Azərbaycanda fiziki imkanları məhdud şəxslərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkədə bu şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndər əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan fiziki imkanları məhdud şəxslərin sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində muxtar respublika rəhbərinin layihə və təşəbbüsləri mühüm rola malikdir. Bu şəxslər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri kimi onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda və 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu məsələlər özünü qabarıq şəkildə büruzə verir. Eyni zamanda onların məşğulluq imkanları dəstəklənir, əmək bazarına çıxışı üçün imkanlar yaradılır. Bu gün söhbət açacağımız sağlamlıq imkanları məhdud şəxslər isə idman sahəsində qazandıqları uğurlarla heç də digərlərindən geri qalmırlar.
17 yaşlı Nihal İmanov stolüstü tennislə məşğuldur. Qısa vaxt kəsiyində bu idman növünün sirlərini öyrənən Nihal Paralimpiya Federasiyasının dəstəyi ilə bir çox turnirlərdə mübarizə aparıb: “2017-ci ildə Sumqayıt şəhərində keçirilən stolüstü tennis üzrə Uşaq paralimpiya idman oyunlarında gümüş, 2019-cu ildə Xırdalan şəhərində keçirilən stolüstü tennis üzrə V Respublika Uşaq paralimpiya idman oyunlarında isə bürünc medal qazanmışam. Eyni zamanda Naxçıvan Muxtar Respublika birinciliklərində də yoldaşlıq görüşlərində fərqlənmişəm. Hazırda məlum pandemiyaya görə məşqlərimi evdə və onlayn təlimlər vasitəsilə də davam etdirirəm. Bəzən isə yarışlara Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında hazırlaşıram. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə paralimpiyaçılar adından minnətdarlığımı bildirirəm”.
Hüseyn Abdullayev 2006-cı ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. Uşaqlıqdan üzgüçülüyə marağı olan Hüseyn elə ilk məşqlərinə Naxçıvan Uşaq Bərpa Mərkəzinin üzgüçülük hovuzunda başlayıb: “Federasiyamız idmançıların məişət problemlərinin həllini yüksək səviyyədə təşkil edir. Bununla yanaşı, muxtar respublikanın rayonlarında yaradılan komandaların rayon yarışlarında, birinciliklərdə, yoldaşlıq görüşlərində iştirakı təmin olunur. Bütün bu amillər idmanın inkişafına böyük təkan verməklə yanaşı, həm də bizlərin cəmiyyətə faydalı şəxslər kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir. Uğurlarıma gəlincə, 2017-ci ildə Bakı şəhərində keçirilən üzgüçülük üzrə III Respublika Uşaq paralimpiya idman oyunlarında bürünc, 2019-cu ildə isə Xırdalan şəhərində üzgüçülük üzrə V Respublika Uşaq paralimpiya idman oyunlarında qızıl medal qazanmışam. Bir neçə dəfə muxtar respublika birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. İdman asudə vaxtlarımızın səmərəli təşkil olunmasında və sağlamlığımızın bərpasında bizə kömək edir. Yaradılan şərait muxtar respublika üzrə peşəkar idmançıların yetişdirilməsinə və bu sahədə ölkə və beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunmasında böyük stimuldur”.
1988-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olan Qafqaz Hüseynov muxtar respublikanın ən istedadlı idmançılarından biridir. Boccia idman növü ilə məşğul olan Qafqaz Azərbaycan milli yığma komandasının da üzvüdür. 2017 və 2018-ci illərdə Bakı şəhərində keçirilən boccia üzrə IV və V respublika turnirlərində bürünc medal qazanan idmançımızın fikrincə, idman insanları fiziki cəhətdən sağlam edir, eyni zamanda gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Yaradılan müasir idman mühiti isə gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu gün muxtar respublikada bütün federasiyalar kimi Paralimpiya Federasiyası da idmançıların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakını təmin edir. Məlum vəziyyətlə əlaqədar olaraq hazırda məşqlərimi evdə onlayn görüşlərə qoşularaq davam etdirir, özümü bu sahədə daha da təkmilləşdirirəm.
Zahir İbrahimovun idmana marağının kiçik yaşlarından başladığını deyən valideyni Mübariz İbrahimov bizimlə söhbətində bildirdi ki, övladı Uşaq Bərpa Mərkəzində müalicə olunarkən orada ona boccia haqqında məlumat verilib və bu da onda həvəs oyadıb. Zahir boccia idman yarışlarında iştirak edərək xeyli uğurlar qazanıb. Bu da onun səhhətində irəliləyiş, əhvalında böyük ruh yüksəkliyi yaradıb. Belə ki, 2017-ci ildə Sumqayıt şəhərində, 2019-cu ildə isə Xırdalan şəhərində keçirilən boccia üzrə III və V Respublika Uşaq paralimpiya idman oyunlarında gümüş və bürünc medallar əldə edib. Bir neçə dəfə muxtar respublikadaxili yarışların da mükafatçısı olan Zahir hazırda məşqlərini evdə davam etdirir. Valideyn olaraq Paralimpiya Federasiyasına öz minnətdarlığımı bildirirəm ki, bütün paralimpiyaçılar kimi oğlum Zahiri də diqqətdən kənarda qoymurlar, ona da qayğı ilə yanaşırlar.
Son Dövlət proqramları bir daha təsdiq edir ki, sağlamlıq imkanları məhdud insanların tibbi bərpası, onların digər ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, xroniki xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin yaxşılaşdırılması, texniki-bərpa vasitələri ilə təmin edilməsi, bədən tərbiyəsi və idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi muxtar respublika rəhbəri tərəfindən daim diqqətdə saxlanılır. Görülən tədbirlər isə öz bəhrəsini verir, onlar cəmiyyətin aktiv üzvünə çevrilirlər. Həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin daha uğurlu nəticələr verməsində dövlətin ciddi siyasi iradəsi də mühüm rol oynayır. Bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi, inklüziv əmək imkanlarının genişləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərini təşkil edir.
Ceyhun MƏMMƏDOV