02 Yanvar 2025, Cümə axşamı

Tarix göstərir ki, iqtisadiyyatın bütün sahələrinin və əhalinin bütün təbəqələrinin maraqlarını ödəyən stabil inkişaf, ilk növbədə, cəmiyyətdə bərqərar edilmiş sosial-siyasi sabitliklə bərabər, eyni zamanda davamlı olaraq həyata keçirilən məqsədyönlü idarəetmədən asılıdır. Bu idarəetmə bir-biri ilə zəncirvarı əlaqələrlə bağlı olub, məntiqi ardıcıllıqla bir-birini tamamlayan elə qərarlar sistemidir ki, onların vaxtından tez və yaxud çox gec verilməsi arzuedilən məqsədlərə çatmaqda çətinlik yarada bilər. Bu baxımdan iqtisadi inkişaf məsələləri həvalə olunmuş hər bir kəsin cəmiyyətin artan tələbatlarına cavab verə biləcək səviyyədə öz işini qurması və onu daim yeniləşdirə bilməsi müasir idarəetmə sistemi qarşısında dayanan ən mühüm keyfiyyət tələblərindəndir.

İnsan həyatı, onun sosial-mədəni fəaliyyəti çox mürəkkəbdir və onun daim olaraq inkişafa ehtiyacı vardır. Bu inkişafın təmin olunması isə iqtisadiyyat deyilən və insanları hələ icma quruluşu dövründən düşündürən məsələlərin ardıcıl həlli ilə əlaqədardır. Yəni insan var olduqca, iqtisadiyyat da olacaq və onun problemləri də insanların daimi qayğısına çevriləcəkdir. Ancaq bu da var ki, inkişaf sürətləndikcə, belə məsələlərin də həlli yolunu təkmilləşdirən, onları sürətləndirən yeni mərhələyə qədəm qoyuruq. Başqa sözlə, hazırda yaponlar robot, robotlar isə avtomobillər istehsal etdiyi kimi, cəmiyyətdə də iqtisadi inkişaf məsələlərini həll etmək üçün hələ yüzilliklər öncəsindən idarəetmə institutları yaradılmağa başlanılmış, bu vəzifələr onlara həvalə edilmişdir. Burada da məqsəd iqtisadi inkişaf məsələlərinə xaotik hərəkətlər imperativlərindən deyil, cəmiyyətin real tələbatlarından doğan qanunauyğunluqlar prizmasından yanaşaraq onların optimal həllinə yollar axtarmaqdır. Bu da, öz növbəsində, cəmiyyətdə mövcud olan iqtisadi inkişaf modelinin tələblərinə adekvat cavab verə bilən çevik idarəetmə institutları və onların bacarıqlı kadrları ilə mümkündür.
Hazırda müasir Azərbaycan cəmiyyəti öz aydın milli ideologiyası, uzaqgörən, qətiyyətli lideri ilə inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Müstəqilliyin əldə olunması ilə ötən müddət ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının müvəffəqiyyətlə dəstəklənərək uğurlu nəticələr əldə edilməsi artıq Azərbaycanda inkişafın yeni, daha dəqiq vektorlarını müəyyən etməyə imkan vermişdir. İlk dövrlərdə yalnız mətin siyasi iradə hesabına üzləşdiyi çətinlikləri aşaraq etibarlı partnyor kimi dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolunu tutmuş müstəqil Azərbaycan indi artıq öz iqtisadi potensialı ilə qlobal rəqabətqabiliyyətlilik reytinqində yüksək pillələrə doğru irəliləməkdədir. Bu isə getdikcə güclənən Azərbaycanda dövrün tələblərinə cavab verən iqtisadi idarəetmə mexanizminin də əhəmiyyətini artırır.
Nədir belə idarəetmə və onun qarşısına hansı vəzifələr qoyulmuşdur? Məlumdur ki, müasir menecment, hər şeydən əvvəl, cəmiyyətin ən dəyərli resursu olan insan kapitalından səmərəli istifadə etməklə getdikcə artan tələbatların daha rasional qərarlar hesabına ödənilməsini özündə ehtiva edən bir idarəetmədir. Bu, elə bir sınaqdan çıxmış idarəetmə anlayışıdır ki, onun gücü ilə bu gün, demək olar ki, heç bir təbii ehtiyatı olmayan ölkələr öz sənayeləşmə yolunu qət etmiş, əhalisinin rifah göstəriciləri ilə dünyada seçilən bir səviyyəyə gəlib çatmışlar. İdarəetmədə çevik mexanizmlərin qurulması, yüksək texnologiyaların çox qısa müddət ərzində istehsala tətbiqi, insanların asudə vaxtlarının səmərəli təşkili, elektron idarəetmə üsulları ilə işə nəzarətin təşkili və bürokratik əngəllərə yol verilməməsi, yüksək maliyyə və sığorta intizamı, iş yerlərində əməyin təhlükəsizliyinin və sosial müdafiənin düzgün təşkili və sair kimi insanlarla bərabər, dövləti də daimi olaraq düşündürən məsələlərin uğurlu həlli müasir iqtisadi idarəetmənin əldə etdiyi ən mühüm nailiyyətlərdəndir. Bu baxımdan bazarın sərbəst tənzimləmə alətlərindən əlavə, iqtisadiyyatın dövlət tənzimləməsi yolu ilə həllivacib məsələlər istiqamətində hazır­lanan dövlət proqramları və verilən qərarlar, hər şeydən əvvəl, ümumi makroiqtisadi tarazlığın qorunması və real sektorun bundan maksimum dərəcədə faydalanması məqsədini güdür. Bu isə hazırkı şəraitdə mövcud iqtisadi vəziyyəti dərindən təhlil edə bilən, gəldiyi real nəticələri ümumiləşdirərək onları lazımi pillələrə çatdıra bilən iqtisadçı kadrlara sahib idarəetmə institutu olmadan mümkün deyildir. Çünki ölkəmiz artıq dünya iqtisadiyyatının bir parçasıdır və Azərbaycanda gedən iqtisadi proseslər, dünyanın inkişaf etməkdə olan digər ölkələrində olduğu kimi, lazımi tənzimləmə ilə idarə edilir.
İqtisadi inkişafın idarəolunması həmişə öz aktuallığını qoruyur. Tanınmış iqtisadçıların belə bir fikri maraqlıdır ki, iqtisadiyyatda tənzimləmə məhz işlərin yaxşı getdiyi vaxtda daha vacibdir. Çünki digər vaxtlarda həyata keçirilən hər hansı tənzimləmə tədbiri ən yaxşı halda, yalnız bərpaetmə məqsədi daşıyır. Ona görə də iqtisadiyyatda bugünkü nəticələrlə kifayətlənməyib sabah daha da yaxşıya doğru irəliləmək istəyiriksə, onda tapşırılmış vəzifələri bir an belə unutmadan aparılan operativ idarəetmə dünya iqtisadiyyatının hansı vəziyyətdə olmasına baxmayaraq, həmişə öz müsbət nəticəsini verəcəkdir. Bu vəzifələr isə çoxdur və onlar getdikcə cəmiyyətin digər sosial-mədəni tələbatları ilə daha da genişlənir. Misal üçün, bu gün ölkə­mizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında elmtutumlu sənayeləşmə istiqamətində aparılan islahatlar sayəsində artıq 10 il əvvəlkindən çox-çox fərqli düşüncəyə və idarəetmə bacarığına sahib menecerlərə ehtiyac yaranmışdır. İndi muxtar respublikamız innovativ və ixracyönümlü sənaye istehsalı yoluna qədəm qoyduğu bir dövrdə bu, daha da artıq əhəmiyyət kəsb edir. Müasir tələblər çərçivəsində muxtar respublikamızda sənaye parkının yaradılması yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin təşkil olunması vəzifəsini qarşıya qoymuşdur. Artıq Naxçıvanda yaradılan hər yeni istehsal müəssisəsi daxili bazar çərçivəsindən çıxıb qlobal rəqabətə qoşulduqca qarşıda yeni üfüqlər açılmaqla bərabər, dünya və Avropa standartları səviyyəsində məhsullar istehsal edilməsi məsələsi də öz aktuallığını ortaya qoyur. Çünki bu gün Naxçıvan brendi ilə xarici bazarlarda özünə seqment tutan yüksəkkeyfiyyətli, ekoloji təmiz ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və ixracı üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bunlarla bərabər, muxtar respublikamızın zəngin turizm potensialından dünya bazarı qiymətləri ilə istifadəsinə imkan verəcək rekreasiya kompleksinin yaradılması da bu istiqamətdə qarşıya qoyulmuş mühüm vəzifələrdəndir.
Azərbaycan cəmiyyəti islahatlar yolunda addımladıqca dünyadakı yeniliklər də həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının və internetin geniş tətbiqi sayəsində idarəetmə sahəsində də inqilabi dəyişikliklər baş verməkdədir. İndi əvvəlki dövrlərdən fərqli olaraq, iqtisadi fəaliyyətin müxtəlif sahələrində elektron idarəetmə metodlarından geniş istifadə edilir, informasiyanın bir saniyə içində etibarlı və dəqiq mübadiləsi həyata keçirilir. Bu isə ölkəmizdə və muxtar respublikamızda iqtisadi idarəetmədə daha çevik üsullara keçməyə, iqtisadiyyatla elm və təhsilin əməkdaşlığını təmin etməyə, dəyəri yüksək elmi nəticələrin iqtisadiyyatda uğurlu tətbiqinə imkan verir. Bu baxımdan müasir idarəetmə qarşısına qoyulan xalq təsərrüfatının, demək olar ki, bütün sahələri arasında korporativ əlaqələrin yaradılması vəzifəsi xüsusi əhəmiyyət daşıyır. Bu vəzifə isə, şübhəsiz, yüksək kommunikativ keyfiyyətlərə malik, dünya və region bazarlarını dərindən təhlil edib, cari vəziyyətdən yaxşı baş çıxaran menecerlərsiz mümkün deyildir. Dövlətin iqtisadi siyasətini bütün incəlikləri ilə qavraya bilən, onu işində tətbiq edib partnyorlarından da bunu tələb etməyi bacaran insan resurslarımız isə, heç şübhəsiz, ölkəmizin və muxtar respublikamızın gələcəkdə daha da çiçəklənməsi yolunda dövlətin ən güclü dayağı olacaqdır. Çünki bu yol müstəqil ölkəmizin, Naxçıvanımızın güclənməsi yoludur.

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR