Muxtar respublikamızda aparılan məqsədyönlü islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində müsbət mənada əsaslı dəyişikliklər baş verib. İqtisadiyyatda müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlakın və torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaları labüd edib. Həmin yanaşmalar informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini özündə ehtiva edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2015-ci il mayın 19-da imzaladığı Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə, işlərin mərkəzləşmiş qaydada daha mütəşəkkil şəkildə aparılmasına geniş imkanlar açıb, yeni-yeni uğurlu nəticələrin əldə olunmasına rəvac verib. Ötən ayın mənzərəsinə nəzər saldıqda bunu daha aydın şəkildə görmək olar. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının müvafiq bəndlərinin icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində mövcud Əsasnaməyə və təsdiq edilmiş iş planına uyğun olaraq, 2015-ci ilin iyul ayı ərzində xeyli iş görülüb.
Komitədən aldığımız məlumata görə, daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması istiqamətində görülən məqsədyönlü işlər nəticəsində ötən ay, ümumilikdə, muxtar respublika üzrə 136 torpaq, bir qeyri-yaşayış sahəsi, 47 mənzil, 80 fərdi yaşayış evi olmaqla, cəmi 264 daşınmaz əmlak obyekti, səyyar xidmət vasitəsilə 43 əmlak qeydiyyata alınıb. Ay ərzində 28 girov qeydi aparılıb, yüklülüyə dair 192 arayış verilib.
Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində iyul ayı ərzində fərdi yaşayış evi və mənzillərə texniki pasport hazırlanması üçün 19 vətəndaş müraciət edib, 14 fərdi yaşayış evi və 5 mənzilin texniki pasportları hazırlanıb. Ünvan reyestrinin aparılması sahəsində ötən ay muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində 21 yeni daşınmaz əmlak obyekti yaranıb. Yeni yaranan daşınmaz əmlak obyektlərinin 18-i Naxçıvan şəhəri, 2-si Babək rayonu, 1-i isə Şərur rayonu üzrə olmaqla qeydə alınıb. İyul ayında Şərur rayonu üzrə 1328,5 hektar əkinəyararlı torpaq sahəsinin torpaq islahatı zamanı mülkiyyətə verilmədiyi müəyyən olunub, müvafiq tədbirlər görülüb.
“Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Culfa rayonunun 28, Şahbuz rayonunun 4, Şərur rayonunun 48, Babək rayonunun isə 24 bələdiyyəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanaraq komitənin məlumat bazasına yerləşdirilib. Torpaq kadastrı və qeydiyyatı sahəsində iyul ayı ərzində muxtar respublika ərazisindəki dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kameral şəraitdə xəritə üzərində kəmiyyət və keyfiyyət uçotu aparılıb.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə komitənin yeni internet saytı və elektron poçt ünvanı yaradılıb, keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron poçt ünvanına daxil olan və göndərilən məktublar yeni yaradılan elektron poçt ünvanına köçürülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış formalarının təsvirləri elektron sistemə işlənib və müvafiq proqram təminatı yaradılıbdır. İyul ayı ərzində məhdudiyyət və yüklülüyün olub olmaması barədə 192, vətəndaşın adına daşınmaz əmlakın olub olmamasına dair 73 arayış hazırlanaraq verilib, 15 sorğu məktubu cavablandırılıb, hüquqların məhdudlaşdırılması haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 ədəd çıxarış hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Muxtar respublikanın rayonlarının ümumi sahəsi, qonşuluqlarla sərhədləri, kənd təsərrüfatına yararlı torpaqları və rayon ərazisində olan hündürlüklər barədə yazılı məlumat hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Xəbərlər şöbəsi