20 Aprel 2024, Şənbə

Bu gün orta məktəblərdə şagirdlərin fiziki tərbiyəsi təlim-tərbiyənin ən vacib məsələlərindəndir. Müstəqil Azərbaycanın təhsil sistemində aparılan islahatlar dərslərin məzmun və formaca yeniləşməsini tələb edir. Buna görə də fiziki tərbiyə üzrə dərs və məşğələlərin təkmilləşdirilməsi, yeni tədris metodlarının istifadə edilməsi zərurətini ortaya çıxarır. Ümumiyyətlə, orta məktəblərdə tədris edilən fiziki tərbiyə bədən mədəniyyətinin tərbiyəsidir. O təkcə orqanizmi deyil, həm də uşaqlarda sinir sistemini inkişaf etdirir, zehni sistemin normallaşmasını təmin edir, beyindəki gərginliyi aradan qaldırmağa və başın aydınlaşmasına köməklik göstərir.

 


Əsas vəzifə...

Fiziki tərbiyə dərsi sağlam həyat tərzinin əsas komponentlərindən biridir. Bu dərslərin əsas məqsədi uşaqlarda fiziki fəaliyyətin və müxtəlif fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, məktəblilərə sağlam həyat tərzinin əsaslarının öyrədilməsindən ibarətdir.
Həkimlərin Avropa ölkələrində məktəblilərin sağlamlıq vəziyyəti ilə əlaqədar apardığı testlərdən sonra məlum olub ki, ibtidai sinif şagirdlərinin yalnız 70 faizi tam sağlamdır. Müəyyən yaşdan sonra (12 yaşdan) bu faiz daha da aşağı düşür. Alimlərin fikrincə, sağlam uşaqların göstəricilərinin bu şəkildə aşağı düşməsi onların həyatında idmanın olmaması ilə birbaşa bağlıdır. Mütəxəssislər bildirirlər ki, bu mənfi halı aradan qaldırmaq üçün mütləq şəkildə məktəblərdə fiziki tərbiyə dərslərinin saatları çoxaldılmalı, uşaqlar idmana cəlb edilməlidir. Bu həm də cəmiyyət üçün mühüm dəyərlərin formalaşması deməkdir.
Zəhmət, ambisiya, səbir, təşəbbüs və iradi keyfiyyətlər məktəblərdə uşaqları idmanla ciddi və hərtərəfli məşğul olmalarına sövq edə bilər. Təbii ki, bu, fiziki tərbiyə müəllimlərinin üzərinə düşən məsələdir. Burada bir məqama isə xüsusilə diqqət yetirmək lazımdır: müəllim orta məktəb şagirdinə “yalnız öz gücünə arxalan” deməməlidir. Buna görə də ekspertlər müəllimləri uşaqlarla təkcə fiziki cəhətdən yox, eyni zamanda mənəvi, psixoloji və digər fəaliyyətlərlə məşğul olmağa da çağırır. Çünki məktəblərdə uşaqlar zehni stresi yalnız fiziki tərbiyə ilə “üzərlərindən” ata bilərlər. Təbii ki, tam fiziki inkişaf üçün məktəbdə təkcə bədən tərbiyəsi dərsləri kifayət etmir – uşaqların hər hansı bir idman növünə yazılmaları da şərtdir.

Naxçıvanda fiziki tərbiyənin
geniş aspekti

Fiziki tərbiyə və idmanın inkişafına böyük diqqət ayıran ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.
Bəli, bu gün Naxçıvan Muxtar Respublikasının fəaliyyət göstərən təhsil ocaqlarında şagirdlərin fiziki tərbiyəsinə geniş aspektdən yanaşılır. Nəticədə, idmanın inkişafı naminə fiziki tərbiyə əməli işlərlə, sistemli şəkildə həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi yolunda atılan hər bir mütərəqqi addım isə onların sağlam bədənli, sağlam ruhlu, hərtərəfli inkişaf etmiş bir gənc kimi yetişməsində bir töhfədir.
Bu gün muxtar respublika məktəblərində fiziki tərbiyə və idman sahəsi üzrə aparılan işlərin bir məqsədi var: yaşından, etnik mənşəyindən, sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, məşqçi və şagirdlərin dinamik şəbəkəsini yaratmaq, idmanla kütləvi şəkildə məşğul olmaq üçün uşaqların kütləviliyini təmin etmək. Ümumiyyətlə, şagirdlərin inkişaf səviyyəsi onların fərdi bacarıq və keyfiyyətlərinin üzə çıxarılması, inkişaf etdirilməsi və istifadə olunması dərəcəsi ilə ölçülür. Bu zaman uşaqların müxtəlif yaş dövrlərində, əsasən də, orta siniflərdə mədəni dəyərlər sisteminin əsas komponentlərindən biri olan sağlamlığını və fiziki hazırlıq səviyyəsini yüksəltməsi diqqətdə saxlanılmalıdır. Çünki digər mədəni dəyərlərin inkişafı və formalaşması çox vaxt bu kriteriyalardan asılı olur.

Məktəblərimizin idman klubları

Fiziki tərbiyə uşaqlarda müsbət əxlaqi keyfiyyətlər – Vətənə məhəbbət, özünəinam, səbir formalaşdırır. Məhz bu amil muxtar respublikamızın bütün ümumtəhsil məktəblərində bəhs olunan fənnin tədrisinə əlavə stimul yaradır. Digər məsələ isə ümumtəhsil məktəblərində 12 idman növü üzrə 200-dən çox idman klubunun yaradılmasıdır. Hər bir idman növünə görə klubların avadanlıqlarla təmin edilməsi isə uşaqlarda idmana marağı artırıb, eyni zamanda muxtar respublikada idmanın kütləviliyinə nail olunmasına zəmin yaradıb. Klubların fəaliyyətini, uşaqların idman növlərinə olan marağını yaxından görmək üçün bir neçə məşqlərində iştirak etdik.
Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə basketbol klubu yaradılıb. Hazırda klubun 20-dən çox üzvü var. Onlar fiziki tərbiyə dərslərində, eyni zamanda dərsdənkənar bu məşğələlərdə iştirak edirlər. Məşqçi-müəllim Xəzər Məmmədov bizimlə söhbətində bildirdi ki, klub 2020-ci ildən fəaliyyət göstərir, yarandığı gündən şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və qısa vaxt kəsiyində bura müraciət edənlərin sayı çoxalıb. Həftədə iki dəfə olmaqla, basketbol dərsləri keçirik. Şagirdlərin idmanla məşğul olmaları onların dərsdən sonra asudə vaxtlarının səmərəli keçirilməsinə, sağlam böyüməsinə, eyni zamanda zərərli vərdişlərdən uzaq durmasına səbəb olur. Ümumiyyətlə, muxtar respublikamızda şagirdlərin, gənc nəslin sağlam böyüməsi, onların cəmiyyətə sağlam fərd kimi inteqrasiya olması üçün mütəmadi işlər görülür. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klublarının yaradılması idmanda kütləviliyin artmasına, inkişafına və perspektivli gənclərin üzə çıxarılmasına səbəb olub.

Basketbol klubunun ən fəal üzvlərindən olan Mirtofiq Seyidli və Maral Tarverdiyeva söhbətlərində bildirdilər ki, bu gün onların təhsil aldıqları orta məktəbdə bu klubun olması şagirdlər üçün əlavə üstünlükdür. Çünki fiziki tərbiyə dərsləri ilə yanaşı, dərsdənkənar vaxtlarımızda da bu idman növü ilə məşğul oluruq. Bu da yarışlarda uğur qazanmağımıza şərait yaradır. Həmçinin bilmədiyimiz və ya oyunlarda səhv etdiyimiz hərəkətlər üzərində çalışır, növbəti yarışlara ciddi hazırlaşırıq.
Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə isə şagirdlər üçün həftənin 3 günü boks dərsləri keçilir. Azərbaycanın Əməkdar idman ustası, boks üzrə məşqçi-müəllim İsa Xəlilov tərəfindən keçilən dərslərdə 20-dən çox şagird iştirak edir. Bununla yanaşı, bu növə maraqgöstərən digər uşaqlar da məhz 11 nömrəli məktəbin idman zalında boksun sirlərini öyrənirlər. Şagirdlərin fiziki tərbiyəsi prosesinə kompleks yanaşan İsa Xəlilovun fikrincə, uşaqların fiziki sağlamlıq tədbirlərinin aparılmasında məktəb, ailə və ictimaiyyətin qarşılıqlı əlaqəsi vacibdir. Məhz bu amillərin birləşməsindən sonra idmançı çıxış edəcəyi turnirlərdə böyük uğur qazana bilər. Digər təhsil ocaqlarında olduğu kimi, bizim məktəbdə də bu iş həmişə lazımi səviyyədə həyata keçirilir, məktəb-valideyn-şagird əlaqələri yüksək səviyyədə təşkil olunur. Bunun nəticəsidir ki, məktəbimizin şagirdləri arasında idman yarışlarının qalibləri var. Məktəblərimizdə idman klublarının fəaliyyəti, həmçinin klublara idman avadanlıqlarının verilməsi şagirdləri, idmançıları daha səylə çalışmağa sövq edir.
Şagirdlərdən Ayxan Heydərov, Ramin Nağıyev və Hüseyn Vəlizadə keçirilən məşqlərin yüksək səviyyədə təşkilindən, yaradılan şəraitdən danışaraq qeyd etdilər ki, ən böyük arzuları Naxçıvanı beynəlxalq arenalarda təmsil etməkdir.
Göründüyü kimi, fiziki tərbiyə (fiziki mədəniyyət) istənilən fəaliyyət növü üçün zəruri olan müstəqil qərar vermək qabiliyyətini uşaqda formalaşdırır. Məhz bu səbəbdən muxtar respublikamızın ümumtəhsil məktəblərində fiziki tərbiyə təhsil prosesinin əsas elementi hesab edilir.

Haşiyə...

Bəzən elə məqamlar olur ki, valideyn uşaqlarını idmandan uzaqlaşdırır və ya onların yaradılan klubda iştirakına qadağa qoyur. Təbii ki, bu addım uşaq psixologiyasına da təsir göstərir və onu elə də formalaşdırır. Bu zaman uşaqda bir tərəddüd yaranır: oxuyum, ya idmanla məşğul olum? Hər kəs idmanın uşağın təhsilinə mane olduğunu düşünür, lakin bu hal öncə valideynlərə fərqli şəkildə təlqin edilərsə, o zaman yanaşma da dəyişər. Burada öncəlik stimullaşdırıcı tədbirlərin – maarifləndirmənin olmasıdır. İdmanla məşğul olmaq zehni təmizləyir, mənfi enerjini, stresi, gərginliyi aradan qaldırır. İdman insanda fərqli keyfiyyətlər formalaşdırır – səbir etməyi, qələbə sevincini, məğlubiyyətdən dərs çıxarmağı öyrədir.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR