29 Aprel 2024, Bazar ertəsi

Ali məktəblərə builki qəbul imtahanlarında ən yüksək nəticə qazanan təhsil ocaqlarımızdan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyidir. Bu məktəbdə dəfələrlə olmuşam. Yaradılan şəraiti, pedaqoji kollektivin tələbkarlığını görmüşəm. Ən əsası isə gələcəyin anaları olacaq qızlarımızın təkcə savadlı məzun kimi yox, həm də əsl Azərbaycan qadını kimi tərbiyə olunmaları burada necə böyük bir vəzifənin öhdəsindən gəlindiyinin göstəricisidir. Məktəbin direktoru Aidə Allahverdiyeva ilə söhbətə bu prizmadan başladıq.

–Sirr deyil ki, qadın ana olaraq körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Ona görə də bu gün orta məktəb partası arxasında oturaraq elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-ziyalılarımız Azərbaycan qızlarının mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadını öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə çalışıb. Onların qəhrəmanlıq xatirələri tariximizin şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək əxlaqi, mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün böyütdüyümüz qızlar ulu nənələrimizin, tariximizin səhifələrində ad qoymuş qadınlarımızın mənəvi varisləri kimi formalaşdırılmalıdırlar. Pedaqoji kollektivimizə belə bir şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün hərtərəfli şərait yaradılıb.

Belə ki, 2012-ci ilin fevral ayının 9-da yenidən qurulan lisey binasına əlavə olaraq bir mərtəbə də artırılıb, sinif otaqları genişləndirilib, fənn kabinələrində müasir şərait yaradılıb. Hazırda zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 32 sinif otağı, fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları, müəllimlər otağı və idman zalı vardır. Liseydə təhsil alan 360 şagirdin təlim-tərbiyəsi ilə 57 müəllim və tərbiyəçi məşğul olur.
Muxtar respublika məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tədrisin məzmunca yeniləşməsinə səbəb olub. Naxçıvan Qızlar Liseyinə 49 kompüter verilib, onlardan 1-i kitabxanada, 48-i isə 3 kompüter sinfində quraşdırılıb və internetə çıxışları təmin edilib. Yenidənqurma işləri çərçivəsində liseydə 4 elektron lövhəli sinif yaradılıb. Məktəbin zəngin kitabxanası şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb.
Kimya, biologiya və fizika kabinələri tədris avadanlıqları ilə zəngindir. Bu kabinələrdə müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi də lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub, şagirdlərə ilkin tibbi yardımın öyrədilməsi üçün hər cür şərait yaradılıb. Liseydə musiqi dərsləri də yüksək səviyyədə tədris olunur. Burada ayrıca musiqi otağı yaradılıb, məktəbə pianino verilib. Məktəbin xalçaçılıq, tikiş-toxuculuq və kulinariya dərnəklərində gələcəyin xanımlarına bu peşələrin sirləri öyrədilir. Burada görüşdüyümüz valideyn Sevinc Məmmədova bildirdi ki, iki övladı bu məktəbdə təhsil alır. Təhsillə yanaşı, onlara qadın üçün vacib olan peşələr üzrə ilkin vərdişlərin öyrədilməsi bütün anaların ürəyincədir. Onun sözlərini Güllübəyim Seyidova da təsdiq edərək öz minnətdarlığını bildirdi.

Liseyin builki uğurları barədə müəllimlərlə söhbətimizdə öyrəndik ki, ötən dərs ilində məktəbi 36 məzun bitirib. Məzunlardan 1 nəfəri “Qızıl” medala, 6 nəfəri fərqlənmə attestatına layiq görülüb. Onların hamısı göstərilən etimadı doğruldublar. Belə ki, həmin məzunlar 2017-2018-ci tədris ilində təhsillərini ali məktəblərdə davam etdirirlər. Tələbə adını qazananların 13-ü 500-700 intervalında bal toplayıb. Günnar Fərəcova muxtar respublika üzrə ən yüksək nəticəyə sahib olub. O, 691 bal toplayıb. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə ölkə başçısının sərəncamı ilə Prezident təqaüdü təyin olunub. Günnar da həmin təqaüdə layiq görülüb. O, hazırda Naxçıvan Dövlət Universitetində hüquq ixtisası üzrə birinci kursda təhsil alır. Günnarla görüşmək imkanı əldə edə bildik. Ondan ali məktəbə yüksək balla qəbul olunmasında hansı amillərin başlıca rol oynadığını soruşduqda dedi:
– Doğma Naxçıvanımız gözlərimiz önündə günbəgün çiçəklənir, bütün sahələrin inkişafına böyük diqqət yetirilir. Təhsil sahəsi də bu qayğıdan yetərincə bəhrələnib. Hər il muxtar respublikada yeni məktəb binaları tikilir, tədris ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu da hər bir məktəblinin yüksək səviyyədə təhsil almasına imkan verib. Mən və sinif yoldaşlarım yaradılmış bu şəraitdən səmərəli istifadə etdik. Zəhmətimiz də hədər getmədi. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Onu da qeyd edim ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü heç vaxt unutmayacağam. Görüşdə Ali Məclisin Sədri demişdir: “Yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Gənclik və təhsil məsələlərinə münasibətdə belə bir fikir özünü daha aydın şəkildə büruzə verir ki, güc - bilikdədir. Ölkələrin gücü isə onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür”.
Məktəbin müəllimləri ilə söhbət zamanı keçən ilin məzunları haqqında xoş sözlər dedilər. Onların qəbul imtahanlarında yüksək bal topladıqlarını məktəbdə yaradılmış şəraitlə əlaqələndirdilər. Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə Abdullayeva səmərəli pedaqoji fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil işçilərinə göstərdiyi qayğı, onlar qarşısında müəyyənləşdirdiyi vəzifələr bir ali məqsədə söykənib: dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər gənclər tərbiyə etmək. Biz isə həm də gələcəyimizin anaları olacaq qızların təlim-tərbiyəsi ilə məşğuluq. Bu da üzərimizə böyük vəzifə qoyur. Çünki ölkənin gələcək taleyi məhz belə yetirmələrimizdən, sabahın vətəndaşlarından asılı olacaq. Bu məsul vəzifənin yerinə yetirilməsində müasir tədris üsullarına geniş yer veririk. Bu heç də bütün ənənəvi üsulların üstündən xətt çəkmək deyil. Düzdür, bu gün zamanla səsləşməyən bəzi metodlar var, ancaq kollektiv artıq onların özünü doğrultmadığını görür. Məsələn, sübut olunub ki, “Hafizə məktəbi” bugünkü məktəbliyə heç nə vermir. Zaman dəyişdikcə hər gün müxtəlif yeniliklər həyatımıza daxil olur. Həssas müəllim bunu görür və fəaliyyətini də bu istiqamətdə qurur, nəticəsinin uğurlu olması onu daha da ruhlandırır. Bu isə qarşımıza qoyulan vəzifənin layiqincə yerinə yetirilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Kifayət Hüseynova:
– Sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Onu da unutmuruq ki, biz ancaq qız uşaqları ilə işləyirik. Onlara elmlərin sirləri ilə yanaşı, həm də müəyyən evdarlıq bacarıqları aşılayırıq. Bu da böyük məsuliyyət tələb edir. Əgər əlinə jurnal alıb sinfə girən müəllim bunu dərindən dərk edirsə, o, nailiyyət qazanmaya bilməz. Fərdi yanaşma və sinfin ümumi fəallığının təmin olunması tədrisin səviyyəsinin yüksəldilməsində böyük təsirə malikdir. Çalışırıq ki, fəaliyyətimizdə bunları diqqətdə saxlayaq. Çoxillik təcrübəmdə bu metoddan istifadə etməyin səmərəli olduğunu görmüşəm. Bizimlə birgə çalışan gənc müəllimlərə də bunu tövsiyə edirəm.
“İlin müəllimi” müsabiqəsinin qalibi Rəxşəndə Rüstəmova təhsilin səviyyəsinin yüksəldilməsində müxtəlif metodlarla yanaşı, şagirdlərin mütaliə mədəniyyətinin inkişaf etdirilməsini də vacib sayır. O, bu işdə məktəb kitabxanasının da üzərinə mühüm vəzifə düşdüyünü deyir:
– Bu gün məktəbimizin kitabxanası klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə zəngindir. Bu xəzinədən istifadə etmək üçün kitab müzakirələrinin keçirilməsini, kitabxanaya gətirilmiş yeni kitabların sərgilərinin təşkil edilməsini diqqətdə saxlayırıq ki, bu da uşaqlara əlavə biliklər verməklə yanaşı, onlarda mütaliə mədəniyyəti formalaşdırır. Bəzən səhv olaraq deyirlər ki, uşaqlarda mütaliəyə marağı gücləndirmək üçün ədəbiyyat fənnindən ayrılmış sinifdənxaric oxu materialları kifayətdir. Əslində, belə deyil. Kitabxanada müxtəlif humanitar və dəqiq elmlərlə bağlı kitablar da var. Onlardan necə istifadə olunması üçün bütün müəllimlər məsuliyyət daşıyır və yaxşı haldır ki, həmkarlarım bu məsələdə öz vəzifə borclarına həssaslıqla yanaşırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə oxunması zəruri hesab edilən kitablardan ibarət hazırladığımız guşə şagirdlərimizin ixtiyarına verilib.
Kimya müəllimi Elmira Hüseynli isə deyir ki, gələcəyimizin anaları olacaq bugünkü şagirdlərimizi həyata hazırlamaq məqsədilə onlarla fərdi məşğul olmağa üstünlük veririk. Qızların müxtəlif evdarlıq bacarıqlarına yiyələnmələri üçün səyimizi əsirgəmirik. Onların hazırladığı əl işlərindən ibarət sərgi liseyə gələnlər tərəfindən maraqla qarşılanır. Məktəbimizin builki uğurlarına gəldikdə isə pedaqoji kollektiv bunu son hədd hesab etmir. Artıq yeni dərs ili başlayıb. Şagirdlərimizin səsinə qəribsəmiş sinif otaqlarından yenə də onların səsi gəlir.
Gələcəyin ziyalı xanımlarını yetirən məktəbin pedaqoji kollektivinə şərəfli bir vəzifənin yerinə yetirilməsində uğurlar arzulayırıq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR