07 Yanvar 2025, Çərşənbə axşamı

Muxtar respublikada ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsi prioritet vəzifələr sırasındadır. Buna nail olunmasında kənd təsərrüfatı mühüm rola malikdir. Ona görə də bu sahənin inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlar, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, subsidiyaların verilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi əkinçiliyin inkişafına öz təsirini göstərməkdədir.

Qeyd edək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 33 min 308 hektar sahədə taxıl əkilmişdi. Zəmilərdən 102 min 984 ton məhsul tədarük edilib, hektarın orta məhsuldarlığı 30,9 sentnerə çatdırılıb. Təbii ki, bu nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib. Uzun illər əkilməyən və istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması əkin dövriyyəsinə yeni sahələrin qatılmasında mühüm rol oynayıb. Belə ki, təkcə 2018-ci ildə və cari ilin ilk altı ayında meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616, Yurdçu kəndi ərazisində 59,4 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara 291,4 milyon kubmetr su ehtiyatı toplanılıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 160 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 134716 hektar torpaq sahəsi su ilə təmin olunub.

Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 309-u 2019-cu ilin yanvar­-iyun aylarında olmaqla, cəmi 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Cari ilin ilk altı ayında 172 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 2-si nağd yolla satılıb.
Həmçinin istehsal olunmuş məhsulların ilboyu keyfiyyətli şəkildə istehlakçılara çatdırılması məqsədilə cari ilin ötən dövründə Şərur rayonunda bir soyuducu anbar genişləndirilib, Babək rayonunda bir, Şərur rayonunda iki soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi hazırda davam ­etdirilir.
Həyata keçirilən belə məqsədyönlü tədbirlər isə bəhrələrini verib. Belə ki, uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər.
Artıq taxıl tədarükü başa çatıb. İlin nəticələrindən fərəhlə söhbət açmaq olar. Sərhəd bölgəsi Sədərək rayonu bu il də liderliyi saxlaya bilib. Bölgənin taxılçıları 2472 hektar taxıl zəmisindən 8788 ton məhsul toplayıblar. Bu isə orta məhsuldarlığın 35,6 sentner olması deməkdir. Ayrı-ayrı taxılçılarda bu rəqəm daha yüksəkdir. Rayonun Sədərək kənd sakinləri Fuad Qədimov 50, Qafar Zeynalov isə 45 hektar sahədə taxıl yetişdiriblər. Zəmilərə vaxtında və aqrotexniki qaydada qulluq göstəriblər. Çəkdikləri zəhmət hədər getməyib. Hər ikisi hektarın orta məhsuldarlığını 40 sentnerə çatdırıb. Fuad Qədimov deyir ki, neçə illərdir, taxılçılıqla məşğuldur. Çoxları elə düşünür ki, toxumu torpağa atdın, zəmini suvardın bununla iş bitdi. Əslində, belə deyil. Taxıl da qayğı istəyir. Bu qayğının qarşılığını verə bilsən, torpaq sənin zəhmətinin əvəzini birə-beş ödəyəcək. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Tədarük etdiyim taxıldan yaxın günlərdə başlayacağım əkin üçün toxumluq götürmüşəm. Bir hissəsini isə üyüdərək ailəm üçün ayırmış, qalanını da satmışam. Hazır­da əkəcəyim sahələrdə şum qaldırılması ilə məşğulam. Çalışıram ki, builki əkin kampaniyasını da vaxtında başa çatdıram.
Ən böyük bölgəmiz sayılan Şərur rayonu taxıl tədarükündə 33,8 sen­tner məhsuldarlığa nail olub. Bu rayonda 4127 hektar sahədən 13 min 947 ton məhsul tədarük edilib. “Şərur Aqrotexservis” Səhmdar Cəmiyyətinin sədri Aqil Məmmədov deyir ki, cəmiyyətə məxsus olan texnikalarla sahələrin şumlanmasında, taxıl əkinində və tədarükündə taxılçılara yaxından köməklik göstəriblər. Hazırda cəmiyyətin dəyirmanında taxıl üyüdülməsi həyata keçirilir.
Aqil Məmmədovun özü də taxılçılıqla məşğul olur. Cari ildə o, 25 hektar taxıl əkini sahəsindən 82 ton məhsul götürüb. Bu rəqəm məhsuldarlığın 35 sentner olması deməkdir. Sahibkar bunu son hədd hesab etmir. Bundan da yüksək məhsuldarlığa nail olmağın mümkünlüyünü göstərilən hərtərəfli dövlət qayğısı ilə izah edir və belə qayğının davamlı xarakter aldığından minnətdarlığını bildirir.
Taxıl tədarükündə 3-cü yer Babək rayonuna məxsusdur. Bu bölgənin taxılçıları 10 min 610 hektar taxıl sahəsindən 33 min 707 ton məhsul tədarük edərək məhsuldarlığı 31,8 sentnerə çatdırıblar. Kəngərli rayonunun taxılçıları isə 29,4 sentner məhsuldarlığa nail olublar. Digər yerlər Naxçıvan şəhərinə, Culfa, Ordubad və Şahbuz rayonlarına məxsusdur. Aparılan təhlillər göstərir ki, əvvəlcədən həyata keçirilən hazır­lıq tədbirləri hesabına torpağa bir dən belə, havayı düşməyib. Artıq 2020-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrdə şum qaldırılmasına başlanılıb. İnanırıq ki, bu mövsüm də vaxtında və uğurla başa çatdırılacaq.

Muxtar MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR