və ya Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir
Günü-gündən qloballaşan və təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyində elə ömür yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlərlə yaddaşlarda qalsın. Belə yaşamaq yolunu tutan kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, o yolu uzada bilirlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü mənsub olduğun dövlətə və xalqa fədakarlıqla xidmət etməkdir.
Bu yolu seçənlər, bu yolda çətinlikləri dəf etməyi bacaranlar mənzilbaşına çatıb arxaya dönəndə qət etdiyi yolun doğruluğunu, bir qədər obrazlı desək, şirinliyini görürlər. Cəmiyyət qarşısında alnıaçıq, üzüağ olduqları üçün ürəkdolusu nəfəs alırlar. Bu da ulu Dədə Qorqudun tövsiyəsidir: “Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim”.
Cəmiyyət öz inkişafı tarixində dəyişən müxtəlif mərhələlərdən keçir. Quruluşlar dəyişir, hakimiyyətlər bir-birlərini əvəz edir, dünənlə bu gün arasındakı fərq dəyərləndirilir. Dəyişməyən isə ən qiymətli dəyər kimi yaşadığın ömrün gərəkli olmasıdır.
Yaşadığın ömrün xalqa gərəkli olması ciddi əxlaqi problemdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətidir, dövlətə və dövlətçiliyə sədaqətidir, obyektivlik meyarıdır, insan əməyinin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək olar. Bu yolla mənalı ömür sürmək, xalqa, cəmiyyətə fayda vermək, hər bir şəraitdə haqqa, ədalətə qahmar çıxmaq olar. Belə yol seçənlər həmişə yüksəkdə duraraq cəmiyyətdə fəal həyat mövqeyi tutur, xalqın sevimlisinə çevrilir.
Ulu öndərimiz Heydər Əliyev xalqa, dövlətə xidmət yolunu tutan insanlara böyük dəyər verirdi. Çünki ümummilli liderimiz özü də bu yolun yolçusu idi. Bu gün bu yol böyük ehtiramla davam etdirilir. Elə yaşadığımız bu qədim yurd yerində – Naxçıvanda dövlətə, xalqa xidmət yolunun uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir naxçıvanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Bu yol naxçıvanlıların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənclərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hisslərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır.
Naxçıvanlılar görürlər ki, bu yol müqəddəs yoldur – davam etdikcə uğurlarımız da artır. Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar müstəqillik illərində keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün hər birimizə böyük qürur hissi yaşadır. Və hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır. Bu prinsip naxçıvanlıların həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Belə vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir. Naxçıvanlılar vətəndaşlıq borcunun yerinə yetirilməsini özlərinin həyat kredosu hesab edirlər.
Bunun ifadəsidir ki, bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz inkişaf və tərəqqinin yeni müstəvisindədir. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdır.
Dünən Naxçıvanın qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatı olan bir turistin sözlərini xatırlayıram: Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür. Bu yenilənmənin, inkişaf və tərəqqinin təməlində nəyin dayandığını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri belə xarakterizə edir: “Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.
Ancaq görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşdırılması da kiçik məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət, ulu öndər Heydər Əliyev ideyalarına böyük sədaqət dayanır.
Bu illər ərzində hər gün, hər saat dəyişən məmləkətimiz başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Naxçıvanın bugünkü mənzərəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirən ölkə başçısı cənab İlham Əliyev muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Uzağa getmədən bu liderliyi özündə təcəssüm etdirən elə yaşadığımız 2021-ci ilin yanvar-noyabr aylarına nəzər salaq. Bu dövrdə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 631 milyon 572 min 600 manat olub. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 5693,6 manata çatdırılıb.
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə muxtar respublikada bəhs olunan dövrdə bütün maliyyə mənbələrindən əsas kapitala 961 milyon 676 min 200 manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 914 milyon 688 min 400 manatı və ya 95,1 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
Bu, bir həqiqətdir ki, Naxçıvan son onilliklərdə buraya gələnlərdə böyük tikinti meydançası təsəvvürü yaradır. Hər il paytaxt şəhərimizdən tutmuş ən ucqar sərhəd və dağ yaşayış məntəqələrində çoxsaylı yeni obyektlər istifadəyə verilir. Muxtar respublikanın gözəlliyə qovuşmasında bu obyektlər mühüm rol oynayır.
Həyata keçirilən uğurlu siyasət muxtar respublikanın sənayeləşmə prosesini daha da sürətləndirib, bəhs olunan dövrdə muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutub. Belə ki, bu sahə üzrə 991 milyon 794 min 100 manat dəyərində məhsul istehsal edilib.
Bəhs olunan dövrdə aqrar bölmədə də böyük irəliləyiş müşahidə edilib. Belə ki, 483 milyon 441 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılır. Bəhs olunan dövrdə bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 207 milyon 694 min 500 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 26 faiz çoxdur. Verilmiş kreditlərin 22 milyon 214 min 400 manatı qısamüddətli, 185 milyon 480 min 100 manatı isə uzunmüddətli kreditlər olub.
Hər il olduğu kimi, cari ildə də sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması diqqətdə saxlanılıb. Göstərilən qayğı bəhrələrini verib. Bunun ifadəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Bu dövrdə informasiya və rabitə xidmətlərinin dəyəri 55 milyon 566 min 600 manat olub. Bu da əvvəlki ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 6,8 faiz çoxdur. Bu dövr ərzində rabitə xidmətinin dəyəri 41 milyon 831 min 500 manat təşkil edib. Bəhs olunan dövrdə digər sahələrə göstərilən qayğı da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə bu mətbu orqanın muxtar respublika səviyyəsində geniş qeyd edilməsi, qəzet əməkdaşlarının əməyinin qiymətləndirilməsi deməyə əsas verir ki, muxtar respublikada jurnalistikanın da inkişafına böyük önəm verilir. Qədim diyarımızda söz, fikir və mətbuat azadlığının təmin edilməsi, sərbəst yaradıcılıq imkanları yaradılması nəticəsində teleradiolar və qəzetlər üçün müasir maddi-texniki baza istifadəyə verilib, yeni informasiya agentliyi fəaliyyətə başlayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Heç şübhəsiz ki, muxtar respublikada son onilliklər ərzində əldə olunan çoxsaylı uğurların, inkişaf və tərəqqinin əsasında elm və təhsil quruculuğu, güclü kadr potensialının formalaşdırılmasına dövlət qayğısı, həssas münasibət dayanır. Ötən dövr ərzində müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, 2 universitet şəhərciyi salınıb, peşə məktəbləri yaradılıb. Təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində diyarımızda “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri reallaşdırılır. Şagirdlərə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu tətbiq edilir. Ali Məclis Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı imzaladığı tarixi sərəncamlar gələcək mütəxəssislə işəgötürən arasında əməkdaşlığın, düzgün kadr seçiminin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu isə, təbii ki, elmi potensialın artması ilə nəticələnib. Cari ilin sentyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilməsi, müşavirədə bölmə yaradılandan sonra görülən işlər və qarşıda duran vəzifələrlə bağlı Ali Məclis Sədrinin geniş məruzəsi bölmə əməkdaşları tərəfindən fəaliyyət proqramına çevrilib.
Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün ikiqat gözdağıdır. Ona görə ki, qədim diyarda əsası ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir. Ali Məclisin Sədri muxtar respublikanın hərtərəfli inkişafına ciddi fikir verməklə yanaşı, diyarın geosiyasi vəziyyətini də daim diqətdə saxlayır, ölkə başçısının da diqqət və qayğısından bəhrələnərək Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, ixtisaslı hərbçi kadrların yetişdirilməsi ilə hərbi potensialı əsaslı şəkildə möhkəmləndirib.
Aparılan ordu quruculuğu siyasətinin bəhrəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərib. Bu azadlıq mücadiləsində Əlahiddə Ümumqoşun Ordu əsgər və zabitləri də qədim diyarda formalaşmış vətənpərvərlik, torpağa bağlılıq, yurdu sevmək kimi keyfiyyətlərini ortaya qoydular. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında bunu dəfələrlə yüksək dəyərləndirib: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsində fədakarlıq göstəriblər. Şəhidlər veriblər”.
Başda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olmaqla, naxçıvanlılar Naxçıvan Beynəlxalq Hava Limanında 20 dəfə bu qədim diyara gətirilən şəhidlərin yüksək sevgi, sonsuz məhəbbət hissləri ilə qarşılanması Naxçıvanda bərqərar olunmuş birliyin ifadəsi idi. Bu gün naxçıvanlı şəhid ailələri və qazilər ən yüksək diqqət və qayğı ilə əhatə olunublar.
Cari ilin may ayının 10-da muxtar respublikaya rəsmi səfərə gələn ölkə Prezidenti cənab İlham Əliyevin qədim diyarımızda bir neçə obyektin açılışında iştirakı, burada görülən işləri yüksək dəyərləndirməsi hamımızı qürurlandırdı. Azərbaycan Televiziyasına verdiyi müsahibədə reallaşan layihələrin, öz həllini tapmış məsələlərin onu çox sevindirdiyini diqqətə çatdırması qədim yurd yerində inkişaf və tərəqqinin yeni mərhələyə qədəm qoymasının dövlət başçısı tərəfindən təsdiqi idi. Təbii ki, bu proses Naxçıvanda həyatın bütün sahələrini əhatə edir. Prezident həmin sahələrə diqqət çəkərək dedi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm...
Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir...
Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir”.
Muxtar respublikanın rekordsmen bölgəyə çevrilməsi isə ümummilli liderin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyev ideyalarına sonsuz sədaqət sayəsində mümkün olub, görkəmli dövlət xadiminin Naxçıvanla bağlı arzuları tamamilə reallaşıb: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti