Badamlı mədən suları zavodunun işində
dönüş yaradılmalıdır
Badamlı mədən suları zavodu Naxçıvan MSSR-in iri sənaye müəssisələrindən biridir. Zavod 1949-cu ildən istifadəyə verilmiş və onun normal işləməsi üçün dövlət tərəfindən kifayət qədər dövriyyə vəsaiti buraxılmışdır. Təkcə əsaslı kapital qoyuluşu işlərinə 6 milyon manat pul xərclənmişdir...
1956-cı ildə mexanikləşdirmə işlərinin əsasən başa çatdırılması nəzərə alınaraq “İnvesta” dəzgahının tam gücünün 34,5 faiz hesabı ilə 9,6 milyon butulka su istehsal etmək üçün dövlət planı müəyyən edilmiş, sonra SSRİ hökumətinin sərəncamına uyğun olaraq əlavə 400 min butulka mədən suyu istehsal etməkdən ötrü tapşırıq verilmişdir. Həmin il dövlət planını yerinə yetirmək üçün zavodun sərəncamına bir milyon manatlıq dövriyyə vəsaiti buraxılmışdır. Bu qədər böyük imkan və şəraitin olmasına baxmayaraq zavodun direktorluğu keçən ilin və 1957-ci ilin birinci kvartalı üzrə dövlət planlarının yerinə yetirilməsini təmin edə bilməmişdir.
Zavod üzrə ümumi məhsul istehsalı planı 1956-cı ildə 89,2 faiz, 1957-ci ilin birinci kvartalında isə 73 faiz yerinə yetirilmişdir. Burada əmək məhsuldarlığı 6,6 faiz aşağı düşmüş və buraxılan məhsulun maya dəyəri 8,3 faiz artıq olmuşdur. Təkcə maya dəyərinin artırılması hesabına 1956-cı ildə dövlətə 532 min manat ziyan vurulmuşdur.
Sənədləşdirilməmiş boş dayanmalar nəzərə alınmazsa il ərzində 300 maşın-saat və ya 26700 fəhlə-saat boş dayanma olmuşdur. Zavodun direktorluğu təsərrüfatsızlıq və cinayətkarlıq edərək təbii sınma normasından əlavə 1 milyon manatlıq butulka taranın artıq xərclənməsinə, 800 min manatlıq mədən suyunun brak edilməsinə və 200 min manatlıq əməkhaqqı, ezamiyyə xərci, nəqliyyat, habelə başqa işlər üzrə cərimə və digər xərclərin artıqdan ödənilməsinə yol verməklə təkcə 1956-cı ildə dövlətə 2 milyon manatlıq ziyan vurmuşdur.
Zavodun sabiq rəhbərliyi 1956-cı ilin iyun ayında dövriyyədən qayıtmış 590 min ədəd butulkanı kənarda yuyulmadan istehsalata buraxmışlar ki, bunun da nəticəsində, həmin ayda 546 min butulka mədən suyu brak olmuşdur. 1955-ci ildən qalmış olan 247,3 min butulka mədən suyu da daxil olmaqla, cəmi 793,3 min butulka suyun brak edilməsinə sənədlər tərtib edilmiş və bu hesabla müəssisəyə 609,2 min manatlıq ziyan vurulmuşdur.
Zavodun direktoru özbaşınalıq edərək keçən il ərzində 94, 1957-ci ilin birinci rübündə isə 32 nəfər fəhlə və qulluqçunu müxtəlif bəhanələrlə işdən kənarlaşdırmışdır. Zavod direktorunun ünvanına yazılmış 400-dən artıq şikayət ərizəsinin çoxuna cavab verilməmiş, verilmiş cavablar isə kifayətləndirici olmamışdır.
Badamlı mədən suları zavodunun işini yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülmüş və zavodun rəhbərliyi yeniləşdirilmişdir. Bu il zavodun bütün imkanları nəzərə alınaraq istehsalat planı artırılmış və Naxçıvan MSSR Yerli Sənaye Nazirliyi sistemində olan Sirab mədən suyu sexi də bir milyon butulka su istehsalı planı ilə zavodun sərəncamına verilmişdir.
Zavodun yeni direktoru əlaqədar təşkilatlarla birlikdə Badamlı mədən suları zavodunun işinə nəzarəti artırmalı və belə nöqsanların təkrar olunmasına yol verməməlidirlər.
“Şərq qapısı” qəzeti,
19 iyul 1957-ci il. № 85 (5787)
Azərbaycanın ilk və ən məşhur su brendi
Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. 250-dən artıq mineral su mənbəyinin qeydə alındığı bu diyarı təsadüfi olaraq təbii və mineral sular muzeyi adlandırmışlar. Onlar kimyəvi tərkibinə görə müxtəliftipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir. XX yüzillikdə aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazlı olub, hidrokarbonatlı sulara aid edilib. Muxtar respublikanın mineral su bulaqları arasında məşhur “Badamlı” mineral sular qrupu xüsusi yer tutur.
Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 kvadratkilometr sahədə 50-dək mineral su mənbəyi kəşf olunub. Bunlardan biri də adı dillər əzbəri olan, şəninə mahnılar yazılan “Badamlı” mineral su bulağıdır. Şahbuz dağlarında, dəniz səviyyəsindən 1274 metr hündürlükdə çağlayan bu sular XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb və olduqca şəffaf, iysiz və rəngsizdir. Kimyəvi tərkibinə görə karbon qazlı, hidrokarbonatlı-xlorlu-natriumlu-kalsiumlu sular qrupuna aiddir. 5 saylı quyudan çıxan suyun tərkibi isə Rusiyanın məşhur “Arşan” bulağının suyuna yaxın olub, “Narzan” tipli sular qrupuna aid edilir.
“Badamlı” mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1945-47-ci illərdə onun rəhbərliyi altında Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar olunub. Tədqiqatçı bu barədə xatirələrində yazırdı: “Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa çeşmənin yanında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan yük heyvanını suvarmaq istədim. Gördüm ki, heyvan su içmədi. Suyun fərqli tamı var idi. Çeşməboyu yuxarı gedib onun mənbəyini tapdım. Götürülən nümunədən başa düşdüm ki, bu qiymətli bulaqdır. Laborator analizlər də bunu təsdiq etdi. Sevincimin həddi-hüdudu yox idi”.
Aparılan tədqiqatlar nəticəsinə müəyyən olunub ki, mədə-bağırsaq, qaraciyərin bəzi xəstəlikləri zamanı bu mineral suyu içmək faydalıdır. Buruq quyularının bəzilərində isə suyun minerallaşma dərəcəsi az olduğundan süfrə suyu sayılır. Bu səbəbdən də “Badamlı” mineral suyundan süfrə və müalicə məqsədilə istifadə edilir. Beləliklə, 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq Azərbaycanda ilk dəfə əl üsulu ilə su istehsalına – mineral suyun qablaşdırılmasına başlanılıb. Hələ o zamandan ölkəmizin şəhərlərinə göndərilən “Badamlı” suyu ölkənin hər yerində məşhur oldu.
İlkin vaxtlar istehsal sadə formada aparıldığından mövcud su ehtiyatından tam istifadə edilmirdi. “Badamlı”ya olan tələbat gündən-günə artdığından suyun mənbəyində zavod tikilməsi, istehsal prosesinin mexanikiləşdirilməsi və daha çox su istehsal etmək qərara alınır. 1948-ci ildə zavod tikilməyə başlanır. Qısa müddət ərzində kənddə böyük zavod və müxtəlif istehsalat binaları tikilir. Zavodda işə salınan “İnvesta” markalı avtomat sudolduran maşın iş prosesini mexanikləşdirir və məhsul istehsalını kifayət qədər artırır.
Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində yeni zavodun qurulması “Badamlı” mineral suyunun istehsal həcmini artırır. “Badamlı”nın şöhrəti ozamankı Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Qısa müddətdə bu mineral suya böyük tələbat və rəğbət yaranır. Artıq 1970-1980-ci illərdə “Badamlı” zavodunda istehsal olunan məhsulun 90 faizi xarici ölkələrə ixrac edilirdi.
Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərində baş verən hadisələr digər sahələr kimi, “Badamlı” suyunun istehsalına da ciddi ziyan vurmuş, zavodun fəaliyyəti dayandırılmışdı.
1947-ci ildən bəri kiçikdən-böyüyə hər kəsin dilində əzbər olan “Badamlı” suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən məhsullardan biridir. Mineral suya olan tələbatın artması 2009-cu ildə “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına şərait yaratdı. Həmin il Naxçıvan şəhərində “Badamlı” mineral suyunun istehsalı üçün yeni zavod inşa edilib istifadəyə verildi. Bunun üçün suyun yatağından – 25 kilometr məsafədən iki su xətti çəkilib zavoda gətirildi.
“Badamlı”ya tələbatın xarici bazarda daha çox artması yeni və daha böyük zavodun tikilməsini zəruri etdi. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərinə əsasən butipli sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Təqdim olunan şərtlər və aparılan iqtisadi dəyərləndirmələr əsas götürülərək Badamlı qəsəbəsində yeni zavodun tikilməsi məqsədəuyğun hesab edildi.
İnşa edilən yeni zavod 42,5 min kvadratmetr sahəyə malik olmaqla, burada istehsal, filtrasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya yaradıldı. Üç sudoldurma xətti yaradılan istehsal bölməsində Türkiyənin “Ektam” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılıb. Yeni sudoldurma xətlərinin idxalına İqtisadiyyat Nazirliyi tərəfindən 2 halda İnvestisiya təşviqi sənədi verilib. Əgər Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, müasir texnologiya əsasında qurulan yeni zavodda su ehtiyatından 100 faiz istifadə edilir. Yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına, digər istehsal sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına və ətraf kəndlərdə yaşayan əhalinin məşğulluğunun təmin olunmasına da imkan verir.
Zavodun laboratoriyasında suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulub. Yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında tam avtomatlaşdırılmış avadanlıqlarla, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla butulkalara doldurulan suyun keyfiyyət göstəriciləri laboratoriya analizlərindən keçirilmədən istehsala buraxılmır. Qaynağından toplanan “Badamlı” suyu Avropa standartlarına cavab verən bu laboratoriyada fiziki, kimyəvi və mikrobioloji analizlərdən keçirilərək ən təbii halı ilə süfrələrinizə gəlib çatır. İstehsal olunan məhsullar isə analiz edilib rəy verilmədən heç bir halda istehlakçıya göndərilmir.
İllik istehsal gücü 150 milyon şərti butulka olan müəssisədə 2021-ci ilə qədər qazlı və qazsız olmaqla, 14 çeşiddə məhsul istehsal edilirdisə, hazırda 7 çeşid qazlı, 14 çeşid qazsız olmaqla, 21 çeşiddə müxtəlif qablaşdırmalarda normal və premium su istehsal edilir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına mühüm töhfə verir.
İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 70 ildən çoxdur ki, süfrələrimizi bəzəyir. Hazırda Azərbaycanda elə bir məclis tapılmaz ki, orada “Badamlı” suyundan istifadə olunmasın. Məhz buna görə də ötən il Azərbaycanın ilk mineral su brendi “Badamlı” uşaqlar üçün hazırladığı yeni “BUVA” sularını da istehlakçılara təqdim edib. Azərbaycanda uşaqlara özəl ilk su markası olan “BUVA” özünəməxsus görünüşü və adı ilə qısa zamanda uşaqların ən sevimli suyuna çevirilib. 6 ədəd qablaşdırılmış şəkildə satışa təqdim olunan “BUVA” sularını xüsusi edən təkcə onun adı və dadı deyil, eyni zamanda uşaqlar rahat içsin deyə hər bağlamda 2 ədəd xüsusi başlığın hədiyyə edilməsidir.
Şirkətin adının və mövqeyinin bazarda daha dayanıqlı olması üçün müxtəlif kommunikasiya vasitə və üsullarından istifadə etməklə genişmiqyaslı addımlar atılıb. Müştərinin istək və ehtiyaclarına daha həssas yanaşaraq, su istehlakçılarının loyallığının artırılması və brendin hazırkı vəziyyətinin daha yaxşılaşdırılması istiqamətində rebrendinq edilib.
Bu gün muxtar respublikada yaradılan dayanıqlı sosial-iqtisadi inkişaf təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına əlverişli şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “Badamlı” mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Müəssisədə istehsal edilən mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılır. Bu gün “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İraq, Kanada kimi yaxın və uzaq ölkələrə ixrac olunur və getdikcə öz alıcı kütləsini artırır. Beynəlxalq miqyasda məhsula artan tələbat “Badamlı”nın yaxın zamanlarda Türkiyə, Özbəkistan və Ukrayna respublikalarına ixracını da məqbul edib.
Bu qiymətli təbii sərvətin ixrac imkanlarının artması, xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi bir tərəfdən biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır.
Yenicə yola saldığımız ötən ilin yaddaqalan iqtisadi uğurlarından biri də məhz bu istiqamətdə görülən işlərin yeni bir mərhələyə qədəm qoyduğunun əyani ifadəsi olaraq öz sıralarında 50 ölkəyə aid 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club”un həyata keçirdiyi biznes-netvorkinq tədbirlərinin nəticəsi kimi keyfiyyət standartlarına, şəffaflığına və göstərdiyi həssasiyyətə görə fərqlənən “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “İlin mineral suyu” mükafatına layiq görülməsi oldu. Bütün bu uğurlar isə muxtar respublika iqtisadiyyatının inkişafına, təbii sərvətlərdən məqsədyönlü istifadəyə dövlət qayğısının bəhrəsidir.
Ali Məclis Sədri demişdir: “Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə təmin edilməli, yeni müəssisələr fəaliyyətə başlamalı, daxili tələbat ödənilməli və ixracyönümlü məhsul istehsal olunmalıdır. Çünki təbii sərvətlərdən səmərəli istifadə inkişaf deməkdir”.
PS. Zavoddakı avadanlıqların ahəngdar səsi, istehsal olunmuş hazır məhsulun elektromobillər vasitəsilə anbara daşınması fonunda, zavodun bir hissəsində nümayiş etdirilən, vaxtilə istifadə olunmuş “Badamlı” butulkaları bir məlumatı yadıma salmağa kömək edir. Rusiyanın Kaluqa şəhərindəki Dövlət Kosmonavtika Tarixi Muzeyində kosmosa ilk uçan insan – Yuri Qaqarin və digər kosmonavtların uçuşa hazırlaşdıqları təlim-məşq və istirahət otaqlarının modeli fəaliyyət göstərir. Muzeydə saxlanılan əşyalardan biri də məhz kosmonavtların təlim zamanı içdikləri “Badamlı”nın butulkasıdır. Şahbuzun “Badamlı”sı altmış ildir, burada qorunub saxlanılır. Kosmonavtika Günü ilə bağlı Rusiyanın kanallarında muzeylə bağlı hazırlanan süjetlərdə doğma “Badamlı”mızı da görmək insana ayrıca fəxarət hissi yaşadır.
Məmməd BABAYEV