Artıq bir aya yaxındır ki, hər bir naxçıvanlı may ayının 10-da muxtar respublikada səfərdə olmuş ölkə başçısının qədim diyarımızda gedən qurub-yaratmaq proseslərinə verdiyi yüksək dəyərin sevincini yaşayır: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər bir səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb”.
Həyatımızın hər bir sahəsini əhatə edən bütün sahələrin müsbət istiqamətini hər kəs görür. Naxçıvanlılar üçün isə bu artıq adiləşib. Çünki görülən işlərlə birgə addımlayırıq. Qurulanların, yeni yaradılanların sayı günbəgün artır. Bu, dünənə ehtiramın, bu günə məsuliyyətin, sabaha mənəvi cavabdehlik hissinin ifadəsidir. Qədirbilən naxçıvanlılar isə quruculuq proseslərində fəal iştirak etməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər və blokada şəraitində belə, böyük həcmdə quruculuq tədbirləri həyata keçirməyi onlara göstərilən qayğı kimi dəyərləndirirlər. Qürurverici odur ki, bunu qədim diyarımıza gələn qonaqlar da görür. Qardaş Türkiyə Respublikasından Naxçıvana gələn həmkarlarımızdan birinin dediklərini xatırlayıram:
– Yollar açılandan bəri 13-14 dəfə Naxçıvana gəlmiş, buradakı həmkarlarımla muxtar respublikanın rayon mərkəzlərini, kənd yaşayış məntəqələrini gəzmiş, insanlarla həmsöhbət olmuşam. Həmişə də bu qardaş məmləkətdən yüksək təəssüratlarla, xoş ovqatla, yenidən buraya gəlmək arzusu ilə ayrılmışam. Belə təəssüratları yaradan amillər isə bir deyil, beş deyil. İlk növbədə, naxçıvanlıların səmimiyyəti, qonaqpərvərliyi, sabaha yüksək inam hisslərinin olması. Həm də vətənpərvər olan yurd yerinin sakinləri doğma torpağı ürəkdən sevirlər. Onun gözəlləşməsi üçün mümkün olan hər şeyi edirlər. Elə Naxçıvanın bugünkü səviyyəyə gəlib çatması məhz bu amillər hesabına mümkün olub. Yeni tikililər göz oxşayır, hər biri müasir layihə əsasında, yüksək standartlara tam uyğun. Görülən işlər təkcə Naxçıvan şəhərini, rayon mərkəzlərini əhatə etmir. Məsələn, bu gün Şərurun və ya Ordubadın ən ucqar kəndində tikilmiş məktəb binası Naxçıvan şəhərindəkindən seçilmir – nə arxitektura, nə də yaradılmış şərait baxımından.
Buraya gələrkən Naxçıvan Biznes Mərkəzinə də baş çəkirəm. İlbəil artan iqtisadi yüksəlişlə tanış olmaq üçün burada geniş imkanlar yaradılıb. Və inanıram ki, Naxçıvanda bərqərar edilmiş inkişaf modeli, qazanılan uğurlar belə geosiyasi coğrafi ərazidə deyil, həm də mərkəzi ərazilərdə yerləşən bir çox məmləkətlər üçün nümunə olacaq. Çox yüksək göstəriciləri ifadə edən rəqəmlər torpağa, Vətənə yurd sevgisinin ifadəsidir.
Həmkarımın dediklərini cari ilin ötən dövrünün uğurları da təsdiq edir. Uğurlar isə reallığın təcəssümüdür: Bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi artıb. Artım hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmində də özünü göstərib. Bunu Prezident də vurğuladı: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.
Bəhs olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitin böyük bir hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quruculuq işlərinin həcmi xeyli artıb. Bu həcmdə quruculuq tədbirlərinin həyata keçirilməsi isə, təbii ki, günü-gündən gözəlləşən, müasirləşən Naxçıvanımızın simasına yeni çalarlar gətirir. Yeni tikilərək istifadəyə verilən obyektlərdə iş yerləri yaradılır, məşğulluğun yüksəldilməsi təmin edilir. Bu dövrdə 60-dan çox müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 170-dən çox müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Bu dövrdə yeni kənd və xidmət mərkəzlərinin, təhsil, səhiyyə, mədəniyyət, rabitə, yol və digər infrastrukturlar üçün yeni binaların inşası diqqətdə saxlanılıb. Həyata keçirilən quruculuq tədbirlərində keyfiyyət amilinə xüsusi önəm verilib, yerli tikinti materiallarından istifadə əsas iş prinsipinə çevrilib. O da qeyd olunmalıdır ki, tikilən hər bir obyektdə gələcək perspektiv nəzərə alınıb.
Quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilmiş yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində görülən işlərə ölkə başçısı da yüksək önəm verdi: “Yollar infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də, demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb... Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq, keyfiyyət də yerindədir”.
Bir vaxtlar aqrar region kimi tanınmış muxtar respublikada bu gün artıq rəqabətədavamlı, ixracyönümlü sənaye məhsulları istehsal olunur. Hər il belə məhsullar istehsal edən sahibkarlıq subyektlərinin sayı artır. Belə ki, 2021-ci ilin ilk rübü ərzində regionda dövlət dəstəyi ilə 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 41 layihə üzrə işlər davam etdirilib. Həmin dövrdə sənaye məhsulları ixracı 41 milyon 613 min 300 dollar həcmində olub.
Tarixi təsərrüfatçılıq ənənələrinin yaşadılması, yeni elmi əsaslara söykənən təcrübəyə nail olunması kənd təsərrüfatında da böyük uğurlar qazanılmasını təmin edib. Bu sahənin inkişafı ilə bağlı görülən işlərin həcmi böyükdür. Əkiləcək torpaq sahələrinin şumlanmasından başlayaraq istehsal edilən məhsulun bazara çıxarılmasına qədər hərtərəfli qayğı ilə əhatə olunan hər bir torpaq mülkiyyətçisi, sahibkar, torpağın əsl sahibi olan kənd adamı, ailə təsərrüfatları muxtar respublika, nəticə etibarilə, ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.
Göstərilən qayğının davamlı xarakter almasının göstəricisidir ki, aprel ayının 22-də Şahbuz rayonunun Şahbuzkənd, Külüs və Keçili yaşayış məntəqələrinin 340 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatmaq üçün elektrik sistemləri yenilənib. Göründüyü kimi, bu heç də kiçik rəqəm deyil.
Əkinçilikdə yüksək məhsuldarlığa nail olmaq üçün son illərdə muxtar respublikanın müxtəlif ünvanlarında qapalı suvarma şəbəkəsinin tətbiqi istiqamətində görülən işlər də davam etdirilir. Bu, su itkisinin qarşısını alır, torpağın məhsuldarlığına müsbət təsir göstərir. Digər amillər də çoxdur. Kənd təsərrüfatı təyinatlı layihələrin reallaşdırılması öndədir. Un dəyirmanlarının tikintisi, mövcud dəyirmanların təmiri, soyuducu anbarların inşası, heyvandarlıq, arıçılıq sahələrinin yaradılması xüsusi qeyd olunmalıdır. Bütün sadaladıqlarımız və sadalamadıqlarımız həm də sənaye sahəsi üçün xammal mənbəyi olan kənd təsərrüfatında xeyli uğurlar qazanılmasını təmin edib.
İlin ötən dövrü ərzində davamlı qayğı kənd təsərrüfatının dinamik inkişafına müsbət təsirini göstərib. Görülən işlərin davamı olaraq muxtar respublikada kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bundan əlavə, cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 4 milyon 156 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur.
Həm sənaye, həm də aqrar sahədə qazanılan uğurlarda bir amil də xüsusi vurğulanmalıdır. Bu, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin diqqətdə saxlanılmasıdır. Adıçəkilən dövrdə statistik rəqəmlər artan dinamika ilə özünü göstərir. Bu zaman kəsiyində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 48 milyon 368 min 200 manat kredit verilmişdir. Verilmiş kreditlərin 8 milyon 829 min 600 manatı və yaxud 18,3 faizi qısamüddətli, 39 milyon 538 min 600 manatı və yaxud 81,7 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Bu gün həyatımızı yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. İllərdir ki, muxtar respublikada bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər bu sahənin müasir standartlar səviyyəsinə yüksəlməsini təmin edib. Telefon xətlərinin çəkilişi diqqət mərkəzində saxlanılıb. İnternet istifadəçilərinin sayı artıb.
İnkişaf dinamikasını əks etdirən statistik rəqəmlər bununla bitmir. Sadəcə, onları bir qəzet yazısına sığışdırmaq mümkün deyil. Ona görə də yazını ölkə başçısının bu inkişafı dəqiq ifadə edən fikri ilə bitiririk: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.
Muxtar MƏMMƏDOV