29 Aprel 2024, Bazar ertəsi

Xalqımızın istiqlal mübarizəsinin önündə gedən böyük vətənpərvər şairimiz Xəlil Rza Ulutürk şeirlərinin birində yazırdı:

 Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram...

Azadlıq elə bir şirin nemətdir ki, o, özünə, tarixi keçmişinə, soykökünə hörmət etməyi bacaran xalqların qismətinə düşür. O xalqların övladları da vətənpərvər böyüyürlər, doğulduqları yurd yeri onlar üçün səcdəgah qədər qiymətli olur. Belələri öz yurdunun azadlığa qovuşması yolunda canlarından keçməyi şərəf işi hesab edirlər. Çünki azadlıq heç kəsə elə-belə verilmir, qazanılır. Bu yolda qanlar tökülür, qurbanlar verilir. Şəhidlik zirvəsi fəth olunur. Elə xalqın azadlıq, müstəqillik tarixi də onda yazılır...
Tarixən başı çoxlu bəlalar çəkmiş, dəfələrlə döyüş meydanlarına çevrilmiş Azərbaycanımız da bu əvəzsiz nemət uğrunda tarixin müxtəlif dönəmlərində mübarizələrə qalxmış, özünün varlığını sübut etməyə çalışmışdır.
...Düz 28 il bundan qabaq xalqımız özünün belə bir qəhrəmanlıq tarixinə imza atdı:

Bəsdir Qorqud Dədələrlə öyündün,
Hünərin var, özün Qorqud ol görüm,
Vətən, Vətən deməkdənsə kürsüdən
Yeri gəlsə, Vətən üçün öl görüm.

O soyuq qış günü Vətən övladları üçün kürsü qədim Bakının qan gölünə çevrilən küçələri oldu. İgid eloğullarımız o gün bir daha sübut etdilər ki, torpaq, uğrunda ölən varsa, Vətəndir. Bu amal uğrunda ölümün gözünə dik baxmaq üçünsə, insanın qanında azadlıq eşqi, azadlıq duyğuları alovlanmalıdır. Damarlarında axan qan onları doğma yurda bağlamalıdır.
Qanlı Yanvar qırğınını törədənləri tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki o müdhiş gecədə azğınlaşmış, heç əvvəldən də mənəvi siması olmayan imperiya bütün iç üzünü göstərdi. Ancaq Azərbaycan xalqının iradəsini, əzmini qıra, azadlıq eşqini söndürə bilmədi. O gün qırmızı sovet imperiyasının təpədən-dırnağa müasir hərbi texnika ilə silahlanmış, azğınlaşmış ordusu fövqəladə vəziyyət elan olunmadan azadlıq istəyən, torpağını, yurdunu canından əziz sevən günahsız bir xalqın üstünə yeridildi. Avtomatlardan, pulemyotlardan dolu kimi güllələr yağdırıldı, Bakı gülləbarana tutuldu. Nə uşağa, nə qocaya, nə də qadına aman verilmədi. Guya bununla xalqın gözünün odunu alacaq, onun azadlıq əzmini qıracaqdılar. Lakin Kremlin şovinist rəhbərləri və respublikamızda onların buyuruğu ilə oturub-duran manqurt havadarları bir məsələni unutmuşdular. Unutmuşdular ki, bu xalqın Vətəni öz canından artıq sevən övladları var. Və onlar yüksək amallar uğrunda “uf” demədən özlərini ölümün ağuşuna atmağı, şəhidlik zirvəsinə yüksəlməyi bacarırlar. Çünki damarlarında Koroğlunun, Babəkin, Tomris ananın, Sara xatının qanı axır.
Ölümün gözünə dik baxan belə övladların hesabına müstəqilliyə, azadlığa qovuşduq. Daim ehtiramla, böyük minnətdarlıq hissləri ilə xatırlanan şəhidlərimiz bu gün xalqımızın qəlbində yaşayırlar. Müxtəlif yaşlarda əbədiyyətə qovuşan igid soydaşlarımız onları görənlərin yaddaşlarında da bu yaşda qalıblar. Onlar xalqımıza müstəqilliyimizlə yanaşı, həm də müqəddəs and yerləri – Şəhid xiyaban­ları bəxş etdilər. Bu xiyabanlardakı məzarlarda uyuyanlar dünya durduqca qədirbilən ­xalqımız tərəfindən böyük sevgi və sonsuz məhəbbətlə yad ediləcəklər. Bu məzarlar dünyaya gələn yeni nəsillərə onların qəhrəmanlığından danışacaq, bu günlərin qədrini bilməyi tövsiyə edəcək, ürəklərdəki Vətən yanğısını, yurd sevgisini sönməyə qoymayacaq. Çünki:

Sönsə ürəklərdə Vətən yanğısı
İgidlər bu yerdən od alacaqdır,
Şəhid məzarları inanc yerimiz,
Şəhid məzarları pirdi, ocaqdı...

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR