Muxtar respublikada güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə geniş imkan yaradıb. Bu müddətdə Dövlət proqramlarının, iri layihələrin uğurla icra edilməsi və qazanılan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.
Muxtar respublika sənayesinin yüksək sürətlə inkişaf etməsi, əsasən, 17 il əvvəl qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşması məqsədilə buradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunması ilə bağlıdır. 2004-2020-ci illərdə muxtar respublika iqtisadiyyatı 12,5 dəfə, ötən ilin 11 ayında isə 1,4 faiz artmışdır. 2020-ci ildə sənayedə əlavə dəyərin illik artım tempi 2,5 faiz, ötən ilin 11 ayında isə 1,2 faiz yüksəlmişdir. Nəticədə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 11 ayında sənayenin ÜDM-də xüsusi çəkisi 27,5 faizə çatmışdır.
Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir. Ötən il iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilmiş, stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. 2021-ci ildə muxtar respublikada 120 sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Bu müəssisələr arasında “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı sahəsi, Duzdağda açılan yeni şaxta, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin polietilen məmulatlar istehsalı sahəsi yerli tələbatın ödənilməsi ilə bərabər, ixrac potensialının güclənməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini vermişdir. Həmin sənaye obyektlərinın açılışlarında Ali Məclis Sədrinin iştirakı, tapşırıq və tövsiyələrini verməsi muxtar respublika sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 61 layihə reallaşdırılır ki, bunlar da Şərur Sənaye Məhəlləsi, yeni duz istehsalı, həmçinin enerji içkiləri iri sənaye müəssisələridir.
Həyata keçirilən iqtisadi tədbirlərin nəticəsidir ki, muxtar respublikada 384 növdə məhsul istehsal olunur. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da yerli istehsalın xüsusi çəkisinin artması hesabına mümkün olmuşdur.
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına geniş imkanlar yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, rolunun gücləndirilməsinə dövlət qayğısının bariz təzahürü olmaqla mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Belə ki, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 7 milyon 744 min manat təşkil etmişdir. Bu kreditlərdən 191 min 500 manatı sənaye sahələrinin yaradılmasına sərf olunmuşdur. Maliyyələşdirilmiş layihələr hesabına 550-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Yeni müəssisələrin yaradılması ilə yanaşı, muxtar respublikada istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrində zəruri ərzaq məhsulları ilə yanaşı, müxtəlif tikinti materialları, plastik tikinti materialları, avtomobil, mebel və sair istehsal olunur, bir çox sənaye məhsulları üzrə muxtar respublika özünü təmin edir. Görülmüş tədbirlərin nəticəsidir ki, ötən ilin 11 ayı ərzində sənaye sektoru 1,4 faiz artmış, ÜDM-in 27,5 faizi sənayedə istehsal olunmuşdur. Sənaye məhsulunun 92,6 faizi özəl bölmənin payına düşmüşdür.
Həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar açır. Hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır. Ötən il Rusiya, İran, İraq, Türkiyə, Yəmən, BƏƏ, Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa, Çin, Əfqanıstan, Türkmənistan, Kanada, Qazaxıstan, Ukrayna kimi ölkələrə vafli məmulatları, mebel dəstləri, mineral sular, tütün məmulatları, tikinti materialları, daş məhsulları, plastik inşaat məhsulları ixrac edilmişdir.
Hazırda muxtar respublikada sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir, həm də bu məqsədlə kiçik və orta sahibkarlığın inkişafına diqqət artırılır. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda muxtar respublikada sənayenin inkişafı idxaldan asılılığı azaldacaq və ixrac potensialı daha da artacaq. Muxtar respublikada cari ildə istifadəyə veriləcək Şərur Sənaye Məhəlləsi bu fikrin reallığından xəbər verir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti