29 Aprel 2024, Bazar ertəsi

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də həyatımızın bütün sahələrini əhatə edən yeniləşmə prosesi davam etdirildi, kompleks quruculuq tədbirlərinin coğrafiyası genişləndirildi, emal və istehsal sahələrinin inkişafına dəstək göstərildi, yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanıldı. Həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr qazanılmasını təmin etdi. Yenə də görülən işlərin təməlində insana qayğı amilinin dayandığını gördük.
Haşiyə. Bir neçə il əvvəl Culfa rayonunun Yaycı kəndindən yazı hazırlamağa getmişdim. Burada kənd ziyalıları, ağsaqqalları ilə həmsöhbət oldum. Onlardan birinin sözlərini indi də yaxşı xatırlayıram. Uzun illər kənd məktəbində müəllim işləyən, hazırda təqaüddə olan Məhərrəm Məmmədov deyirdi:
– İnsanın həmişə qayğıya ehtiyacı var. Bəziləri bunu dilinə gətirmir, susmağa üstünlük verir, bəziləri məcburiyyət qarşısında müəyyən ehtiyacının ödənilməsi üçün kimlərəsə üz tutur. Bu gün Naxçıvanda buna ehtiyac qalmayıb. Muxtar respublikamızın ən ucqar dağ kəndləri də bu gün abadlaşdırılıb, sakinlərin rahat yaşayışı təmin olunub. Bizim Yaycı da qədim diyarımızın abadlaşan kəndlərindəndir. Onu da qeyd edim ki, Yaycıda həm ötən əsrin əvvəllərində daşnakların qədim diyarımıza hücumları zamanı, həm 1941-1945-ci illər müharibəsində, həm də 1988-ci ildən başlanan münaqişə nəticəsində yüzlərlə insan həlak olub. Sevindirici haldır ki, bizim kənddə onların xatirəsinə abidə ucaldılıb. Həmin abidə həm tarixi keçmişimizə ehtiramın əlaməti, həm də həyatını öz el-obası yolunda qurban verən insanların xatirəsinə hörmətin ifadəsidir. Abidə gənclərə sabaha cavabdehlik hissini, dövlətçiliyin qorunmasının, müstəqilliyin möhkəmləndirilməsinin əhəmiyyətini aşılayır.

Digər bir həmsöhbətim – Ordubad rayonunun Nürgüt kənd tam orta məktəbinin direktoru Hikmət Quliyev isə deyir ki, illər əvvəl səhər kənddən yola düşəndə günortadan sonra rayon mərkəzinə çatırdıq. Çünki yollarımız bərbad vəziyyətdə idi. Belə çətinlikləri hər sahədə görmək olardı. Etiraf edim ki, elə bu səbəbdən doğma kəndi tərk edənlər də az olmadı. Onlar bu gün artıq kəndə qayıdıblar. Çünki hazırda Nürgüt ölkəmizin ən müasir yaşayış məntəqələrindən birinə çevrilib. Kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib, yollarımız abadlaşdırılıb. Bunların hamısı muxtar respublikamızda insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Mətləbdən uzaq düşmədən 2017-ci ilə qayıtsaq, belə qayğının davamlı xarakter aldığının şahidi olarıq. Düzdür, atalar deyib ki, görünən dağa nə bələdçi? Ancaq o da var ki, indiki nəsil dünənimizlə bu günümüzü müqayisə etməyi bacarmalıdır. Dünən insanlar necə yaşayırdılar? Onların qayğıları, problemləri nə idi? Bu problemlərin həllinə dövlət səviyyəsində necə yanaşılırdı? Belə suallar çoxdur. O dövrü yaşayan insanlar həmin sual­lara çox dolğun cavab verə bilərlər. Ancaq həmin cavablar hamımızda bir məyusluq yaradacaq. Nə isə...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində deyib: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsəd ondan ibarətdir ki, vətəndaşlarımız daha da yaxşı yaşasın”.
Qədim yurd yerimizdə görülən işlərin təməlində məhz bu amil dayanır: vətəndaşlarımız daha da yaxşı yaşasın. Bu isə, sözsüz ki, siyasi sabitlik olan, sosial-iqtisadi inkişaf təmin edilən və insanlara qayğı göstərilən yerdə mümkündür – muxtar respublikamızda olduğu kimi. 2017-ci il də belə faktlarla zəngin olub.
Ötən il dekabr ayının 30-da keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır... Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət pro­qramlarının icrası da infrastrukturun yenilənməsinə, ərzaq və enerji təhlükəsizliyinin... təmin edilməsinə müsbət təsir göstərmişdir”.
Elə 2016-cı ilin yekunları da göstərirdi ki, ondan sonrakı ildə daha böyük nəticələrə nail olmaq üçün neçə illərdir, yaradılmış baza, düzgün müəyyənləşdirilmiş inkişaf strategiyası – “Naxçıvan modeli” öz sözünü deyəcək. Belə də oldu. 2017-ci ilin son günlərində aldığımız bir xəbər isə sanki hər bir naxçıvanlıya bayram hədiyyəsi oldu. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, buradakı işgüzar mühit və yaradılan infra­struktur beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un ölkəmizin iqtisadi regionları üzrə elan etdiyi illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək bal toplayaraq birinci yerə çıxdı.
Məlumat üçün bildirək ki, xarici ölkələrin diplomatik nümayəndəlik və mütəxəssislərinin də rəylərinin əks olunduğu “Caspian European Club”un nəşrləri dünyanın 70 ölkə­sinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunur və geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır. Bu nüfuzlu təşkilatın 18 parametr və 6 qrup üzrə hazırladığı təhlillər muxtar respublikamızda iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq etdi. Təbii ki, bu inkişafdan bəhrələnən muxtar respublika ­sakinləridir.
Müraciət etdiyimiz mövzu elə genişdir ki, bu istiqamətdə görülən işləri kiçik bir yazıda bütün parametrləri ilə əhatə etmək mümkün deyil. Sadəcə olaraq onlardan bir neçəsini sadalamaq kifayət edər. Bəhs olunan müddətdə insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, naxçıvanlıların ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə emal və istehsal müəssisələrinin, nəticə etibarilə sahibkarlığın problemlərinə həssaslıqla yanaşılması, aztəminatlı ailələrə yardımların göstərilməsi, məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, insanların sağlamlığının mühafizəsi üçün səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təchizatı, müxtəlif sahələrdə qazandıqları uğurlara görə insanların əməyi­nin dövlət təltiflərinə layiq görülməsi və həyata keçirilən digər tədbirlər məhz insana qayğının ifadəsi olaraq dəyərləndirilir.
Son olaraq onu da deyək ki, bu illər ərzində muxtar respublikada daha bir ənənə formalaşıb. Bu, hər ilin son günü Naxçıvan Qarnizonunun Hərbi Hospitalına, Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərinə bayram sovqatlarının aparılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən şənliklərdə Ali Məclis Sədrinin sakinlərlə görüşməsidir. Ali Məclis Sədrinin məktəblilər – Nazlı İbrahimli və Yusif Dadaşovla görüşməsi, onlarla söhbəti muxtar respublika rəhbərinin bütün naxçıvanlılara diqqət və qayğısının ifadəsi kimi yadda qalıb.
Artıq 2018-ci ilin ilk ayını yaşayırıq. İlə 2017-ci ildə qazanılmış böyük uğurların sevinci ilə qədəm qoymuşuq. Bu, hər birimizdə yeni ildə yeni uğurlar, yeni qələbələr qazanacağımıza böyük ümidlər yaradır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR