07 Yanvar 2025, Çərşənbə axşamı

Muxtar respublikamızda stabil iqtisadi inkişaf bank sektorunun fəaliyyətində də müşahidə olunmaqdadır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk ayının nəticələri bankların fəaliyyətinin məqsədəuyğun şəkildə həyata keçirildiyini, muxtar respublikada maliyyə sabitliyinin təmin edilməsində onların rolunun artdığını deməyə əsas verir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 fevral 2016-cı il tarixə iqtisadiyyata kredit qoyuluşunun ümumi həcmi 119 milyon 830 min manat, o cümlədən qısamüddətli kreditlərin həcmi 16 milyon 700 min, uzunmüddətli kreditlərin həcmi isə 103 milyon 130 min manata çatıb. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit qoyuluşunun ümumi həcmində 18,9 faiz artım olub.

Kreditlər, əsasən, aqrar sahənin maliyyələşdirilməsinə, ixracın təşviq olunmasına və daxili bazarın müdafiəsinə, habelə kiçik və orta sahibkarlığın maliyyə çıxış imkanlarının genişləndirilməsi ilə real sektorun inkişafına yönəldilib. Təkcə 2016-cı ilin yanvar ayı ərzində muxtar respublikada verilən 2 milyon 439 min manat kreditin 52,2 faizi, yəni 1 milyon 273 min manatı kənd təsərrüfatının payına düşür. Bununla yanaşı, qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikası üzrə verilən kredit faizlərinin orta göstəricisi ölkənin bütün regionları ilə müqayisədə ən aşağı göstəriciyə malikdir.
Kreditləşmə ilə yanaşı, bu dövr ərzində əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmində də artım müşahidə edilib. Belə ki, əmanətlərin ümumi həcmi 7 milyon 590 min manata, o cümlədən xarici valyutada olan əmanətlərin həcmi 5 milyon 146 min manata çatıb. Təkcə yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən əmanətlərin ümumi həcmində 9,3 faiz artım olub.
Bankların qarşısına qoyulan vəzifələr sırasında muxtar respublikada nağdsız ödənişlərin həcminin artırılması xüsusi yer tutur. Məlumatda bildirilir ki, cari ilin ilk ayında əldə olunan statistik göstəricilər bu sahədə də pozitiv irəliləyişlər olduğunu deməyə əsas verir. Belə ki, bu ilin yanvar ayında muxtar respublika üzrə nağdsız ödənişlərdə ən yüksək göstərici qeydə alınaraq ümumi ödəniş həcmi 2 milyon 517 min manata çatıb. Bu sahədə onlayn ödənişlərin artımı diqqəti cəlb edir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallarla aparılan əməliyyatlar üzrə ödəniş həcmində 10,5 faiz, internet və digər ödəniş vasitələri ilə aparılan əməliyyatlarda isə 247 faiz artıma nail olunub. Ümumilikdə, hazırda muxtar respublikada 1069 ədəd POS-terminal və 99 bankomat əhalinin istifadəsindədir. Bütün bunlar deməyə əsas verir ki, bank sektoru gələcəkdə yüksək ödəniş mədəniyyətinin və etibarlı maliyyə bazarının formalaşdırılmasına öz töhfələrini verəcəkdir.

 Əli Cabbarov

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR