Muxtar respublikada yaradılan müasir meliorasiya və irriqasiya sistemləri torpaqların su təminatını yaxşılaşdırır, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Naxçıvanda aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Bu tədbirlər Babək rayonunda da uğurla davam etdirilir. Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsindən aldığımız məlumatda deyilir ki, ötən ilin dekabr ayında 10 min 250 metr arx, 1800 metr kollektor lildən təmizlənib. Hesabat dövrü ərzində 750 hektardan artıq torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 3,5 hektar sahə yeni əkin dövriyyəsinə qatılıb. 2021-ci ilin dekabr ayı ərzində rayon ərazisində 450 metr yeni içməli su, 70 metr kanalizasiya xətti çəkilib, 145 metr içməli su və 39 metr kanalizasiya xətlərində təmir-bərpa işləri aparılıb. Bəhs olunan dövrdə 22 metr suvarma və 140 metr təzyiqli boru xətlərində təmir-bərpa işləri görülüb.
2022-ci ildə də meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndiriləcəkdir.
Xəbərlər şöbəsi