Naxçıvan şəhərinin Tumbul kəndində “Təkrar əkinlərin aparılması və bu sahədə həyata keçirilən aqrotexniki tədbirlər” mövzusunda tarla-seminar müşavirəsi olub.
Tədbirdə yay şumunun aqrotexniki qaydalar əsasında qaldırılması, təkrar əkinlərin keçirilməsi və texnikadan səmərəli istifadənin əhəmiyyətindən söhbət açılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov taxıl əkib-becərən sahibkarlara, eləcə də torpaq mülkiyyətçisi və ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən danışıb, onların istehsal etdikləri məhsulların bazar və yarmarkalarda rahat satışının təşkil olunduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov deyib ki, torpaq-iqlim şəraiti burada əkinlərin təkrar aparılmasına imkan verir. Təkrar əkinlər, əsasən, taxıl biçinindən, həmçinin tezyetişən kartof bitkisinin yığımından dərhal sonra aparılmalıdır. Bu prosesin optimal müddəti 15 iyul tarixdən 10 avqust tarixədəkdir. Odur ki, əkinlər həmin müddətdə aparılmalı, əkin zamanı torpağın münbitliyi qayğısına qalınmalı, daha çox iqtisadi səmərə gətirən bitkilərə üstünlük verilməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Valeh Mehdiyev təkrar əkinlərin aparılmasında lizinq xətti ilə gətirilən yeni, müasir texnikaların rolundan danışıb. Tarla-seminar müşavirəsində ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Məhəmməd FƏRƏCOV