29 Aprel 2024, Bazar ertəsi

Bu zirvədə söz ehkam taxtındadır

Ötən günlərin birində Şahbuz rayonunda ezamiyyətdə olarkən “Vətən mənə oğul desə, nə dərdim”, – deyən ustad şairimiz Məmməd Arazın doğulduğu Nursu kəndinə də getdim. Bir vaxtlar Məmməd Araz Nursu haqqında nisgilliklə yazırdı:

Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.

Şair həmin şeirində doğma kəndini tozlu küçələrinin sayına görə dünyanın birinci kəndi sayırdı. Bu gün o kənd gözlərdən uzaqda deyil. Adı da dünyanın xəritəsindədir. Küçələri də şəhərlərimizin küçələrindən seçilmir. O da xüsusi qeyd olunmalıdır ki, doğulub boya-başa çatdığı, hər gülü, çiçəyi, hər daşı, qayası ilham mənbəyi olan Nursu kəndində görkəmli sənətkarın bir neçə il əvvəl yaradılmış ev-muzeyi Məmməd Arazla yanaşı, ümumən, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük diqqət və ehtiramın ifadəsi kimi dəyərləndirilib. Bununla Vətən ona bir daha oğul deyib.

...Bu da Məmməd Arazın ev-muzeyi. Və ilk anda düşüncələrimə bir fikir hakim kəsilir: Ədəbiyyatımızı yaradan korifey sənətkarların itkisi böyükdür. Etiraf edək ki, belə itkilərin yerinin doldurulması mümkün deyil və əgər mümkün olarsa, bu, ulu Tanrının işidir. Məmməd Araz belə sənətkarlar sırasında özünəməxsus yer tutub. Ədəbiyyatımızda onun çatdığı Məmməd Araz zirvəsi bu gün poeziya həvəskarlarının mənəvi qida aldıqları bir ünvandır. Bu ünvanda söz ehkam taxtındadır. Müqəddəsdir, təmizdir söz, aliliyin sinonimidir, ləkə götürmür. Anamızın şirin laylasıdır, körpələrimizin nəğməsidir, sevgimizi bu varlıqla ifadə edirik; düşmənə sözlə qılıncdan da güclü zərbə vurmaq olar.
Dahi Füzulini “sözün günəşi”, “söz dünyasının məhvəri” adlandıran şair üçün sözün qaynağı haradan başlayır?

Azərbaycan – mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Məmməd Araz sözünün qaynaqlandığı torpaq Azərbaycandır. O Azərbaycan ki, qayalarda bitən çiçək, çiçəklərin içində qayadır. O Azərbaycan ki, şair bu torpağı vəsf edərək Azərbaycan dünyasından dünyaya baxır. O Azərbaycan Məmməd Araz dünyasının qibləgahıdır. Bu qibləgahın min illərə bərabər tarixi var. Bu tarixi vərəqləmək üçün bir insan ömrü bəs etməz. Qəhrəmanlıq, əzəmət, vüqar, məğrurluq, şan-şöhrət dolu həmin tarix bu xalqın yaddaş kitabıdır, kimliyidir, mənəviyyatıdır, dosta sevgisi, düşmənə qəzəbidir, bu günüdür, sabaha cavabdehliyidir...

Dişimiz qalmadı söz çeynəməkdən,
Bol məhsul olarmı, balam, bu qədər?!

“Saç ağartdım söz yolunda”, – deyən şair söz urvatdan düşəndə bu qiymətli, əvəzsiz varlığı “məhsul” adlandırmaqdan başqa bir söz tapa bilmir. Bu, Məmməd Arazın sözə böyük ehtiramının elə sözlə də ifadəsidir. Bütün şeirlərində şairin sözə munis münasibətini hiss etmək çətin deyil. Maraqlı orasıdır ki, şair bunu oxucuya çatdırmağı qarşısına məqsəd qoymur; bu, şairin təbiətindən, sözə mehrindən irəli gəlir, söz də onun sözündən çıxmır.
Sözlə qapılar açmaq da olar, bağlamaq da. Söz inamdır, söz imandır; odda yanmır, buzda donmur. Çünki o, böyük qüdrətə sahibdir. Min illər boyu bu həqiqət sınanıb. Şairi bir də düşündürən odur ki, sözdən bəzi şairlər ayrı-ayrı məqamlarda ayrı-ayrı məqsədlər üçün istifadə ediblər, ucuzlaşdırıblar sözü. Burada daxili bir haray yeni şeirin misralarına hopub:

Sirr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa – inam ələnməz;
Söz açıq olanda içərimizdə
“Yalanlar, filanlar” qafiyələnməz.

Şair içdən gələn bir ağrı ilə qələm sahiblərinə üzünü tutur; onları sözü ucuzlaşdırmamağa çağırmaqla yanaşı, poeziyada sözdən alət kimi istifadə edənləri söz atəşi ilə qamçılayır:

Hərdən qulaqlarım gözsüz olanda
Ürəyim dünyanı eşidə bilmir.
Sözlü olmayanda, sözçü olanda
Qələmim dərinə işləyə bilmir...

Sözçü olub, sözlü olmayanlara Məmməd Araz ustad Molla Pənah Vaqifə istinad edərək deyir:

Sözü ayaqlara atmadığından,
Özü vəzir oldu, sözü şah oldu.

“Yıxın məni söz atından, kəsmir əgər söz qılıncım”, – deyən şair sözdən söz kimi istifadə etməyənlərə, poeziya adlı kəhkəşanda müqəddəsliyə başqa prizmadan yanaşanlara sözünü deməyi özünün borcu sayır. Burada şairin həm də doğma ana dilimizə, onun söz adlı dünyasına sonsuz məhəbbəti bir daha təsdiqlənir:

Bu sözdü – dərddi, qəhərdi,
Sonu işıqdı, səhərdi,
Atdı, cilovdu, yəhərdi,
Söznən zarafat eyləmə!

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR