Şahbuz Rayon İcra Hakimiyyətində rayonunda keçirilən müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açıb.
Bildirilib ki, Ali Məclis Sədri tərəfindən verilmiş tapşırıqların icrasına uyğun olaraq muxtar respublikamızın bütün bölgələri ilə yanaşı, Şahbuz rayonunda da torpaqlardan səmərəli istifadə diqqətdə saxlanılır. Ötən müddətdə rayonda əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilərək əkin dövriyyəsinə daxil edilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib, bələdiyyə torpaqlarından istifadə vəziyyəti və onlara nəzarət işi diqqətdə saxlanılıb. Nəticədə, 2016-2018-ci illərdə 6,99 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş 103 tikili sənədləşdirilərək vətəndaşların mülkiyyətinə verilib, qanunsuz zəbt edilmiş 14,46 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Bundan əlavə, 2019-cu ilin altı ayında 0,73 hektar torpaq sahəsində qanunsuz inşa edilən 3 tikili sənədləşdirilərək vətəndaşların mülkiyyətinə verilib, zəbt olunmuş 0,37 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə işlər yekunlaşmaq üzrədir. Artıq Şahbuz rayonunda da planlaşma işlərinə start verilib. Görüləcək işlər nəticəsində torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların aradan qaldırılması, torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaranacaq.
Müşavirədə çıxışlar olub. Qeyd edilib ki, rayonun əhatə etdiyi 22 bələdiyyə üzrə aparılacaq planaalma işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.
Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.
Hicran ƏLİYEVA