29 Aprel 2024, Bazar ertəsi

 Əcəmi seyrəngahında düşüncələr

Günü-gündən cavanlaşan qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məmləkət! Səndə tarixlərin çox nişanı var. İllərdir ki, gözəllik sənin yolyoldaşın olub. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza yenicə qədəm qoyan payızın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir. Bu ovqat xəyallarımı illər öncəyə aparır – ilk payız günlərinin birində, şəhərimizin ən gözəl ünvanı olan Əcəmi seyrəngahına. Axşamüstüdür. Seyrəngah insanlarla doludur. Payızın gözəlliyini burada duymağın özü bir gözəllikdir, – deyə düşünürəm. Yadıma gözəl şairimiz Muxtar ­Qasımzadənin misraları düşür:

Təbiət bu yeri gəzib ayrıca
Nə qədər gözəllik bağışlayıbdır.
Günəş zirvələrdən süzüb ayrıca
Dağları yarıdan naxışlayıbdır.

Bəlkə də, payızın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır, sanki bəstəkar bəstəsidir, dinlədikcə ruhun təzələnir. Sənin payız gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri­-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu payız mənim yurdumun payızıdır.

Mənim, sənin, onun olan bu yurd yerində hələlik payızın ilkin əlamətləri özünü göstərməkdədir. Bu da bir gözəllikdir: ağacların yarpaqları öz rəngini təzə-təzə dəyişməyə başlayıb. Elə o ağacların o yarpaqları yüngülvarı əsən mehdən tərpənməkdədir. Başımı qaldırıb səmanın ənginliklərini seyr etmək istəyirəm. Çətirləşmiş ağacların arasından batmaqda olan Günəşin solğun şüaları gözümə dəyir.
Oturduğum skamyadan qalxıb seyrəngahın içərisinə doğru addımlayıram. Uşaqların, gənclərin, ahıl insanların təbəssümlü baxışları ilə rastlaşıram. Hiss etmək çətin deyil ki, buradakı istirahətdən zövq alırlar.
Seyrəngahdan Qızlar bulağına baxıram. Burada şair dostumun “Qızlar bulağı” adlı şeirini xatırlayıram:

Qaya pilləkəndən enib gəlirəm
Yanında qalmağa, Qızlar bulağı.
Bir həzin nəğməyə dönüb gəlirəm
Mən sənin olmağa, Qızlar bulağı.

Payız da yaşılsan, qış da yaşılsan,
Sən mamır qanadlı tovuz quşusan.
Sevən ürəklərə elçi daşısan
Xəyala dalmağa, Qızlar bulağı...

Bir neçə il əvvəl burada salınmış şəlalənin yaxınlığında ayaq saxlayıram. Təbiətin ən gözəl mənzərəsini burada yaratmaq insan zəkasının məhsuludur, insan övladının doğma yurd yerinə bağlılığının ifadəsidir, insan amilinə ehtiramın təcəssümüdür. Buradan görünən Qızlar bulağı isə təbiətin doğma Naxçıvana bəxş etdiyi möcüzələrdən biridir.
Bu payız günlərində Qızlar bulağı yenə də gənclərlə doludur. Neçə-neçə məhəbbətə şahidlik edib Qızlar bulağı. Bu gün yenə də bu “xeyirxah missiya”nı yerinə yetirir. Sevənlərə öz qoynunda yer verir.
Payız həm də sevib-sevilənlərin fəslidir, toy-büsat fəslidir. Muxtar Qasımzadənin “Payız toyları” şeiri­nin hər sətri bu payız günündə xatirələrimizi daha da ülviləşdirir, özümüzü o toylarda görürük, “Qızlar bulağı”nda gəzişən, söhbətləşən, çöhrələrindən məhəbbət yağan gənc­lərə bir qədər həsədlə baxırıq:

Yenə xatirələr baş alıb gedər
Çəkər ortalığa söz məhəbbəti.
Payız toylarında toy-bayram edər
Hərənin qəlbində öz məhəbbəti.

Bu payız günündə bu füsunkar təbiətin, ülvi gözəlliyin qoynunda aldığım təəssürat ruhumu təzələyir. Sanki payıza yenidən vuruluram. Bu, doğma Naxçıvanımın payızıdır, sənin, mənim, hamımızın payızıdır...

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR