəyişmiş, çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılmış, yollar, körpülər salınmış, meliorasiya qurğuları istismara verilmişdir. Ötən il Şərur şəhərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, Təqaüdçülər Klubunun, Mərasim Evi və dini icma üçün iş otaqlarının, musiqili fəvvarənin, 4 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. Rayonda Mədəniyyət sarayının, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Bayraq və Saat meydanlarının tikintisi, Şəhidlər xiyabanının, 1 yaşayış binasının, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinin inzibati binalarının əsaslı təmiri və yenidən qurulması davam etdirilib. Bu genişmiqyaslı quruculuq tədbirlərindən rayonun digər bölgələri kimi, Şəhriyar kəndinə də pay düşüb. Kənddə geniş quruculuq işləri aparılmış, yol yenidən qurulmuş, ümumtəhsil və uşaq musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambu­latoriyası tikilmişdir. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin qurucu­luq ünvanlarının açılışlarında iştirak etmişdir.
Şəhriyar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətlə keçirilən tədbirdə muxtar respublika rəhbərinə məlumat verilmişdir ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı vardır. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir.
Baxış zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 200-dən çox təhsil müəssisəsi arasında keçirilən “Naxçıvan Muxtar Respublikası: inkişafın yeni mərhələsi” mövzusunda distant dərs izlənilmiş, STEAM kabinəsində şagirdlərin əl işləri nümayiş etdirilmiş, hazırlanan layihələr haqqında məlumat verilmişdir.
Ali Məclisin Sədri müəllimlərlə görüşmüş, Şəhriyar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək daha bir kənd məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulmasını, ümumilikdə, muxtar respublikanın həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir. Məktəbin son 5 ilinin göstəricilərindən bəhs edən muxtar respublika rəhbəri qazanılan uğurlara görə kollektivə təşəkkür etmiş, məktəbdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə əlaqədar tapşırıq və tövsiyələr vermişdir.
Ali Məclisin Sədri dövlətimizin təhsilə göstərdiyi qayğı nəticəsində məktəbin nailiyyətlərinin bundan sonra daha da artacağına, yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsil ocağının muxtar respublikanın nümunəvi məktəbləri sırasında öz yerini qoruyub saxlayacağına əminliyini bildirmişdir.
Muxtar respublikada gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən tədbirlər çərçivəsində onlara milli musiqi sənətinin aşılanması və musiqi təhsilinin nümunəvi təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən 26 musiqi məktəbindən 24-ü müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Şərur rayonunun Şəhriyar kəndində musiqi məktəbi üçün yeni binanın inşası da bu sahədə görülən işlərin davamıdır. Yanvarın 14-də təhsil müəssisəsinin yeni binası istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.
Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti haqqında məlumat verildikdən sonra Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşmüş, musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, belə təhsil müəssisələrinin milli musiqimizin yaşadılmasındakı müstəsna rolundan danışmışdır.
Ali Məclisin Sədri məktəbdə dünya xalqlarına məxsus musiqi alətlərinin öyrədilməsinə də yer verilməsi, məktəb nailiyyətlərini daha da artırması, muxtar respublikanın musiqi məktəbləri içərisində layiqli yer tutması ilə bağlı tapşırıq və tövsiyələr vermiş, kollektivə fəaliyyətində uğurlar arzulamışdır.
Həmin gün Şəhriyar Kənd Mərkəzi də istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Bildirilmişdir ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə 320 nömrə tutumlu ATS quraşdırılmış, genişzolaqlı internetə çıxış imkanı yaradılmış rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, öz ətrafında kəndin ictimai fəallarından ibarət 102 siyasi həmfikri birləşdirən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal vardır. Muxtar respublika rəhbəri akt zalında ailə təsərrüfatı sahiblərinin maarifləndirilməsi və digər tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən birini insanların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilmiş, Ali Məclisin Sədri səhiyyə ocağının fəaliyyəti ilə maraqlanmışdır.
Ambulatoriyada əhaliyə yüksəksəviyyəli tibbi xidmətin təşkili üçün yaradılan şərait, müasir tibbi avadanlıqlar barədə məlumat verilmiş, muxtar respublika rəhbəri patronaj xidmətinin, yaş qruplarına uyğun işin təşkili, ambulatoriyada fəaliyyət göstərən aptekin tələbata uyğun dərman preparatları sifarişinin verilməsi və tibbi maarifləndirmə işinin aparılması barədə tapşırıqlar vermişdir.
Sakinlərin rahatlığına xidmət edən qurucu­luq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulmuş, yanvarın 14-də avtomobil yolu istifadəyə verilmişdir. Yolda aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 3580 metrlik kənd avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində tikilmiş yeni xidmət mərkəzinin də açılışını etmişdir. Bildirilmişdir ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazalarında isə keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə 6 nəfər işlə təmin edilmişdir. Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıq vermişdir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuş, Ali Məclisin Sədri Şəhriyar kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər”.

İnsan amilinə verilən dəyər,
şəhid ailələrinə böyük qayğı və ehtiram

İnsan amili dövlət siyasətinin əsas qəbul edilən prioriteti kimi muxtar respublikamızda istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Bu tədbirlər çərçivəsində şəhid ailələrinin mənzillə təmin olunması xüsusilə diqqətdə saxlanılır. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilmiş, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək yeni yaşayış binasında ilk mənzilin şəhid ailəsinə təqdim olunduğunu diqqətə çatdıraraq bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbir diləmiş, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim etmişdir. Şəhid ailəsinə verilən mənzildə yaşayış üçün bütün şərait yaradılmış, təmir olunmuş, xalça hədiyyə edilmişdir.
Binaya baxış zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Mənzillər müasir kommunal şəraitlə təmin olunmuş, yaşayış binasının zirzəmisində xidmət mərkəzi yerləşir.

Vaxtında görülmüş işlər muxtar
respublikada epidemiyanın pandemiyaya çevrilməsinin qarşısını aldı

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarə­etmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir. Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini – Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva Ali Məclisin Sədrinin Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazır­lanması ilə bağlı tapşırığına əsasən yeni nəşr olunmuş atlası muxtar respublika rəhbərinə təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək 1930-cu ildə yaradılan Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin ötən illərdə rayonun inkişafına töhfə verdiyini bildirmiş, bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə düşən mühüm vəzifələrdən danışmışdır. Muxtar respublika rəhbəri vurğulamışdır ki, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılmalı və əhali daim maarifləndirilməli, bu sahə ilə əlaqədar kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi.
Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin Sədri bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar vermişdir.

Qürur və and yerimiz olan şəhidlərimizin xatirəsi unudulmur, qəhrəmanlıq
örnəkləri, ideya və amalları yaşadılır

Ölkəmizdəki azad, suveren, demokratik dövlət quruculuğu prosesi şərəfli və çətin mübarizə yolu keçmiş, bugünkü dövlət müstəqilliyimiz Vətən yolunda, milli müstəqillik uğrunda öz həyatını qurban verərək ən yüksək zirvəyə ucalan Vətən övladlarının canı, qanı bahasına başa gəlmişdir. 20 Yanvar faciəsi isə müstəqillik uğrunda mübarizə tariximizdə ən şanlı səhifə, qürur və şərəf günü kimi başlıca yer tutur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar 70 illik əsarətə, çökməkdə olan sovet imperiyasına qarşı azadlıq, suverenlik uğrunda milli mücadiləyə başlayan Azərbaycan xalqının milli iradə və əzmini sarsıtmaq, insanların müstəqillik arzularını boğmaq istədi. Bakı şəhərində 147 Azərbaycan vətəndaşının şəhid olması, 744 nəfərin yaralanması və xəsarət alması ilə nəticələnən qanlı faciə törədildi. Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirmələrinə rəvac verən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarının gerçəkləşdirilməsi, müstəqil dövlətçilik prinsiplərinin həyata keçirilməsi istiqamətində tarixi addımlar atmışdır. Bu gün xalqımız ulu öndərin müqəddəs ruhunu həm də ona görə əziz tutur ki, vətənpərvər siyasi xadim, milli lider kimi 20 Yanvar faciəsinə ilk dəfə Naxçıvanda siyasi qiymət vermiş, xalqın milli müstəqillik uğrunda mübarizəsinə siyasi bəraət qazandıraraq şəhidlərimizə yüksək ehtiram nümayiş etdirmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il 21 noyabr tarixli “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul etmiş, həmin Qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Ümummilli liderin siyasətinin davamı olaraq bu gün 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Xalqımız dövlət müstəqilliyinin əsası olan ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızı azad etmək, növbəti işğalçı hücumlara, faciə və soyqırımlara məruz qalmamaq üçün 20 Yanvarda nümayiş etdirdiyi milli iradə və qətiyyəti Vətən müharibəsində bir daha sərgilədi, 20 Yanvar şəhidlərimizin Vətən azadlığı uğrunda şərəflə, sonadək mübarizə aparmaq ideyalarının yaşadıldığını təsdiq etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən bu müharibədə ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan böyük tarixi Qələbə qazandı. Bu il xalqımız 20 Yanvar şəhidlərini bugünkü qələbəmizin bəxş etdiyi milli vüqar və əzəmət ilə yad etdi.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gələrək oradakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Ali Məclisin Sədri şəhidlərin məzar­larını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də şəhidlərin əziz xatirəsini ehtiramla yad etmiş, muxtar respublikanın rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
20 Yanvar şəhidlərimiz mübarizlik, qətiyyət, Vətən uğrunda şəhid olmaq ucalığının müqəddəsliyini onilliklərboyu aşılamaqla gənc nəslə örnək olmuş, bugünkü qalibiyyətimizin müəlliflərinin – vətənpərvər nəslin yetişməsinə rəvac vermişlər. Xalqımız onların müqəddəs ideyalarına sadiq qalmaqla əziz xatirələrinin əbədi yaşayacağını bir daha bəyan etdi.

Əməkdaşlıq əlaqələri yeni müstəvidə

Ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətinin ilk diplomatik əlaqələrinin əsası məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuş, həmin tarixə söykənən Azərbaycan-İran əlaqələri bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Münasibətlərin genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Yanvarın 30-da İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşmüşdür. Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş və muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulamışdır.
Məhəmməd Cavad Zərif göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək İran İslam Respublikasının Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini bildirmiş, səfərinin məqsədinin region ölkələri arasında sülhün bərqərar edilməsi və yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaq olduğunu, yaxın gələcəkdə bölgədə çoxtərəfli əməkdaşlığın təşkilinə ümid etdiyini demişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olmuşdur.

Yeni ilin ilk ayının ümumi mənzərisinin təhlili onu deməyə əsas verir ki, bu il də muxtar respublikamızın müstəqillik tarixinə sosial-iqtisadi uğurlar, mühüm ictimai-siyasi, elmi-mədəni yeniliklərlə yazılacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da dediyi kimi, “Qarşıda bizi daha ciddi vəzifələr gözləyir. Mövcud tərəqqi və sabitlik bundan sonra da qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR