Ekoloji tarazlıq o yerdə qorunur ki, insanlar öz həyatlarının təbiətdən asılı olduğunu dərk edirlər. Bu dərketmə isə ekoloji təfəkkürə yüksək səviyyədə yiyələnmiş insanların düşüncəsində və bu düşüncənin məhsulu olan əməli fəaliyyətində özünü doğruldur. Bu gün mübaliğəsiz demək mümkündür ki, yalnız sağlam təfəkkürə malik ölkələrdə təbiətə hərtərəfli qayğı göstərilir, yaşıllıqlar qorunur. Çünki yaşıl örtüklər ərazilərin gözəlliyini artırmaqla yanaşı, canlı aləmin təbii ehtiyaclarının təmin olunmasına da öz töhfəsini verir. Əgər yaşıllıqlar olmazsa, təbiətin də ahəngi pozular, təbii proseslər öz axarından çıxar. Məhz buna görə də ta qədim dövrlərdən ağac əkmək, yaşıllıqları qorumaq və artırmaq insanların təbiət qarşısında ən böyük və müqəddəs vəzifəsi hesab olunmuşdur.
Orta və yaşlı nəslin yaxşı xatirindədir ki, ötən əsrin sonlarında Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətinə salınması, eyni zamanda məlum ictimai-siyasi vəziyyətin getdikcə mürəkkəbləşməsi təbiətə də təsirsiz ötüşməmişdir. Qışın sərt soyuğundan qorunmaq üçün yerli əhali minbir zəhmətlə qayğısını çəkdiyi ağacların böyük bir qismini kəsməli olmuşdu. Həmin dövrdə muxtar respublika müharibə fəlakəti ilə bərabər, ekoloji fəlakətlə də üz-üzə qalmışdı.
Yalnız ümummilli lider Heydər Əliyevin doğma yurda qayıdaraq Naxçıvanı, ümumilikdə isə Azərbaycanı mürəkkəb vəziyyətlərdən xilas etməsi bu kimi fəlakətlərin qarşısını almışdır. Bir nüansı yaddan çıxarmaq olmaz ki, təbiət də insan kimi Ulu Tanrı tərəfindən bir yaradılışdır. Müharibələr, işğallar insanlara nə qədər zərər vurursa, təbiətə də bir o qədər ziyan vurur. Buna görə də sabitlik olmayan yerdə təbiətin, yaşıllıqların qorunmasından da söhbət gedə bilməz. Məhz ulu öndərimiz tərəfindən muxtar respublikada həmin dövrdən yaradılmış sabitlik bir çox sahələr kimi, qədim diyarımızın təbiətinə də böyük təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikasında ötən illərdə davam etdirilmiş bu ekoloji siyasət isə muxtar respublikanın təbii zənginliklərinin qorunmasında, xüsusilə yaşıllıq sahələrinin xeyli artırılmasında əhəmiyyətli rol oynamışdır. Qeyd etmək lazımdır ki, muxtar respublikada təbiətin qorunmasına lap əvvəldən kompleks yanaşma tətbiq olunmuşdur. Belə ki, hər bir ağacın əkilib-böyüdülməsinə, mövcud meşə massivlərinin bərpasına, yeni yaşıllıqların salınmasına rəsmi səviyyədə münasibət ortaya qoyulmuş, görülən işlər kampaniya xarakteri daşımamışdır. İməciliklərin muxtar respublikada ümumxalq işinə çevrilməsinin nəticəsidir ki, bir zamanlar 0,6 faiz yaşıllıq ərazilərinə malik Naxçıvanda hazırda yaşıl örtüklü sahələr ümumi ərazinin 12 faizini ötmüşdür. Ötən dövr ərzində təkcə sututar ərazilərdə deyil, heç zaman ağac əkilməyən sahələrdə belə, yaşıllıqlar salınmışdır. Müasir əkinçilikdə ən mütərəqqi üsullardan sayılan damcı üsulu ilə suvarma muxtar respublikada yaşıllıqların artırılmasında mühüm rol oynamışdır.
Təbii ki, ağac əkinlərinin aparılmasında vacib məsələlərdən biri də Naxçıvanın özünəməxsus, bu diyarın iqlim xüsusiyyətlərinə uyğun tinglərin yetişdirilməsidir. Tarixən Naxçıvan diyarı özünün dadlı meyvələri, sərt iqlimə dözümlü müxtəlif ağac növləri ilə fərqlənmişdir. Məhz bu ənənəviliyi qorumaq, eyni zamanda müxtəlif növ ağac tinglərinə olan ehtiyacı ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşə Tingliyi Müəssisəsi yaradılmışdır. Müəssisənin hazırkı fəaliyyəti ilə yaxından tanış olmaq üçün bu dəfə üz tutduq müəssisənin tingyetişdirmə sahələrinə. Meşə Tingliyi Müəssisəsinin direktoru Ədalət Məmmədovla əvvəldən razılaşdığımız kimi adıçəkilən sahənin ərazisində görüşdük. Müsahibimiz bildirdi ki, bu müəssisənin yaradılmasında məqsəd muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın təmin edilməsi və regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış tinglərin yetişdirilməsi olmuşdur ki, bunun da mühüm iqtisadi və ekoloji əhəmiyyəti vardır. Tingçilik müəssisəsinin yaradılması muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərinin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda qonşu ölkələrdən ting idxalının azaldılması ilə iqtisadi səmərəli olmuşdur. Tingçilik müəssisəsində əvvəllər, əsasən, meşə tinglərinin yetişdirilməsinə üstünlük verilirdi. Çünki Naxçıvan ərazisinin mövcud təbii iqlim şəraiti, relyef xüsusiyyətləri və əsasən də təbii meşə ehtiyatlarının az olması bu regionda ən mühüm ekoloji amil kimi meşə ehtiyatlarının artırılmasını zəruri edirdi. Muxtar respublikanın təbii su potensialı, torpaqların münbitliyi (eroziya, şoranlaşma, səhralaşma, torpaq sürüşməsi və sair) nəzərə alınaraq bu xüsusiyyətlərə cavab verən meşə tinglərinin, o cümlədən göyrüş, ağcaqayın, akasiya, katalpa, iydə, tut kimi ağacların yetişdirilməsi kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda yaşıllıq zolaqlarının yaradılmasında əhəmiyyətli rol oynamışdır. Xüsusilə sürüşməyə meyilli, relyefi dəyişkən ərazilərdə terras üsulu ilə salınmış meşə massivləri hazırda əlverişli ekoloji mühit yaratmışdır.
Tingçilik sahələrində Naxçıvan iqlimi üçün xarakterik olan dekorativ, həmişəyaşıl ağacların yetişdirilməsi sahəsində də işlər aparılır. Ting yetişdirilməsində lazım olan toxum tədarükü də elə yerli ehtiyatlar hesabına təmin olunur. Bunun üçün müəssisənin fəaliyyətində toxum tədarükünə xüsusi önəm verilir. Meyvələrin vegetasiya dövrünə uyğun olaraq toplanan toxumlar çeşidlənir, qurudulur, dərmanlanır və xüsusi şəraitdə saxlanılır. Ting yetişdirilməsində, əsasən, toxumla əkinə üstünlük verilsə də, çilik-qələm kökləndirməsi işləri də aparılır. Müəssisənin əkin sahələrində aqrotexniki işlərin düzgün aparılması, gübrələrdən istifadə edilməsi, mütərəqqi suvarma sistemlərinin tətbiqi nəticəyə öz müsbət təsirini göstərir.
Həmsöhbətimiz vurğuladı ki, müəssisə tərəfindən həyata keçirilən tədbirlərdə ekoloji amillə yanaşı, iqtisadi səmərəlilik də əsas götürülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” tingçilikdə yeni mərhələnin başlanmasına stimul vermişdir. Naxçıvanın tarixi meyvəçilik ənənələrini yaşatmaq üçün yeni meyvə bağlarının salınması üçün meyvə tinglərinin yetişdirilməsinə diqqət daha da artırılmışdır. Hazırda tingçilik müəssisəsinin təsərrüfat ərazilərində ərik, badam, alma, cəviz, alça, gilənar, tut və sair meyvə tingləri yetişdirilir. Dövlət proqramından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərin nəticəsidir ki, son 3 il ərzində müəssisənin təsərrüfat sahələrində 1 milyondan artıq meyvə tingi yetişdirilmişdir.
Müəssisənin tingyetişdirmə sahələri barədə də məlumat verən Ədalət Məmmədov bildirdi ki, hazırda Meşə Tingliyi Müəssisəsinin Babək rayonunda, Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində və Naxçıvan çayının sağ sahilində olmaqla, 13 hektara yaxın tingyetişdirmə sahəsi var. Bu sahələrdə hər il 300-350 min ədəd ting yetişdirilir. Müsahibimiz onu da qeyd etdi ki, oktyabr ayının 31-dən başlayaraq muxtar respublikada mövsümi ağac əkininə başlanılmışdır. Müəssisə tərəfindən bu əkinlərin keçirilməsi üçün 35 mindən çox ting paylanılmışdır. Hazırda sahələrdə 250 mindən yuxarı əkilmək üçün ting vardır ki, bunun da 70 minə yaxını meşə, 12 minə yaxını həmişəyaşıl, qalanı isə müxtəlif meyvə tingləridir.
Müəssisənin Babək qəsəbəsi ərazisindəki tingyetişdirmə sahəsi ilə yaxından tanış olduq. Böyük bir qismini meyvə ağacları təşkil edən bu sahədə hər bir tingə qayğı ilə yanaşılır. Bir neçə ildən sonra bar verəcək bu tinglər qocaman ağaca çevrilərək yeni tinglərin yaranmasına vəsilə olacaq...
Bəli, təbiət ona göstərilən qayğını heç zaman unutmur, çəkilən zəhmətin əvəzini artıqlaması ilə ödəyir. Nəticədə isə qazanan insan və təbiətin özü olur. Ağac əkməyi, onu böyütməyi özünə müqəddəs borc bilən insanlar isə bu təbii qanunauyğunluğa əməl edərək gələcəyimizin daha sağlam təməllər üzərində qurulmasına töhfə verirlər.
Səbuhi Həsənov