29 Aprel 2024, Bazar ertəsi

1990-cı ildə 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülən ulu öndər Heydər Əliyevin seçicilərlə görüşə gəlməsinə hələ xeyli qalmış Nehrəm kəndinin mərkəzində, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Böyükdən-kiçiyə, seçici yaşına çatmayan şagirddən kəndin ağsaqqalı, ağbirçəyinə qədər yüzlərlə adam dahi şəxsiyyəti görmək, dinləmək, bugünkü mürəkkəb şəraitə münasibətini bilmək üçün kəndin meydanına toplaşmışdı. Seçicilərlə görüşdə kənd sakinləri Sosialist Əməyi Qəhrəmanı Əli Əliyev, uzun illər muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik etmiş mərhum Əqil Mehdiyev və başqaları çıxış edərək ulu öndərimiz haqqında ürək sözlərini bildirdilər. Xalqımızın görkəmli oğlu Heydər Əliyev seçiciləri ilə görüşdə dedi: “Mən uzun müddət müxtəlif sahələrdə işləmiş, müxtəlif ali orqanların deputatı olmuşam. Xalqın etimadını doğrultmağa çalışmışam. Lakin indiki dövrdə, tarixin bu mühüm mərhələsində, ölkəmizin ictimai-siyasi vəziyyətinin gərgin bir vaxtında Azərbaycan Xalq deputatlığına namizəd göstərilməyim mənim üçün daha xoşdur. Buna görə mən böyük məsuliyyət hiss edirəm. Mənə belə bir etimad göstərdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Əgər deputat seçilsəm, heç seçilməsəm də, Azərbaycan xalqının gələcək səadəti uğrunda var-qüvvəmlə çalışacağam. Mən harada olmuşamsa, Nehrəm kəndinin Azərbaycan tarixində xüsusi yerini qeyd etmişəm. Bu tarixi kəndin, Nehrəmin yetirmələri Azərbaycan xalqının tarixində şərəfli yer tutmuşlar. Nehrəmlilər qoçaq, mətin adamlardır. Onlar həmişə öz keyfiyyətlərini qoruyub-saxlayıblar, öz zəhməti, əməyi ilə yaşayan adamlardırlar. Onlar ata-babalarının ənənələrini heç vaxt əldən verməyiblər”.

Çıxışının sonunda ulu öndərimiz nehrəmlilərin Ona göstərdikləri ehtiramı yüksək dəyərləndirərək dedi: “Mənə bir məqam xoşdur ki, siz nehrəmlilər mənə təmənnasız xidmət edirsiniz. Mənim indi heç bir vəzifəm yoxdur və qərarım belədir ki, olmayacaq. Vəzifədə olanda çox adamlar mənə hörmət ediblər. Onların hörmətləri mənə sizin etdiyiniz təmənnasız hörmət qədər əziz ola bilməz”.
Seçicilərlə görkəmli dövlət xadimi Heydər Əliyevin görüş keçirdikləri ünvan bu gün Nehrəmdə müqəddəs bir yer sayılır. Həmin yer ki, avqust ayının 5-də burada Heydər Parkı salınıb. Parkın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Son illər Nehrəm kəndində geniş quruculuq işləri aparılmış, yeni məktəb binaları, musiqi məktəbi, rahat yol, xəstəxana tikilmiş, içməli su və kanalizasiya xətti çəkilmiş, rabitə və elektrik xətləri yenilənərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün açılışı olan Heydər Parkı da kənddə həyata keçirilən qurucu­luq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inamı yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar”.
Ali Məclisin Sədri tədbirdə ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayıb: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ən ağır dövrünü yaşayırdı. Həmin dövrdə ümummilli lider Heydər Əliyevə Bakıda yaşamağa imkan verilmədi. Lakin dahi şəxsiyyət Naxçıvana gələrək buradan Azərbaycanın xilasına başladı, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı, öz həyatını təhlükə qarşısında qoyaraq bugünkü müstəqil və qüdrətli Azərbaycanı yaratdı. Ölkəmizin həmin çətin dövrlərində Nehrəm kəndinin əhalisi ulu öndərə dəstək verdilər, dahi şəxsiy­yət­in deputatlığa namizədliyini irəli sürdülər. Nehrəm kəndinin sakinləri hər zaman dövlətçiliyə və vətənə bağlılıqları ilə nümunə göstəriblər. Bu gün kənddə aparılan quruculuq işləri də ölkəmizin inkişafının tərkib hissəsi olmaqla yanaşı, həm də dövlətin Nehrəm kəndinə göstərdiyi qayğının daha bir ifadəsidir”.
Məlumat üçün bildirək ki, parkın ümumi sahəsi 8515 kvadratmetrdir. Park üçün giriş qapısı tikilib, ərazi dekorativ metal çəpərlə hasarlanıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb və oturacaqlar qoyulub. Parkın mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.
Həmin ünvan bu gün nehrəmlilərin ən çox üz tutduqları bir məkandır. Çünki yaşayış məntəqəsinin sakinlərinin xatirində ulu öndər Heydər Əliyev fenomeni müqəddəs bir varlıqdır. Onlar məhz bu ünvanda xalqımızın böyük oğlu ilə bir neçə dəfə görüşüblər. Ölkəmizin ən ağır günlərində Ona öz ürək sözlərini deyiblər, Onun məsləhətlərini eşidiblər.
Bu günlərdə Heydər Parkında olduq, nehrəmlilərlə görüşdük. Kənd ağsaqqalı, uzun müddət bu yaşayış məntəqəsindəki ictimai təsərrüfata rəhbərlik etmiş, hazırda Nehrəm bələdiyyəsinin sədri vəzifəsində çalışan Tofiq Abutalıbov deyir ki, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün illərdə öz zəngin rəhbərlik təcrübəsi ilə Azərbaycanı ovaxtkı sovet respublikaları içərisində geridə qalmış bir məmləkətdən ən inkişaf etmiş bir ölkə səviyyəsinə yüksəldib. Sevinirik ki, bu dahi şəxsiyyəti nehrəmlilər çox əziz bir insan kimi xatırlayırlar. Bu da səbəbsiz deyil. Ulu öndər həmişə Nehrəmə böyük qayğı göstərib. Bu yaşayış məntəqəsinin inkişafında dahi rəhbərin müəyyənləşdirdiyi siyasətin muxtar respublikada uğurla davam etdirilməsində böyük rolu olub.
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacı­yev: “Xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmiz üçün, onun gələcəyi naminə gördüyü ən böyük iş Azərbaycan dövlətinin qorunub saxlanılması, inkişafı və dünya dövlətləri sırasına daxil olmasıdır. Müstəqillik, xalqın azadlığı uğrunda mübarizə ulu öndər Heydər Əliyevin həyat amalı idi. Onun mübarizliyi, vətənsevərliyi, doğma xalqına, torpağına bağlılığı nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafa muxtar respublikada dahi öndərin uzun illər üçün hesablanmış quruculuq siyasətinə böyük ehtiram və məhəbbət hesabına nail olunub. Qürur hissi keçiririk ki, bu gün muxtar respublikanın digər yaşayış məntəqələri kimi, yaşadığımız Nehrəm kəndi də təkcə Naxçıvanın deyil, ölkəmizin ən müasir yaşayış məntəqələrindən biridir”.
Söhbətə kənd sakini Muxtar Zeynalov qoşulur: “Yadıma ulu öndərin kəndimizdən deputatlığa namizəd irəli sürülməsi dövrü düşür. O zaman Azərbaycanda belə bir şəxsiyyətin namizədliyinin irəli sürülməsi mərkəzi hakimiyyət tərəfindən heç də yaxşı qarşılanmadı. Ancaq nehrəmlilər bütün maneələrə baxmayaraq, iclas keçirdilər, təşəbbüs qrupu yaratdılar, dahi şəxsiyyətlə dəfələrlə görüşdülər. O dövrdə Azərbaycanın, həmçinin muxtar respublikanın bir neçə seçki dairəsindən Heydər Əliyevin Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülmüşdü. Ulu öndərimiz bizim 340 nömrəli Nehrəm Seçki Dairəsindən namizədliyinin irəli sürülməsinə razılıq verdi. Onunla seçki ərəfəsindəki hər bir görüş ümumxalq bayramına çevrilirdi”.
Ölkəmizdə kənd yaşayış məntəqəsində Heydər Parkının inşa edilməsi ilk olaraq Nehrəm kəndinin qismətinə düşüb. Bu parkda dalğalanan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu məkanı daha möhtəşəm edib. Üçrəngli bayrağımızı bizə qaytaran da məhz xalqımızın böyük oğlu Heydər Əliyev olub. İnanırıq ki, belə parkların sayı getdikcə çoxalacaq. Çünki bugünkü Azərbaycan dahi rəhbər Heydər Əliyevin xalqımızın, dövlətimizin inkişafındakı misilsiz xidmətləri hesabına qurulub, yaşayır və yaşayacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR