07 Yanvar 2025, Çərşənbə axşamı

2015-ci il bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də mühüm nəticələrlə yadda qalıb. İl ərzində muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan iqtisadi inkişaf məqsədilə səmərəli istifadə olunması və əlverişli ekoloji mühitin yaradılması üçün dövlət ekoloji siyasəti uğurla davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2015-ci ildə muxtar respublikada meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması, mövcud meşə ehtiyatlarının qorunması məqsədilə 541 hektar sahədə yaşıllaşdırma tədbirləri, o cümlədən 27,5 hektar sahədə meşə əkini, 324,2 hektar sahədə meşəbərpa işləri və 139,3 hektar sahədə meyvə bağları, 50 hektar sahədə püstə bağlarının salınması tədbirləri həyata keçirilib. Meşə əkini, meyvə bağlarının salınması və bərpa tədbirləri zamanı 262 min ədəd meyvə, 184 min 200 ədəd meşə, həmişəyaşıl və bəzək kolları olmaqla, ümumilikdə, 446 min ədəd ting əkilib. Bəhs olunan dövrdə meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin davam etdirilməsi nəticəsində 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Torpaqların münbitliyinin qorunması və müxtəlif dərəcədə eroziyaya uğramış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması məqsədilə aparılan yaşıllaşdırma tədbirlərinin 87 faizdən çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda aparılıb. Ötən il magistral avtomobil yollarının kənarlarında və digər qeyri-meşə fondu ərazilərində, xüsusilə terras üsulu ilə əkilmiş yaşıllıq sahələrinin suvarılması üçün 5 hektar sahədə damcılı suvarma sistemi tətbiq olunub.
Muxtar respublika ərazisində aparılan biotexniki tədbirlər çərçivəsində məskunlaşmış fauna ehtiyatlarının qış mövsümündə qidaya olan tələbatlarını qismən də olsa yaxşılaşdırmaq, o cümlədən yeni əkilmiş tinglərin, fidanların zərərvericilərdən qorunması məqsədilə müəyyən edilmiş təbiət ərazilərinə 1500 kiloqram buğda, arpa, 6 ton daşduz, 13 ton qaba yem və meyvə-tərəvəz məhsulları paylanılıb.
Ötən il hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və 16 protokol, flora və faunanın, balıq ehtiyatlarının mühafizəsi üzrə isə 10 akt, 10 protokol tərtib olunub. Dəymiş ziyanla bağlı tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, 45 su obyektində (6 çay, 10 sututar, 29 göl ) və 29 müşahidə məntəqəsində səth sularının çirklənməsinin monitorinqi həyata keçirilib. İl ərzində götürülmüş 149 su nümunəsi üzərində 1788 analiz aparılıb. Su obyektlərində yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.
Məlumatda o da qeyd olunur ki, 2015-ci ildə təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 37 müəssisəyə və təşkilata 51 min 190 manat ekoloji ödəniş haqqı tətbiq edilib və icrası təmin olunub. Bununla yanaşı, ekoloji maarifləndirmə işləri də diqqət mərkəzində saxlanılıb, il ərzində bu istiqamətdə 110-dan çox kütləvi tədbir keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR