Naxçıvan... Ulu və müqəddəs, bəşər mədəniyyətinin yaşıdı olan bu torpağın zəngin keçmişi ilə yanaşı, bugünkü tərəqqisi, əldə etdiyi sabitliyi, intibah yolu ilə də öyünməyə mənəvi haqqı var. Tarixçilər, salnaməçilər bir faktın üzərində məxsusi dayanırlar ki, muxtariyyətinin 95 yaşını qeyd edən Naxçıvan öz şanlı tarixinin heç bir dövründə bugünkü kimi inkişaf etməmişdi. Ölkə başçısının Naxçıvana olan davamlı diqqət və qayğısı, muxtar respublika rəhbərinin müstəsna əməyi, naxçıvanlıların yurd, Vətən sevgisinin bəhrəsindən yaranan qədim diyarın müasir siması Nuh yurduna gələn siyasətçilərin, elm adamlarının, turistlərin, idmançıların təəssüratlarını bəzəyir. Muxtar respublikanın ərazisinə və əhalisinə görə ən böyük yaşayış məntəqələrindən olan Babək rayonunda əldə olunan nailiyyətlər də sistemli və düzgün müəyyənləşdirilmiş fəaliyyətin məntiqi nəticəsidir.
35 kənd və 1 qəsəbədən ibarət olan Babək rayonu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayə və qayğısı sayəsində, demək olar ki, yenidən qurulub. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən kompleks quruculuq tədbirləri nəticəsində bu gün ən ucqar dağ və sərhəd kəndləri belə, abadlaşdırılıb. Aran kəndləri hesab olunan Nehrəmdə, Qahabda, Güznütdə, Sirabda, Zeynəddində yaradılan müasir şərait bu gün dağ və sərhəd kəndləri Gərməçataqda, Yuxarı və Aşağı Buzqovda, Nəhəcirdə, Payızda da mövcuddur. Ümumiyyətlə, hər il rayonun hansısa yaşayış məntəqəsini, emal və sənaye sahəsini əhatə edən quruculuq işləri aparılır. Cari ilin ilk rübündə isə rayonda tikinti-quraşdırma işlərinə 34 milyon 22 min 900 manat həcmində investisiya yönəldilib. Bu dövrdə Kültəpə və Gülşənabad kəndlərində yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin tikintisi aparılıb, hər iki yaşayış məntəqəsinin daxili yolları abadlaşdırılıb, məhəllələrə içməli su xətti çəkilib. Bundan başqa, rayon Baytarlıq İdarəsi və Süni Mayalanma Mərkəzinin tikintisi də sürətlə aparılır.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın düşdüyü ağır vəziyyət, yaşadığı böhran, xüsusən özünü enerji təsərrüfatında büruzə verirdi. Qədim diyarda elektrik enerjisinin fasilələrlə verilməsi istehsal sahələrinin də fəaliyyətini iflic vəziyyətə salmışdı. Naxçıvan şəhərində və ətraf kəndlərdə fasilələrlə olsa belə, verilən elektrik enerjisinə ucqar dağ kəndlərinin əhalisi günlərlə həsrət qalırdı. Yalnız ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövründə İran və Türkiyə ilə apardığı diplomatik danışıqlar sayəsində enerji nəqlinə nail ola bildi. Sonrakı illərdə dahi şəxsiyyətin bu sahədə müəyyənləşdirdiyi yol Naxçıvanın gecələrini də gündüzləri kimi işığa qərq etdi. Bu gün muxtar respublika ərazisindəki mövcud elektrik stansiyalarından dördü Babək rayonunda yerləşir. İyunun 7-də Ali Məclis Sədrinin iştirakı ilə rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın və yarımstansiyanın istifadəyə verilməsi bu sahədəki işlərin daha da təkmilləşdirilməsinə stimul olub.
Həmin gün Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı” da istifadəyə verilib. Ali Məclisin Sədri açılış mərasimində deyib: “Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublika təbiətinə də təsir etmiş, ağaclar kütləvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrdə muxtar respublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir”.
Qeyd edək ki, bu günə kimi muxtar respublikada müxtəlif tinglər və gül kollarına olan tələbatın bir qismi idxal hesabına ödənilirdi. Bu isə vəsaitin ölkə xaricinə çıxması demək idi. Müasir avadanlıqlarla təchiz olunan “İqlim otağı”nda yaradılan şərait imkan verib ki, bəzək kolları, həmişəyaşıl tinglər, müxtəlif güllər daha tez yetişsin və ərsəyə gəlsin.
Məhsul – 2019
Babək rayonu aqrar sahənin dinamik inkişaf etdiyi bölgələrdən biri kimi tanınır. Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində məxsusi rolu olan babəklilər hər il rayonda yeni meyvə bağları salır, istehsal sahələri, heyvandarlıq təsərrüfatları yaradırlar. Bu il Naxçıvan Muxtar Respublikası üzrə ən çox taxıl əkini Babək rayonunda aparılıb və bu məntiqə uyğun olaraq ən çox məhsul tədarük edilən bölgələrdən biri olub. 2019-cu ilin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb və taxılçılıq mühüm istiqamət kimi diqqətdə saxlanıldığı üçün əkinlərin 10 min 610 hektarını taxıl təşkil edib. Ötən il ilə müqayisədə taxıl əkini sahəsi 84 hektar artıb. Tədarük olunan məhsula gəldikdə isə biçin kampaniyası itkisiz və mütəşəkkil qaydada aparılıb, sahələrdən 33 min 707 ton taxıl yığılıb.
Müvafiq dövlət proqramlarına uyğun olaraq Babək rayonunda tütünçülüyün və üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Hesabat dövrü ərzində Cəhri kəndində “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Mərkəzi tərəfindən Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb. Ümumiyyətlə, bu dövrdə rayonda 18 hektar sahədə tütün əkilib və hazırda yığım davam etdirilir. Tütün istehsalı ilə məşğul olan yeni təsərrüfatların yaradılması həm də yeni iş yerləri deməkdir.
Rayonda üzümçülüyün inkişafı istiqamətində görülən işlər yeni bağların salınmasına, mövcud təsərrüfatların daha da genişləndirilməsinə imkan verib. Belə ki, rayonun Nehrəm kəndindəki “Sumqala” üzümçülük təsərrüfatında istehsal olunan məhsullar bu ildən daxili tələbatı ödəməklə yanaşı, paytaxt Bakı və Rusiya bazarlarına da ixrac olunur. 180 hektar ərazini əhatə edən təsərrüfatda üzümdən hazırlanan məhsulların uzun müddət saxlanılmasına imkan verən və tutumu 2500 ton olan soyuducu anbarın da tikintisi davam etdirilir.
2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması Babək rayonunda yeni ailə təsərrüfatlarının yaradılmasına, mövcud təsərrüfatlarda isə məhsul istehsalının artmasına təkan verib. Bu ilin ilk rübündə rayonun Zeynəddin, Nehrəm və Qaraqala kəndlərində dövlət maliyyə dəstəyi hesabına yeni heyvandarlıq təsərrüfatları yaradılıb. Nəcəfəli Dizə kəndindən olan fiziki şəxs Vüsar Məmmədov isə yeni istixana təsərrüfatının yaradılmasını başa çatdırıb.
Məşğulluq məsələlərinin həlli diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun daha da artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Belə ki, cari ilin birinci rübündə rayonda 327 yeni iş yeri yaradılıb. Bunun 324-ü və ya 99 faizi daimi iş yerləridir. Bəhs olunan dövrdə muxtar respublika rəhbərinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən daha 7 aztəminatlı ailə müəyyənləşdirilib və onlardan 6-na yanında balası olan iribuynuzlu mal-qara, birinə isə 10 xırdabuynuzlu heyvan verilib.
Biri var tarixi kitablardan öyrənəsən, biri də var tarix sənin gözlərin qarşısında günbəgün, anbaan yazıla. Bu tarixin bir adı var: Naxçıvanın inkişaf tarixi. Biz bu tarixə toxuna bilirik, onunla böyüyürük, yaşa doluruq. Bir vaxtlar taleyin ümidinə buraxılmış “tənha ada”nı xatırladan Naxçıvan bu gün inkişaf, tərəqqi, yenilik, müasirlik qitəsinə çevrilib. Babək rayonu isə qədim diyarın bir parçası kimi 2019-cu ilin ikinci yarısında əldə edəcəyi nailiyyətlərlə, yeni quruculuq ünvanları ilə, açılan yeni iş yerləri, emal və istehsal sahələri ilə hələ çox zirvələri fəth edəcək.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru