Muxtar respublikada nail olunmuş və dinamik xarakter almış sosial-iqtisadi inkişaf həyatın bütün sahələrində mühüm yeniliklərlə özünü göstərməkdədir.
Əhaliyə göstərilən müxtəlif xidmətlərin müasir tələblər səviyyəsində qurulması, yeni texnologiyaların tətbiqinin diqqət mərkəzində saxlanılması insanların həyat tərzini xeyli yaxşılaşdırıb. Əhalinin etibarlı və fasiləsiz elektrik enerjisi və mavi yanacaqla təmin olunması üçün həyata keçirilən tədbirlər də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Məlumdur ki, bu ildən etibarən Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Bu həm elektrik enerjisi və təbii qaz itkisinin qarşısını alır, həm də həmin yanacaq növlərindən qənaətlə istifadəni təmin edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, cari ilin iyul ayından Naxçıvan şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir. Paralel olaraq əhali arasında maarifləndirici tədbirlər aparılır, sayğaclardan istifadə və onların üstün cəhətləri izah olunur.
İlkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. 320-si noyabr ayında olmaqla, ümumilikdə, 8620 ədəd sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının da quraşdırılması davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, 71-i noyabr ayında olmaqla, ümumilikdə, Naxçıvan şəhərində 7787 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.
Xəbərlər şöbəsi