Ötən il Naxçıvan şəhərində tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı fabrikinin yaradılmasına başlanılıb. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış ərazidə inşaat işləri aparılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.
Müəssisədə 2 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün ayrı-ayrı bölmələr yaradılıb.
Layihəyə uyğun olaraq, tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı sahələrində İran İslam və Çin Xalq respublikalarından alınmış, istehsal gücü saatda 1000 ədəd şərti butulka tibbi spirt, dəqiqədə 350 ədəd uşaq bezi olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə mərkəzləşdirilmiş nəzarət sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılmasına imkan verəcək.
Müəssisəyə yüksəkkeyfiyyətli xammalın idxal olunması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, Türkiyə, Almaniya, Koreya, İran və Pakistan respublikalarında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkətlərdən xammal idxalına başlanılıb. Müəssisənin yaradılması və müasir texnoloji avadanlıqların alınıb quraşdırılmasına, ümumilikdə, 1 milyon 820 min manat vəsait sərf olunub ki, bunun da 700 min manatı Sahibkarlığa Kömək Fondundan, 1 milyon 120 min manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib.
İllik istehsal gücü 2 milyon 496 min ədəd şərti butulka tibbi spirt və 52 milyon 416 min ədəd uşaq bezi olan bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. İlkin hesablamalara görə, muxtar respublikamızın tibbi spirtə olan illik tələbatı 360 min ədəd şərti butulka, uşaq bezinə olan tələbat isə 22 milyon ədəddir. Göründüyü kimi, yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılacaq.
Hazırda yeni istehsal sahələrində sınaq-yoxlama işləri aparılır, istehsal edilən uşaq bezi və tibbi spirtin nümunələrinin yerli məhsul olaraq tanıdılması və daxili bazarın tələbatının öyrənilməsi məqsədilə tədbirlər həyata keçirilir. Əvvəllər eyniadlı məhsullar muxtar respublikamıza xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılacaq, istehlakçılar daha münasib qiymətə keyfiyyətli məhsullarla təmin olunacaqlar.
Yeni istehsal müəssisəsinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq. Müəssisə tam gücü ilə işləyən zaman burada 30 nəfər daimi işlə təmin olunacaq. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır. Bu da imkan verəcək ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Kərəm HƏSƏNOV