22 Dekabr 2024, Bazar

İcmal

Azərbaycanın dövlət müstəqilliyinin, dünyada qazandığı siyasi nüfuzunun, artan iqtisadi-hərbi qüdrətinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi sayəsində dövlət müstəqilliyinin, muxtariyyətinin bəhrələrini yaşayan diyarımızın hərtərəfli sosial-iqtisadi inkişafı təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını tamamilə dəyişmişdir.

 


Muxtariyyətimizin və müstəqilliyimizin bəhrələri – müasirləşən kəndlərimiz, aqrar sahədə əldə olunan möhtəşəm uğurlar,
qazanılan insan kapitalı

Müstəqillik illərində kompleks şəkildə abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. Muxtar respublikanın, demək olar ki, bütün yaşayış məntəqələrində şəhər infrastrukturu yaradılır, kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir. Bunun da nəticəsində insanların sosial rifah halı günbəgün yaxşılaşır. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz, Şərur rayonunun Dərvişlər kəndlərində geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur.
Ölkənin dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafı məqsədilə müstəqillik illərində muxtar respublikada təhsil quruculuğu dövlət siyasətinin başlıca prioriteti olmuşdur. Muxtar respublikada 200-dən artıq məktəbin tikintisi, müasir avadanlıqlarla təminatı, ümumilikdə, infrastrukturun yeniləşdirilməsi nəticəsində 50 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılmış, bu proses bütün bölgələri əhatə etmişdir. Qədim maarifçilik ənənələrinə malik ulu diyarımızda müstəqillik illərində aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrinə görə muxtar respublika liderdir. Yəni 72 faizdən artıq gənc ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Oktyabrın 1-də – Müəllimlər Günü ərəfəsində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 88 şagird yerlik Araz kənd ümumi orta məktəbinin, oktyabrın 25-də isə 2 mərtəbədən ibarət olan 198 şagird yerlik Dərvişlər kənd tam orta məktəbinin yeni binaları istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimlərində iştirak etmiş, məktəblərdə yaradılan şəraitlə tanış olmuş, sonra hər iki məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur. Muxtar respublika rəhbəri kollektivləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, təhsil ocaqlarının muxtar respublika məktəbləri arasında özünə layiq yer tutacaqlarına və Araz kənd ümumi orta məktəbinin tam orta məktəbə çevriləcəyinə əminliyini bildirmiş, kollektivlərə uğurlar arzulamışdır.
Kəndlərdə aparılan quruculuq işlərinin əsasını təşkil edən dövlət qurumlarının eyni məkanda və daha müasir binada fəaliyyət göstərməsi üçün müasir kənd mərkəzlərinin istifadəyə verilməsi sakinlərə sosial xidmətin keyfiyyətinin yüksəldilməsinə hesablanmışdır. Oktyabrın 1-də Araz, 25-də isə Dərvişlər kənd mərkəzləri istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binalarda yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzlərində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, zəngin fonda malik kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları, arxiv və zal yerləşir. Rabitə evlərində yeni nəsil ATS-lər quraşdırılmış, hər iki kənddə yaradılan şərait internet istifadəçilərinin sayının artmasına səbəb olmuşdur.
Məlumat verilmişdir ki, aparılan profilaktik tədbirlərin nəticəsidir ki, muxtar respublikanın rayonlarında epizootik vəziyyət sabitdir. Ali Məclisin Sədri baytarlıq işinin əhəmiyyətini vurğulayaraq muxtar respublikada özəl baytarlıq məntəqələrinin yaradılması ilə əlaqədar tapşırığın verildiyini bildirmiş, kadr təminatına diqqəti çəkmiş, maarifləndirmə tədbirlərinin iclas zallarında keçirilməsi barədə tapşırıqlar vermişdir.
Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının, insan amilinə verilən dəyərin bariz ifadəsidir. Araz və Dərvişlər kəndlərində istifadəyə verilən kənd mərkəzlərinin birinci mərtəbələrində yerləşən feldşer-mama məntəqələrində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Əvvəllər uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən bu səhiyyə ocaqlarında müasir iş şəraiti yaradılmış, feldşer-mama məntəqələri zəruri tibbi avadanlıqlarla təmin olunmuşdur. Muxtar respublika rəhbəri tibbi xidmətin, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Həyata keçirilən quruculuq işləri, yaradılan müasir sosial obyektlər sırasında xidmət mərkəzləri də xüsusi əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov oktyabrın 1-də Araz kəndində, 25-də isə Dərvişlər kəndində xidmət mərkəzlərinin açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzlərində bərbərxana, mağaza və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, Araz kəndindəki xidmət mərkəzində 2, Dərvişlər kəndində xidmət mərkəzində isə 5 nəfər işlə təmin olunmuşdur. Hər iki xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir. Muxtar respublika rəhbəri tələbata uyğun məhsulların satışının həyata keçirilməsi barədə tapşırıq vermişdir.
Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi də insanların rahatlığına xidmət edən mühüm sosial tədbir kimi diqqətdə saxlanılır. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur. Oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Məlumat verilmişdir ki, Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əsasında Araz kəndinə 14,3 kilometr içməli su xətti, 8,8 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilmiş, şəbəkə Babək şəhər kanalizasiya xəttinə qoşulmuşdur.
Ali Məclisin Sədri Araz kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salmışdır.
İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir. Naxçıvan şəhərində olduğu kimi, rayon və kəndlərdə də avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Həyata keçirilən tədbirlər çərçivəsində Araz və Dərvişlər yaşayış məntəqələrində kənd avtomobil yolları yenidən qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hər iki kənddə yollarda yaradılan şəraitlə maraqlanmışdır. Qeyd edək ki, Araz kəndində ümumi uzunluğu 8,7 kilometr, Dərvişlər kəndində isə ümumi uzunluğu 4,8 kilometr olan yola asfalt örtük salınmış, Araz kəndində 600, Dərvişlər kəndində isə 800 metrlik kənddaxili yollar hamarlanaraq qum-çınqıl qatı verilmiş, hər iki kənddə metal boru su keçidləri qoyulmuş, beton su kanalları çəkilmişdir.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu bu gün aqrar sahədə də inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi mühüm rol oynayır. Əvvəllər dayaq məntəqəsinin binası yararsız vəziyyətdə idi. İndi isə fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq üçün hər cür şərait yaradılmışdır. Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dayaq məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
Ali Məclisin Sədri çıxış edərək dayaq məntəqəsinin əkinçilik ənənələrini qoruması, qədim və yerli meyvə sortlarının, dənli bitkilərin və digər ərzaq məhsullarının bərpası sahəsində iş aparılması, balansda olan 8,1 hektar ərazinin müəssisəyə gəlir gətirməsi barədə tapşırıqlar vermişdir.
Muxtar respublika rəhbəri məntəqə ərazisində əkilən buğda, arpa, yerli qarğıdalı, eləcə də meyvə və çərəz sortları nümunələrinə baxmışdır.
Ali Məclisin Sədri ənənəvi olaraq abad yaşayış məntəqələri sıralarına daxil olan Araz və Dərvişlər kəndlərinin sakinləri ilə də görüşmüş, kompleks quruculuq işlərinə görə kənd sakinlərini təbrik etmişdir. Muxtar respublika rəhbəri bildirmişdir ki, sakinlər kəndin inkişafını təmin etməli, məskunlaşma daha da artmalı, torpaqlardan səmərəli istifadə olunmalı, yaşıllıqlar salınmalı, ailə təsərrüfatları inkişaf etdirilməli, bir sözlə, yaradılan şərait kəndin bundan sonrakı inkişafını sürətləndirməlidir.
Naxçıvan Muxtar Respublikasında kənd­lərdə müasir infrastrukturun yaradılması, kənd­lərin kompleks inkişafına, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət etməklə muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafına da güclü təkan vermiş olur. Görülən çoxsaylı tədbirlər sırasında torpaq ehtiyatlarından səmərəli istifadə, meliorativ tədbirlərin həcminin genişləndirilməsi, mütərəqqi suvarma şəbəkələrinin qurularaq istifadəyə verilməsi də xüsusi yer tutur. Oktyabrın 14-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Kəngərli rayonundakı əkin sahələrində tikilən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Qeyd edək ki, ümumilikdə, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 2069 hektar əkin sahəsində qapalı suvarma şəbəkəsi qurulmuş, buna 2 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak etmiş, muxtar respublikada payızlıq taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Bildirilmişdir ki, 2022-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 30 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi, Naxçıvan Toxumçuluq Mərkəzində 1200 hektar sahədə payızlıq taxıl əkini aparılması nəzərdə tutulmuşdur. Payızlıq taxıl əkini üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 6 min 500 ton arpa və buğda toxumları tələb olunur. Tələb olunan toxum Naxçıvan Toxumçuluq Mərkəzində, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində mövcuddur. Əkin zamanı muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun sınaqdan keçirilmiş reproduksiyalı arpa və buğda sortlarından istifadə edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirmişdir ki, bu işlər bundan sonra da davam etdiriləcək, Kəngərli rayonunun Xok kəndindən başlamış Naxçıvan şəhərinin Qaraçuq kəndinə qədər olan, təqribən, 2 min hektara yaxın ərazidə də meliorativ tədbirlər aparılacaq və bu ərazilər də dövlət fondunda qalmaqla əhaliyə icarəyə veriləcəkdir. Vurğulamışdır ki, muxtar respublikanın mövcudluğu dövründən bu ərazilər ilk dəfədir ki, əkin dövriyyəsinə qatılır, bu da ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir.
Muxtar respublika rəhbəri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmiş, qapalı suvarma şəbəkəsinin tikintisində iştirak edənlərə hədiyyələr təqdim etmiş və suvarma şəbəkəsini işə salmışdır. Ali Məclisin Sədri ərazinin pasportlaşdırılması, payız suvarma mövsümünə başlanılması, toxumçuluq təsərrüfatında təbii gübrəyə üstünlük verilməsi, subsidiyaların verilməsinə nəzarət olunması, sifarişə uyğun kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya işlərinin davam etdirilməsi və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar vermişdir.
Müstəqillik illərində muxtar respublikada həyata keçirilən aqrar islahatlar ərzaq təhlükəsizliyinin təmin olunması, ərzaq bolluğu ilə nəticələnmiş, görülən tədbirlər arıçılığın da inkişafına öz bəhrəsini vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Təkcə 2021-ci ilin yanvar-sentyabr aylarında 12 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 437 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,9 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır.
Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal satış yarmarkası” da arıçılar üçün geniş imkanlar açır. Oktyabrın 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən satış yarmarkasına muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanmış şirniyyatlar çıxarılmış, eləcə də dulusçuluq, ağac­işləmə, tikmə nümunələrinin, ana arı yetişdirmə qutularının, termoplastik pətəklərin, ana arı təcridedici qurğuların, arıçıların hazırladıqları müxtəlif əl işlərinin də nümayişi və satışı həyata keçirilmişdir. “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin stendində 5 müəssisənin 8 məhsulu sərgilənmiş, müxtəlif çəkilərdə olan ballardan hədiyyəliklər nümayiş etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov satış yarmarkasında iştirak etmişdir. Muxtar respublika rəhbəri arıçılarla söhbət etmiş, bal və arıçılıq məhsullarından almış, onların qayğıları ilə maraqlanmışdır. Ali Məclisin Sədri ailə təsərrüfatlarına, o cümlədən arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, bu sahədə nəşrlərin artırılması, maarifləndirici tədbirlərin davam etdirilməsi və arıçılıq mədəniyyətinin formalaşdırılması barədə tapşırıqlar vermişdir. Satış yarmarkası oktyabrın 17-də də davam etmişdir.

Yeni iqtisadi, hərbi, mədəni tərəfdaşlığa doğru

Dövlət müstəqilliyinin və ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsinin nəticəsidir ki, müstəqillik illərində Azərbaycanın Naxçıvan Muxtar Respublikası sabitlik və asayişin qorunduğu, güclü iqtisadi və turizm potensialına, dinamik inkişaf tempinə malik bir diyar kimi hərbi, iqtisadi, humanitar sahədə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin əsas diqqət mərkəzinə çevrilmişdir. Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin Sədri “Sarsılmaz qardaşlıq – 2021” birgə döyüş atışlı taktiki təlimin uğurla başa çatması, eləcə də yeni vəzifəyə təyin olunması münasibətilə Yavuz Türkgənciyə və nümayəndə heyətinə təbriklərini çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycan-Türkiyə birgə təlimlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamış, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiramını ifadə etmişdir.
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri ikitərəfli əlaqələrdən bəhs etmiş, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərini xatırlatmışdır. İkinci Qarabağ müharibəsində İndoneziyanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan muxtar respublika rəhbəri keçirilən səmərəli görüşlərin bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırmışdır.

Müstəqillik illərinin möhtəşəm nailiyyətləri daha
firavan gələcəyə əminlik yaradır

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası çoxcəhətli inkişafa sabitlik və dövlət-xalq birliyi amili əsas götürülməklə nail olmuşdur. Dövlətinə və xalqına sədaqətlə xidmət edənlərin əməyi isə həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar. Oktyabrın 15-də də öz sahələrində fərqlənən, müstəqilliyimizin möhkəmlənməsində və ölkəmizin inkişafında özünəməxsus payı olanlar mükafatlandırılmış, 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası fəxri adlarının və gənc istedadlara xüsusi aylıq təqaüdün təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi illəri dövlət müstəqilliyi üçün real tədbirlərin həyata keçirildiyi – Azərbaycanın taleyinə sahib çıxıldığı dövr kimi səciyyələndirmişdir. 1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarların Azərbaycanın dövlət müstəqilliyini təmin etdiyini xatırladan Ali Məclisin Sədri vurğulamışdır ki, 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurmuşdur.
“Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ulu öndərin siyasi xəttindən keçir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkə Prezidenti bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirmiş, dövlət-xalq birliyi möhkəmlənmiş, güclü ordu yaradılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Ötən dövrdə Naxçıvanda əldə olunan nailiyyətlər də müstəqilliyin nəyə qadir olduğunun göstəricisidir. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 67, kənd təsərrüfatı məhsulları 14, sənaye istehsalının həcmi 114 dəfə artmış, 100 minə yaxın yeni iş yeri açılmış, yaşayış məntəqələri böyümüş, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranmışdır. Tikinti-quruculuq işləri geniş vüsət almış, 200-dən çox təhsil, 202 səhiyyə, 400-ə yaxın mədəniyyət obyekti, 337 inzibati bina tikilmiş, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilmişdir. Ali Məclisin Sədri təltif olunanlara təbriklərini çatdırmış, 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, Naxçıvan Muxtar Respublikası fəxri adlarının döş nişanlarını və vəsiqələrini, gənc istedadlara xüsusi aylıq təqaüdün kartlarını təqdim etmişdir. Təltif olunanlar verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq etmişlər.

Muxtar respublika dövlət müstəqilliyinin 30-cu
ildönümünü dövlətçilik tariximizdəki mühüm tarixi
hadisə, muxtariyyətimizin tarixi nailiyyəti olan Qars
müqaviləsinin 100 illiyi ilə birgə qeyd etdi

Tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol keçmiş Naxçıvan gərgin siyasi mübarizələr bahasına belə, düşmən işğalından və istilasından qorunmuş, bununla Azərbaycanın dövlət müstəqilliyinin əsas amili kimi ərazi bütövlüyünün qorunmasına nail olmuşdur. Bu qədim diyar xalqımızın zəngin tarixi-mədəni irsini və dövlətçilik ənənələrini qoruyub yaşatmış, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına mühüm töhfələr vermişdir. Dövlətçilik tariximizdə müstəsna yer tutan məsələlərdən biri də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsidir. Təsadüfi deyil ki, dövlət müstəqilliyinin 30-cu ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən Naxçıvanın muxtariyyət statusunun təsbiti baxımından dövlətçilik tariximizdə mühüm mərhələni təşkil edən bu əlamətdar hadisə dövlət səviyyəsində qeyd olunmuş, oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək Qars müqaviləsinin hansı zərurətdən imzalanmasına və tarixi-siyasi əhəmiyyətinə nəzər salmışdır. Ali Məclisin Sədri demişdir: “Birinci Dünya müharibəsi başa çatdıqdan və çar Rusiyasının süqutundan sonra bölgədəki mövcud ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər Naxçıvana qarşı əsassız ərazi iddialarına başlamış, ardınca bolşevik-daşnak sövdələşməsinin nəticəsi olaraq Zəngəzur mahalı Ermənistana verilmiş və Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Həmin dövrdə Naxçıvan əhalisinin isə yalnız bir qanuni tələbi vardı: o da öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi. Milli vətənpərvər qüvvələr tərəfindən 1918-ci ildə yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın erməni daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və müstəqillik mübarizəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə hökumətinin məsələyə ədalətli yanaşması nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır”.
Qeyd olunmuşdur ki, Qars müqaviləsindən və muxtariyyət statusundan sonra da Ermənistan müəyyən bəhanələrlə Naxçıvana qarşı ərazi iddialarını davam etdirmişdir. Sovetlər Birliyi dövründə Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş bir sıra kəndləri Ermənistan tərəfindən zəbt olunmuşdur. Sovetlər Birliyi dağıdıldıqdan sonra isə Ermənistan Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını müharibə yolu ilə gerçəkləşdirməyə başlamış, əsrin əvvəllərində Qars müqaviləsi ilə üzərinə götürdüyü hüquqi və siyasi öhdəliyə məhəl qoymamışdır. Lakin 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən qorumuş, dahi rəhbərin həmin illərdə milli müstəqillik yolunda atdığı addımlar Naxçıvanı qorumaqla yanaşı, həm də, bütövlükdə, Azərbaycan xalqının qurtuluş tarixinin əsasını qoymuşdur.
Muxtar respublika rəhbəri çıxışında ulu öndərin 1992-ci ildə Türkiyəyə səfəri zamanı Qars müqaviləsini yenidən gündəmə gətirməsindən, iştirakçı dövlətləri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktına münasibət bildirməyə çağırmasından, ölkə­mizə rəhbərliyi dövründə də ümummilli lider bu məsələni daim diqqətdə saxlamasından da bəhs etmişdir.
Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında Qars müqaviləsi və Naxçıvanın muxtariyyət tarixinin tədqiqi və təbliği istiqamətində görülən işlərdən də danışmış, qeyd etmişdir ki, Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezident­lərinin imzaladıqları Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni istiqamətdə inkişafının əsasını qoymuşdur. Həm də Şuşa Bəyannaməsi regionda sülhə, sabitliyə və əməkdaşlığa təminat verən mühüm tarixi-hüquqi sənədlərdir. Ali Məclisin Sədri Qars müqaviləsinin imzalanmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərin və Naxçıvanın müdafiəsində fədakarlıq göstərən vətənpərvər insanların xatirəsini ehtiramla yad etmiş, müqavilənin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını və bütün muxtar respublika əhalisini təbrik etmişdir.
Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış etmiş, müqavilənin 100 illiyi münasibətilə hazırlanmış sənədli film izlənilmiş, sərgiyə baxış olmuşdur.


İki qardaş ölkənin dövlətçilik tarixindəki iki mühüm
hadisə Azərbaycan-Türkiyə dostluq və qardaşlığının
dövlət səviyyəsinə yüksəldildiyi bir tarixi mərhələdə
qeyd olunmuşdur

Oktyabr ayında iki qardaş ölkənin – Azərbaycan-Türkiyənin dövlətçilik tarixindəki iki mühüm hadisəni – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününü və Türkiyə Respublikasının Cümhuriyyət bayramını xalqlararası dostluq və qardaşlığın dövlət səviyyəsinə yüksəldilməsi kimi bir tarixi mərhələdə qeyd edilmişdir. Heç şübhəsiz ki, bu sarsılmaz birlikdə “Şərqin qapısı” sayılan Naxçıvan Muxtar Respublikası tarixən müstəsna rola malik olmuşdur. 1992-ci ilin martında ulu öndər tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası qoyulmuşdur. Ötən bu illər ərzində Türkiyə-Azərbaycan əlaqələrində, Naxçıvanın xüsusi yeri olmuşdur. Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 98-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək demişdir: “Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən bir millət, iki dövlət səviyyəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana göstərdiyi siyasi dəstək bunun bariz ifadəsidir. Beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunmuş, həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaş­lığımız yeni mərhələyə yüksəlmişdir. Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Hazırda muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə davam edən əməkdaşlıq məmnunluq doğurur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il oktyabrın 26-da Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Məhmət Emin Kirazın “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunması haqqında Sərəncam imzalamışdır. Tədbirdə Ali Məclis Sədrinin Sərəncamı oxunmuş, muxtar respublika rəhbəri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı və vəsiqəsini Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraza təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də vurğuladığı kimi, bu gün dünyanın inkişaf etmiş ölkəsi kimi tanınan, söz və nüfuz sahibinə çevrilən Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ulu öndərin siyasi xəttindən keçir. Onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının isə günbəgün inkişaf etməsi, möhtəşəm uğurlar qazanması, qərinədən artıq bir müddətdə blokadada olmasına baxmayaraq, dünyada nümunə sayılacaq müasir inkişaf modelinə nail olması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının sədaqət və əzmkarlıqla gerçəkləşdirilməsinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “...Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR