Naxçıvan Muxtar Respublikasında yeni hidrotexniki qurğuların tikilməsi və mövcud qurğularda yenidənqurma işlərinin aparılması diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlər nəticəsində regionda içməli və təsərrüfat suyuna olan tələbatın ödənilməsi istiqamətində müsbət nəticələr əldə olunub. Təkcə 2013-cü ildə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, 4 nasos stansiyası, 3 subartezian quyusu, 11 kəhriz istifadəyə verilib.
Görülən işlərin davamı olaraq, ötən əsrin 60-cı illərindən istismar olunan Uzunoba Su Anbarının 2013-cü ilin oktyabr ayından yenidən qurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan təmir və yenidənqurma işləri uğurla davam etdirilir. İş icraçısı Nemət Əhmədovun verdiyi məlumata görə, su anbarı bəndinin uzunluğu 1868 metr, hündürlüyü isə 17,7 metrdir. Anbarda yeni su keçidi qurulub, sahil xətti boyunca hündürlüyü 1 metr olan mühafizə divarının və yamac hissələrdə beton örtüyünün salınması işləri davam etdirilir. Sahil xətti boyunca dəmir dayaqlar üzərində 3 ədəd çay evinin (kafeteriya) qurulmasına da başlanılıb.
Bundan əlavə, su anbarının çimərlik üçün nəzərdə tutulmuş ərazisində 240 nəfərlik restoran və çay evi binasının tikintisi aparılır. Eyni zamanda ərazidə istirahət guşələri və çimərlik, həmçinin su idman oyunları ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaqdır. Ümumi tutumu 8 milyon kubmetr olan su anbarının yenidən qurulmasında, əsasən, yerli tikinti materiallarından istifadə olunur, təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
Həyata keçirilən tədbirlər su anbarının istismar müddətini artırmaqla yanaşı, ərazidə şoranlaşmanın qarşısını alacaq və yeni torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcəkdir. Eyni zamanda burada yaradılmış şərait muxtar respublika sakinlərinin və qonaqların istirahətinin səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Xəbərlər şöbəsi