21 Dekabr 2024, Şənbə

Müasirləşən kəndlərimiz

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da quruculuq, abadlıq işlərinin coğrafiyası genişlənir, əhatəliyini artırır, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər  həyata keçirilir. Diyarımızda bölgələrin inkişafına, abadlaşmasına göstərilən davamlı diqqət və qayğının nəticəsidir ki, bu bölgənin də kəndlərində yaraşıqlı binalar salınıb, məktəblər tikilib, yeni infrastruktur, xidmət sahələri yaradılıb. Rayon mərkəzi öz simasını əsaslı surətdə dəyişib. O da xüsusi vurğulanmalıdır ki, ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad qədim yurd yerlərimizdən biridir və bunu sübut edən onlarla tarixi-memarlıq abidələri öz ilkinliyini qoruyub saxlayıb. Kompleks quruculuq işləri həyata keçirilərkən məhz bu amilə ciddi önəm verilir, qədimliklə müasirliyin vəhdəti qorunur. Rayonun kompleks quruculuq hesabına müasirliyə qovuşan yaşayış məntəqələrindən biri də Vələver kəndidir. 

 

Məlumat üçün qeyd edək ki, 2021-ci il dekabrın 23-də burada tam orta məktəb, kənd və xidmət mərkəzlərinin binaları istifadəyə verilib. Bu binalarda polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası Vələver kənd ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Açılış günü sakinlərlə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov onları təbrik edərək demişdir: “Bu gün 3 kəndi özündə birləşdirən Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisi tamamilə abadlaşdırılıb. Kənd müasir kəndlər sırasına daxil olub. Yollar yenidən qurulub, elektrik, qaz xətləri yenilənib, məktəb tikilib, feldşer-mama məntəqəsi və dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb. Bir sözlə, kəndin bütün ehtiyacları nəzərə alınıb. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illəri, çətin dövrləri idi. Həmin illərdə ölkədə qarışıqlıq, vətəndaş müharibəsi hökm sürür, eyni zamanda torpaqlarımız işğala məruz qalırdı. Lakin ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və inkişafın təməli qoyuldu. Ölkə Prezidentinin bu gün o yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutub. Uzun illər işğal altında olan torpaqlarımız azad olunub. Bu gün ölkəmiz quruculuq meydanına çevrilib, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb və insanların yaşayışının yaxşılaşdırılması üçün lazım olan işlər həyata keçirilir. Vələver kəndində görülən işlər də ölkəmizin inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər insanların rahat yaşayışına, kəndin gələcək inkişafının təmin edilməsinə hesablanıb”.
Biz də kənddə yaradılan şəraitlə və burada məskunlaşmış insanların həyat tərzi, məşğuliyyəti ilə daha yaxından tanış olmaq üçün üz tuturuq qədimliklə müasirliyin vəhdətini özündə yaşadan bu yurd yerinə.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Röyal Əliyevlə uzaqdan arxitektura üslubu ilə diqqətini cəlb edən kənd mərkəzində görüşürük. Öncə növbəti dövlət qayğısı münasibətilə onu və kənd sakinlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İlk gedəcəyimiz ünvan kənd tam orta məktəbi olur. Müəllim və şagird kollektivinin sevincini hiss etmək çətin deyil. Rayon mərkəzlərində, paytaxt şəhərimizdə tikilmiş tədris ocaqlarından seçilməyən məktəbdə təhsilin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait yaradılıb. Bunu məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Xəyalə Həsənova da xüsusi vurğulayır. Xəyalə müəllim deyir ki, bu gün Vələver kəndinə baxanda sanki bir qəsəbə, bir şəhər görürsən. Keçmiş palçıqlı yollar, his basmış siniflər, az qala adamın başına düşən elektrik dirəkləri indi yoxdur. Onların yerində asfalt yol, ən müasir standartlara cavab verən məktəb, bir sözlə, dövlətimizin diqqət və qayğısı ilə abadlaşan Vələver kəndi var.

Ona “Vələver” adının mənşəyi ilə bağlı verdiyimiz suala cavab olaraq bildirir ki, bu söz xalq etimologiyasına əsaslanır. O zamanlar əkinçilər yetişdirdikləri taxılı vələ verirdilər. Buna görə də kənd Vələver adlandırılıb. Bu yaşayış məntəqəsi VII, VIII əsrlərdə böyük şəhər olub. Lakin zəlzələ nəticəsində dağılıb. Bu gün isə gördüyünüz kimi Vələver müasir Azərbaycan kəndinin canlı nümunəsidir.
Məktəbin direktoru Səxavət Seyidov söhbətə qoşulur: – İllərdir ki, kəndlərimizin infrastruktur təminatı baxımından şəhər və rayon mərkəzlərindən geridə qalmaması hər bir yaşayış məntəqəsinin inkişafına və insan amilinə dövlətimiz tərəfindən verilən dəyərin ifadəsidir. Vələver məktəbində yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Belə şəraitə görə məktəbin kollektivi adından minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da bilikli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik.

Öyrənirik ki, 3 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin kitabxana fondunda dərslik və bədii ədəbiyyatlardan ibarət 4557 kitab vardır. Təhsil ocağında internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Buradakı müasir laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər dərslərin yüksək səviyyədə tədrisinə imkan yaradıb.
Sonra yolumuzu feldşer-mama məntəqəsinə salırıq. Kənd mərkəzinin binasında yerləşən məntəqədə çalışan Mirvari Rzayeva ilə həmsöhbət oluruq: – 2014-cü ildən səhiyyə sistemindəyəm. Əvvəllər köhnə və 1 otaqdan ibarət olan bir binada fəaliyyət göstərirdik. İndi isə bizə 3 otaqdan ibarət olan və müasir avadanlıqlarla təchiz edilmiş otaqlar verilib. Vələverlilər bu işləri çox yüksək qiymətləndirir və dövlətimizin qayğısını razılıqla qarşılayırlar. Bu gün istifadəyə verilən sosial obyektlər təbiəti gözəl olan kəndimizə ikiqat gözəllik bəxş edir. Biz də yaradılan şəraitdən istifadə edərək kəndin inkişafında fəallıq göstərəcəyik.
Kənddə ailə təsərrüfatçıları çoxdur. Onlardan biri olan Amil Babayev uzun illərdir, fərdi qaydada araq hazırlayır. Hər işin özünəməxsus incəliklərinin olduğunu bildirən müsahibim muxtar respublikada son illərdə ən mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının fəaliyyətinə yaradılan şəraitdən razılıqla danışaraq deyir ki, istehsal etdiyim məhsulları hər il keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasına çıxarıram. Göstərilən qayğı nəticəsində ailə təsərrüfatımı xeyli genişləndirə bildim. Biz zəhmət adamlarına göstərilən qayğıya görə dövlətimizə öz minnətdarlığımı bildirirəm.

Vələverdə heyvandarlıq və maldarlığın inkişafına da xüsusi önəm verilir. Kənd sakini Cavid Məmmədov dədə-babadan bu təsərrüfat sahəsi ilə məşğuldur. O deyir ki, dünyanın hər yerində maldarlıq və heyvandarlıq ən yaxşı gəlir gətirən kənd təsərrüfatı sahələrindəndir. Ona görə də son illər muxtar respublikamızda bu sahələrin inkişafına böyük önəm verilir. Kreditlər ayrılır, baytarlıq tədbirləri diqqət mərkəzində saxlanılır. Bu da heyvandarlığa və maldarlığa marağı artırır. Hazırda təsərrüfatımda 111 baş xırdabuynuzlu və 8 baş iribuynuzlu bəsləyirəm. Ümumiyyətlə, insan gördüyü işdən zövq almalıdır. Bəslədiyin heyvanlara aqrotexniki qaydalar əsasında qulluq edərsənsə, yüksək nəticələrə nail olarsan. Müsahibim deyir ki, təsərrüfatımı gələcəkdə bir qədər də genişləndirmək fikrindədir.
Bir sözlə, bu gün müasirlik Vələver donundadır. Vələverlilər bunu görür, yüksək dəyərləndirir, qurulanları, yaradılanları qoruyurlar. Bilirlər ki, kiçik bir yaşayış məntəqəsində həyata keçirilən bu tədbirlər onlara dövlətimizin qayğısı, güclü dövlət və yüksək rifah strategiyasının bəhrəsidir.

Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR