06 May 2024, Bazar ertəsi

Bunu ötən ayın ümumi siyasi mənzərəsi də bir daha təsdiqləyir

Yola saldığımız noyabr ayı 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən, ümummilli mənafelərə xidmət edən, dövlət müstəqilliyimizin əbədi bərqərar olmasının, müstəqil ölkəmizin çoxşaxəli inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ilə əlamətdardır. Ötən ay, eyni zamanda uzun illərdir ki, siyasi fəaliyyəti ilə ümumxalq rəğbəti və beynəlxalq nüfuz qazanan bu rəhbər siyasi partiyanın uğurlu, konkret hədəflərə istiqamətlənmiş qətiyyətli siyasi mübarizəsi nəticəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildir, işğal altında olan ərazilərimizin müzəffər Ordumuzun hərbi qüdrəti ilə azad olunduğu, Azərbaycanın II Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, hərbi, siyasi, həm də ideoloji baxımdan müstəsna əhəmiyyət kəsb edən qələbəyə nail olduğumuz mühüm bir tarixlə də əbədiləşdi. Noyabr ayı muxtar respublikamızın da siyasi, sosial-iqtisadi həyatında mühüm əlamətdar tədbirlər, QURUCU RƏHBƏRİN insan amilinə, doğma yurdun çiçəklənməsinə, rifahına xidmət edən inkişaf və tərəqqi siyasətinin real bəhrələri ilə yaddaqalan oldu. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.
Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmiş, həmçinin Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir. Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri olduğunu, bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildiyini, bu qərarlardan birinin də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı olduğunu xatırlatmışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.

Görüşdən sonra mətbuata bəyanatla çıxış olmuşdur. Türkiyə Respublikasının Baş naziri olmuş Binəli Yıldırım çıxış etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında vurğulamışdır ki, bu gün Türkiyə dövlətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməsi ­ölkələrimiz arasındakı dostluq və qardaşlığın əyani ifadəsidir.
Son illərdə muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu da kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Noyabrın 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yarmarkada iştirak etmişdir. Ali Məclisin Sədri, ümumilikdə, 447 ailə təsərrüfatı tərəfindən 1600 çeşiddə 48 mindən çox qablaşdırılmış məhsul çıxarılan yarmarkada özünüməşğulluğa cəlb olunmuş ailə təsərrüfatlarının məhsullarına, müxtəlif stendlərə baxmış, məhsul çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi barədə tapşırıqlar vermişdir. Muxtar respublika rəhbəri ailə təsərrüfatlarının sahibləri ilə söhbət etmiş, məhsullardan almışdır. Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, göstərilən qayğı nəticəsində ilbəil istehsal olunan məhsulların çeşidinin artdığını qeyd etmiş, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Türkiyə Cümhuriyyətinin qurucusu, Türk dünyasının böyük siyasi lideri Mustafa Kamal Atatürkün anım günü, 30 ilədək işğal altında olan torpaqlarımızın azad olunduğu, tarixi zəfər qazandığımız bir gün – noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü sarsılmaz Azərbaycan-Türkiyə birliyi və çoxcəhətli tərəfdaşlığında Azərbaycanın ulu diyarı Naxçıvanın müstəsna siyasi-strateji rolunu bir daha təsdiqləmişdir. Ali Məclisin Sədri qonaqları salamlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaşlıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirmişdir. Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin 30 ilədək işğal altında qalmış torpaqlarımızın azad olunduğu və Azərbaycan xalqının böyük qələbə sevinci yaşadığı günə təsadüf etdiyini bildirmiş, bunu Türkiyənin bir daha Azərbaycan xalqının yanında olduğunun əyani ifadəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri böyük öndər Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin – ayrı-ayrı dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsində mühüm rol oynayan hər iki dahi şəxsiyyətin ölməz əməlləri ilə bu gün də yaşadıqlarını vurğulamışdır. Muxtar respublika rəhbəri Naxçıvanda ombudsman institutunun formalaşması, eləcə də bu sahədə görülən işləri diqqətə çatdırmış, çıxışını “Var olsun Türkiyə, var olsun Azərbaycan! Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna eşq olsun!” fikirləri ilə tamamlamışdır. Şərəf Malkoç göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq etmiş, söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarmış, yaşayış məntəqələri müasirliyə qovuşmuşdur. Rayon kimi yaranmasından 90 il ötən, muxtar respublikanın ən qədim və böyük yaşayış məntəqəsi olan Şərur müasir görkəmi ilə seçilir. Rayonun Qarabürc kəndində aparılan quruculuq işləri həyata keçirilən tədbirlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 11-də Qarabürc məktəbində olmuş, 120 şagird yerlik, 3 mərtəbəli yeni məktəb binasında tədrisin vəziyyəti ilə maraqlanmışdır. Məktəbdə digər müasir tədris – ilk dəfə STEAM kabinəsi yaradılmışdır. Ali Məclisin Sədri elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə inteqrasiya olunduğu modern tədris ­metodunun tətbiqi üçün yaradılan STEAM kabinəsində şagirdlərin əl işlərinə baxmış, STEAM metodları ilə bağlı xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də STEAM kabinəsinin yaradılması ilə bağlı tapşırıqlar vermişdir. Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilmiş, sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur. Muxtar respublika rəhbəri məktəb kollektivini təbrik edərək demişdir ki, müəllimlərin üzərinə düşən vəzifə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır. Ali Məclisin Sədri pedaqoji kollektivə təşəkkür etmiş, nailiyyətlərin daha da artacağına və yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Qarabürc Kənd və Xidmət mərkəzlərində görülən işlərlə də tanış olmuşdur. Ali Məclisin Sədri kənd mərkəzində kitab müzakirələrinin keçirilməsi və tibbi xidmətlərin təşkili, xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış xidmət mərkəzində isə ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi ilə bağlı tapşırıq vermiş, sonra sakinlərlə görüş olmuş, Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Həmin gün muxtar respublika rəhbəri Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə də tanış olmuşdur.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı məqsədilə torpaq ehtiyatlarından düzgün istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Naxçıvanda torpaq və su ehtiyatları kompleks şəkildə əkinçiliyin inkişafına yönəldilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır. Son illər muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkələri qurularaq sakinlərin istifadəsinə verilmişdir. Noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Muxtar respublika rəhbərinə 810 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi, həmçinin Kəngərli rayonu ərazisində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 339 hektar sahədə də yeni qapalı suvarma şəbəkəsi qurulacağı haqqında məlumat verilmişdir. Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirmiş, bu işdə əməyi olanlara təşəkkür etmiş, tikintidə iştirak edənləri hədiyyələrlə mükafatlandırmışdır. Sonra muxtar respublika rəhbəri qapalı suvarma şəbəkəsini işə salmış, ərazidə qoruyucu yaşıllıq zolaqlarının salınması, qapalı suvarma şəbəkələri tikilərkən kollektor və drenaj sistemlərinin qurulmasına diqqət yetirilməsi, Tivi və Külüs kəndlərində yeni qapalı suvarma şəbəkələrinin layihələrinin hazırlanması barədə tapşırıqlar vermişdir.
Əhalinin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün səhiyyə müəssisələri müasir standartlara uyğun qurulmuş, yeni tibbi avadanlıqlarla təchiz edilmişdir. Həyata keçirilən yenidənqurma işlərindən təbii müalicə mərkəzi kimi dünyada şöhrət qazanan Duzdağ Fizioterapiya Mərkəzinə də pay düşmüş, burada müalicə turizminin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Muxtar respublika rəhbəri tədbirdə çıxış edərək müstəqillik dövründə Duzdağ Fizioterapiya Mərkəzinin Naxçıvan Muxtar Respublikasının rəmzinə çevrildiyini bildirmiş, istifadəyə verilən inzibati binanın səhiyyə müəssisəsinin 40 illik fəaliyyətinə verilən töhfə olduğunu vurğulayaraq kollektivin üzərinə düşən vəzifələrdən danışmış, post-epidemiya dövrünə hazırlaşmağın zəruriliyini xatırlatmışdır: “Əvvəllər xəstəxana ilə xəstə qəbulu bir yerdə olduğuna görə müəyyən çətinliklər yaranırdı. Artıq xəstə qəbulu və xəstəxana ayrı-ayrı binalarda yerləşir. Mərkəzdə nəyə ehtiyac varsa, onlar müəyyən olunmalı və bütün çatışmazlıqlar aradan qaldırılmalıdır. Mərkəz publik hüquqi şəxs olduğuna görə burada bütün işlər dəqiqliklə hesablanmalı, vəsaitdən qənaətlə istifadə olunmalı və fəaliyyət üçün lazım olan bütün səylər göstərilməlidir”.
Ali Məclisin Sədri bir neçə ölkədə duz şaxtaları, eləcə də süni şəkildə yaradılan şaxtaların olmasına baxmayaraq, onların Naxçıvan Duzdağı kimi təsir gücünə malik olmadığını, ona görə də bu sərvəti qorumalı, tanıtmalı və yaşatmalı olduğumuzu xatırladaraq aidiyyəti təşkilatlara mühüm tapşırıqlar vermiş, kollektivə təşəkkür etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra binaya baxış olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”. Ulu öndərin vaxtilə Yeni Azərbaycan Partiyasının siyasi məramını xarakterizə edən bu müdrik kəlamları illər sonra partiyanın siyasi rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi, hərbi-siyasi gücümüzün yenilməzliyinin, dövlət-xalq-ordu birliyinin nələrə qadir olduğunun bir daha öz təsdiqini tapdığı müasir dövrümüzlə də ideal səsləşir. Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclası keçirilmiş, “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur. Ali Məclisin Sədri iclası açaraq demişdir ki, ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirmiş, güclü və qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanmışdır. Ali Məclisin Sədri bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlərə şəfa diləmiş, şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ali Məclisin Sədri iclasda məruzə edərək 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı olan Yeni Azərbaycan Partiyasının ötən dövrdə keçdiyi böyük inkişaf yolundan danışmışdır. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olunmuşdur. Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması ulu öndərimizin yoluna sədaqətin bəhrələridir. Bütün bunların hesabınadır ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıraları xeyli genişlənmişdir. Ali Məclisin Sədri vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı bundan sonra da muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməli, ümumi inkişafın mahiyyətinə uyğun təhlillər aparılmalı, işə yaradıcı yanaşılmalı, təkliflər verilməlidir.
Ali Məclisin Sədri hər bir siyasi təşkilatın öz gələcəyini düşünmədən siyasi fəaliyyət göstərməsinin mümkün olmadığını xatırladaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, Heydər Əliyev adına Gənclər Birliyi, şəhər və rayon təşkilatlarının gələcək siyasi fəaliyyətlərinin əsas konsepsiyalarını diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasını və ölkəmizi ümummilli liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq” kəlamlarını xatırladaraq bu yolda partiya üzvlərinə uğurlar arzulamışdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimovun təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilmiş, çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunmuş, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi səsə qoyularaq qəbul edilmişdir. Ali Məclisin Sədri gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması barədə tapşırıqlar vermiş, Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü və qazanılan tarixi qələbə münasibətilə partiyanın muxtar respublika təşkilatının üzvlərini təbrik etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunu da əhatə etmişdir. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti yaranmasının 90 ili tamam olan Culfa rayonunda sakinlərin firavan yaşayışını təmin etmişdir. Bu il də rayonda kompleks tikinti-quruculuq işləri həyata keçirilib. Noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidmət kompleksi istifadəyə verilmiş, avtomobillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Muxtar respublika rəhbərinə şöbənin ikimərtəbəli inzibati binası, 4 qaraj, ehtiyat hissələri və təsərrüfat anbarlarının yenidən qurulması, müasir maddi-texniki təchizatı haqqında məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək bildirmişdir ki, həyata keçirilən işlər əhalinin və dövlətin əmlakını yanğından və digər hadisələrdən vaxtında qorumağa və qarşısını almağa xidmət edir. Muxtar respublika rəhbəri Fövqəladə Hallar Nazirliyinin kollektivinə təşəkkür etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamış, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmasını tapşırmışdır. Sonra yeni avtomobillərə baxış olmuş, Ali Məclisin Sədri könüllü yanğın­söndürmə dəstələrinin yaradılması və kursların təşkilinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada bütün sahələr kimi, təhsil də qayğı ilə əhatə olunmuşdur. Təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, nümunəvi dərslərin keçilməsi, innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində çıxış etmişdir. Muxtar respublika rəhbəri inzibati binası istifadəyə verilən Culfa Rayon Təhsil Şöbəsinin 2019-2020-ci tədris ilindəki uğurlarından bəhs edərək əminliyini bildirmişdir ki, yaradılan müasir iş şəraiti imkan verəcəkdir ki, məktəblərə nəzarət daha da gücləndirilsin, tədrisin vəziyyəti yaxşı təhlil edilsin, müzakirələr aparılsın, çatışmazlıqlar aradan qaldırılsın, rayonun təhsil nailiyyətləri daha da artırılsın. Təhsil Şöbəsinin inzibati binasında 3 məktəbdənkənar təhsil müəssisəsi üçün lazımi şərait yaradıldığını, burada həm milli, həm də innovativ dərnəklərin birlikdə fəaliyyət göstərəcəyini diqqətə çatdıran muxtar respublika rəhbəri qeyd etmişdir ki, tətbiq olunan bu yeniliklərin istifadəsinə nəzarət olunmalı, tələbkarlıq artırılmalıdır.
Ali Məclisin Sədri binada yaradılan şərait və dərnəklərin fəaliyyəti ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, memarlıq-dizayn, qum sənəti, xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində robotexnika və STEAM, mental-aritmetik, bijuteriya, ağac üzərində oyma, ağac üzərində yandırma, Turist-Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq, dulusçuluq, bədii tikmə və toxuculuq dərnəkləri yaradılmışdır.
Muxtar respublika rəhbəri mental-aritmetik dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət etməklə hesablama əməliyyatı aparmalarını izləmiş, yaradılan şəraitdən istifadə etməklə təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıdakı illərdə innovativ dərnəklərin fəaliyyətinin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Culfa şəhərində yenidən­qurmadan sonra istifadəyə verilən yaşayış binalarında görülən işlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, 11 yaşayış binası yenidən qurulmuş, həyətləri abadlaşdırılmış, binaların ətrafındakı yollara asfalt qatı verilmişdir. Ali Məclisin Sədri yaradılanların qorunması ilə bağlı tapşırıq vermişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanmış, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılması, hazırda külək turbinlərinin bünövrəsinin qoyulması, həmçinin yarımstansiya tikilməsi barədə muxtar respublikamızın rəhbərinə məlumat verilmişdir. Ali Məclisin Sədri görüləcək işlərin keyfiyyətli icrası ilə bağlı tapşırıqlar vermişdir.
İşğalçı Ermənistanın oktyabr ayında Azərbaycana qarşı növbəti təxribatlar məqsədilə başladığı və düşmənin biabırçı hərbi kapitulyasiyası ilə bitən 44 günlük müharibə ölkəmizin yenilməz müdafiə qüdrətini, ordumuzun yüksək döyüş qabiliyyətini nəinki mənfur düşmənlərimizə, bütün dünyaya sübut etdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində göstərdiyi şücaət, hərbçilərimizin ərazi bütövlüyümüz uğrunda nümayiş etdirdiyi əzmkarlıq isə müzəffər hərb tariximizin qəhrəmanlıq səhifələrini təşkil edir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev də xalqa müraciətində naxçıvanlıların İkinci Qarabağ müharibəsində fəal iştirakını xüsusi qeyd edərək demişdir: “...Əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Vətənpərvərlik və insan amilinin dövlətimizin siyasətinin əsas prioritetləri kimi götürüldüyü muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsinə xüsusi diqqət yetirilir. Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşmüş, onların səhhəti və qidalanması ilə maraqlanmış, müalicə olunan hərbçilərimizlə söhbət etmişdir. Ali Məclisin Sədri Hərbi Hospitalın kollektivi ilə görüşərək demişdir: “Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitalda müalicə olunan hərbçilərlə fərdi şəkildə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbçilərin müalicələrinə köməklik göstərilməlidir”.
Ali Məclisin Sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür etmiş, hospitalda müalicə alan əsgərlərə və yaralılara hədiyyələr paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Araz çayında inşa olunacaq yeni nasos stansiyasının layihəsinə və əkin dövriyyəsinə qatılacaq yeni əraziyə baxmışdır. 2091 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan əkin sahələrini də su ilə təmin etməyə şərait yaradacaq nasos stansiyası haqqında məlumat verilmişdir.
Ali Məclisin Sədri çıxış edərək muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, torpaqların münbitliyinin artırılması ilə bağlı həyata keçirilən işlərdən, görüləcək meliorativ tədbirlərdən danışmış, tikinti işlərinə başlanması, ərazinin xəritəsinin hazırlanması və “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Sentyabrın 27-də erməni təxribatının qarşısını almaq məqsədilə başlanılan Vətən müharibəsinin ilk günündən noyabrın 10-a – Böyük Qələbə qazanılan günədək Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparmışlar. Qürurverici haldır ki, onların arasında Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə yanaşı, Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarını uğurla başa vuran gənclərimiz də olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.
Vətənə və xalqa xidmətin ən ali məqamı şəhidlikdirsə, onlara göstərilən yüksək ehtiram dövlət-xalq-ordu birliyinin parlaq təzahürüdür. Muxtar respublika rəhbəri şəhidlərə böyük ehtiram nümayiş etdirməklə də əsl vətənpərvərlik örnəyi, insan amilinə dəyərin unikal nümunəsinə çevrildi.
Noyabrın 2-də, 6-da, 13-də, 17-də,19-da, 22-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimləri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirlərdə iştirak etmişdir. Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı Baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də şəhidlərimizin qarşılanma mərasimlərində iştirak etmişlər.
Şəhid olan hərbi qulluqçularımızın üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilmiş, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılmış, “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhid cənazələrinin önündən keçilmişdir. Şəhidlərin cənazələri doğulduqları şəhər, qəsəbə və kəndlərə yola salınmışdır.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı vermişdir.

Ötən ay ərzində görülən işlər, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər bir daha sübut edir ki, böyük vətənpərvər, qətiyyətli, uzaqgörən və humanist muxtar respublika rəhbəri illər öncə bəyan etdiyi siyasi məramını bu gün də uğurla, fədakarlıqla gerçəkləşdirir: “Bütün qüvvə və bacarığımı Naxçıvanın çiçəklənməsinə sərf edəcəyəm, ordu quruculuğu, təhsil, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə üstün istiqamət olacaq”. Qədim və ulu diyarımızın bu müdrik siyasət işığında inkişaf yolu ilə inamla irəliləməsi hələ neçə-neçə möhtəşəm tarixi zəfərlərə imza atacağından soraq verir.

- Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR