Yüngül sənaye müxtəlif növ bitki və heyvan mənşəli xammaldan və bunların süni əvəzedicilərindən istehlak malları (paltar, ayaqqabı, çanta və sair) istehsal sahələrində istifadə olunan parça, xəz, dəri və digər məhsulları istehsal edən sənaye sahəsidir. Bu sənaye sahəsinin muxtar respublikada inkişaf etdirilməsi idxalın azalması ilə yanaşı, ixrac potensialının da güclənməsinə səbəb olacaqdır.
Muxtar respublikada tarixən yüngül sənaye müəssisələri olub və bu ənənəvi sahəyə çevrilib. SSRİ dövründə Ordubad rayonunda İpəkçilik fabriki və Naxçıvan şəhərində pambıq zavodu tikilib, Şərur rayonundakı isə bərpa olunub. 1933-1937-ci illərdə Ordubad baramaaçan (ipək) fabriki yenidən qurulub, 1956-1965-ci illərdə xam ipək istehsalı 40 tona çatdırılıb. XX əsrin 70-80-ci illərində muxtar respublikada digər sahələr kimi, yüngül sənayenin də inkişafında mühüm nailiyyətlər əldə edilib, xalq təsərrüfatının mövcud sahələri daha da yüksəldilib.
Yüngül sənayenin yeni sahələrin yaradılmasında və inkişafında da özünəməxsus rolu vardır. Çünki bu sənaye növü üzrə istehsal edilən məhsullara bütün müəssisə və təşkilatlarda tələbat yüksəkdir. Naxçıvanın sənaye sahələri içərisində ümumi məhsul istehsalının həcminə görə yüngül sənaye mühüm rol oynayırdı. Bu sənaye sahəsi muxtar respublikada istehsal edilən ümumi sənaye məhsulunun 15,6 faizini təşkil edirdi və daha çox əməktutumlu sahələrdən biri kimi, həm də yerli xammalın ilkin emalı prosesini başa çatdırmaqla məhdudlaşırdı. Yüngül sənaye mühüm sahələri əhatə edir: toxuculuq, tikiş, trikotaj, xalçaçılıq, gön-dəri, ayaqqabı sənayesi və digərləri.
Toxuculuq sənayesi pambıq, yun və ipək parça toxuculuğu üzrə ixtisaslaşmaqla yüngül sənayenin tərkibində məhsul istehsalı üzrə və işləyən fəhlələrin sayına görə də fərqlənir. Tikiş sənayesi isə nisbətən əvvəllər yaranmış sahə olmaqla, 1970-1980-ci illərdə daha da inkişaf edib. Bu sahəyə aid olan müəssisələr muxtar respublikanın bütün rayon və şəhərlərində olan məişət xidməti kombinatlarının nəzdində fəaliyyət göstərib. Bunlardan ən böyükləri Naxçıvan Tikiş Fabriki, Naxçıvan İstehsal Kombinatı və Naxçıvan Fərdi Tikiş Fabriki idi. Müəssisələr yerli sakinlərin, həmçinin Azərbaycanın digər rayonlarının əhalisinin tələbatını ödəmək üçün geniş çeşiddə məhsul istehsal edirdi. Muxtar respublikamızın müstəqil balansda olan bütün sənaye müəssisələrində çalışan sənaye istehsal heyətinin 18 faizindən çoxu müvafiq müəssisələrdə cəmlənmişdi. 1970-ci illərdə Naxçıvan Fərdi Tikiş Fabriki əsaslı surətdə yenidən qurulub, genişləndirilib və texniki bazası yenilənib.
Müstəqillik illərində bu sahənin inkişafı da diqqət mərkəzində olub. Təkcə onu demək kifayətdir ki, Naxçıvanda toxuculuq və tikiş sənayesində istehsal olunmuş məhsulun həcmi 2010-2017-ci illərdə 2 dəfə artıb. Belə ki, toxuculuq və tikiş sənayesi üzrə istehsal olunmuş məhsulun həcmi 2010-cu ildə 17169 min, 2017-ci ildə isə 34536 min manat təşkil edib. Eyni zamanda dəridən məmulatlar və ayaqqabı istehsalında sənaye məhsulunun həcmi 2010-2017-ci illərdə 1,8 dəfə artıb. Belə ki, həmin sənaye məhsulunun həcmi 2010-cu ildə 632 min, 2017-ci ildə isə 1141 min manat təşkil edib.
Toxuculuq və tikiş sənayesində işçilərin orta sayı 2010-2017-ci illərdə 1,14 dəfə artıb. Belə ki, həmin sahə üzrə işçilərin orta sayı 2010-cu ildə 803, 2017-ci ildə isə 916 nəfər təşkil edib. Dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında işçilərin orta sayı isə 2010-2017-ci illərdə 1,24 dəfə artıb. Belə ki, onların sayı 2010-cu ildə 178, 2017-ci ildə isə 221 nəfər olub.
Muxtar respublikada yüngül sənaye sahələrindən biri də trikotaj sənayesidir ki, o da Naxçıvan Alt Trikotaj Fabriki ilə təmsil olunurdu. 1981-ci ildə istifadəyə verilmiş və istehsal gücü il ərzində 9,1 milyon ədəd olan həmin fabrik Azərbaycanın eyni profildə məhsul istehsal edən ən böyük müəssisələrindən biri idi. 1983-cü ildə fabrik tam istehsal gücü ilə işləməsə də, burada 678 nəfər (bütün yüngül sənaye işçilərinin 23 faizdən çoxu) çalışıb, 5,6 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilib.
Xalçaçılıq muxtar respublikada yüngül sənayenin ənənəvi sahələrindən biridir. Keçmişdə əl əməyinə əsaslanan xalça toxuculuğu, əsasən, kustar xarakter daşıyırdı. Bu gün də bu sahəyə böyük diqqət göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 19 aprel tarixdə imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Həmin proqramın icrası muxtar respublikamızda xalçaçılığın yüksək səviyyədə inkişafına layiqli töhfələrini verir.
Bu gün muxtar respublikamızda özəl sektorun sürətli inkişafı, onun yüksək məhsuldarlıq və sosial dayanıqlığının yüksəldilməsi dövlətin ali məqsədlərini təşkil etməkdədir. 2018-ci il üçün muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 773 milyon manat olub. Sənayenin ÜDM-dəki həcmi isə 27,4 faiz, yəni 990 milyon 67 min manat dəyərinə yüksəlib. Onu da deyək ki, 2019-cu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon 637 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,9 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz artıb. Bu da onu təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının məqsədyönlü və uğurlu icra mexanizmi sənayeləşmə siyasətində yüksək perspektivlərə nail olunmasına öz töhfəsini verir.
Yüngül sənayenin əsas səciyyəvi cəhətlərindən biri də qoyulmuş kapitalın tez qaytarılmasıdır. Bu sənaye sahəsi kənd təsərrüfatı, maşınqayırma, və kimya sənayesi ilə sıx əlaqəli fəaliyyət göstərməsi ilə də fərqlənir. Kənd təsərrüfatı yüngül sənayeni ayrı-ayrı xammal növləri ilə, maşınqayırma avadanlıqlarla, kimya sənayesi isə liflər və boyalarla təmin edir. Avadanlıq, kimyəvi liflər və sair alaraq, öz növbəsində, onları istehsal təyinatlı məhsullarla təmin etdiyi üçün yüngül sənayenin mövcudluğu iqtisadi rayonların inkişafının kompleksliyini gücləndirir. Deməli, bu yolla həm də kənd təsərrüfatını inkişaf etdirmək imkanı yaranır. Sənayenin həmin qolu inkişaf etdikdə heyvandarlıqda yun və dəri, bitkiçilikdə isə pambıq və barama istehsalına tələbat artacaq. Həmçinin süni əvəzedicilərə ehtiyac olduğundan kimya sənayesinin bəzi sahələrinin də inkişafına təkan verəcəkdir.
Yüngül sənayenin inkişafı əhalinin sənaye məhsullarına olan tələbatının ödənilməsi, sahibkarlığın inkişafı və digər sosial-iqtisadi problemlərin həllində əhəmiyyətli rol oynayır. Bu sahənin canlanması gələcəkdə muxtar respublikamızın tələb olunan miqdarda istehlak malları ilə təminatına, idxalın aşağı salınmasına və xaricdən asılılığı minimuma endirməyə imkan verəcək. Bununla yanaşı, əməkqabiliyyətli əhalinin xeyli hissəsinin iş yerləri ilə təmin olunmasına şərait yaranacaq və bu, sosial-iqtisadi dayanıqlığın möhkəmlənməsinə ciddi təkan verəcəkdir.
Məhəmməd SÜLEYMANOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı