Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi kənd təsərrüfatı məhsullarının satışı yarmarkası davam edir. Burada olarkən çeşid müxtəlifliyi və bolluq diqqətimi cəlb etdi. Hazırda muxtar respublikada yetişən meyvə-tərəvəzlərin böyük əksəriyyətinin məhsul dövrü olduğundan satıcılar keyfiyyətli, təzə-tər məhsulları münasib qiymətə satışa çıxarırlar. Bu da mənim kimi, bütün alıcıların ürəyincədir.
Bazarı ucuzluq və bolluq içində görəndə bir daha əmin olursan ki, muxtar respublikada aqrar sahənin inkişafı prioritet istiqamət kimi diqqətdə saxlanılır. Çünki diyarımızın iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Həyata keçirilən meliorativ tədbirlər nəticəsində əkinəyararlı yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, dövlət tərəfindən ailə təsərrüfatlarına, torpaq mülkiyyətçilərinə subsidiyalar verilir, texnika və gübrələrlə təminat kənd təsərrüfatının inkişafına xidmət edir. Bu inkişafın ən mühüm göstəricilərindən biri də bazar və ticarət obyektləri, o cümlədən hər həftəsonu şahidi olduğumuz bol-bərəkətli yarmarkalardır.
Bir məqamı da unutmayaq ki, artıq süfrələrimizin dadı olan bir çox yerli məhsullarımız nəinki indi, ilin bütün fəsillərində əlçatandır. Düzdür, hər məhsulu öz mövsümündə dadmaq daha ləzzətlidir. Amma yerli məhsullarımız o qədər keyfiyyətli olur ki, qışın soyuğunda da istifadə etdikdə dadından doymaq olmur. 5-10 il bundan öncəni xatırlayaq... Məhsulların yetişən dövrünü gözləyirdik ki, nübar edək. Tək-tük mağazalarda bəzi məhsullara rast gələrdik. O da mövsümü olmadığına görə od qiymətinə. Qiyməti bir yana qalsın, həm də xaricdən gətirildiyindən yerli məhsul qədər dadlı və keyfiyyətli deyildi. Günümüzdə isə xiyar, pomidor, göyərti məhsullarından tutmuş bərəkətli torpaqlarımızın dadına dad qatdığı bir çox meyvə-tərəvəzləri ilin bütün fəsillərində ucuz qiymətə əldə edə bilirik. Hətta muxtar respublikamızdan kənarda yaşayan qohum-əqrəba, dost-tanışın da bu nemətlərdən pay gözləməsi diyarımızın ləziz təamlarının keyfiyyətindən xəbər verir.
Bütün bunlar muxtar respublikamızda aqrar sektorun inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Son illər sahibkarlara verilən güzəştli kreditlər hesabına yaradılan istixana və soyuducu anbarlar daxili tələbatı ilboyu ödəməyə imkan verir. Xüsusilə istixanaların fəaliyyət göstərməsi muxtar respublikada tərəvəz məhsulları sarıdan idxaldan asılılığı aradan qaldırıb. Bizi 4 fəsildə yerli və keyfiyyətli məhsullarla təmin edən istixanalar bugünkü bolluğun əsas təminatçısıdır desək, yanılmarıq.
Buna görə də növbəti yazıda istixanalardan bəhs etməyi qərara aldım. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək öyrəndim ki, hazırda diyarımızın müxtəlif yerlərində tərəvəz istehsalı üzrə 21 istixana təsərrüfatı fəaliyyət göstərir. Ötən illər ərzində istixana təsərrüfatlarının bu qədər genişlənməsi, təbii ki, sahibkarlara davamlı dövlət dəstəyinin göstərilməsi sayəsində mümkün olub.
Muxtar respublikamızda fəaliyyət göstərən ən böyük istixanalardan biri “Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin direktoru Elçin Bağırov 2011-ci ildən istixana təsərrüfatı ilə məşğul olur. Sahibkarın Naxçıvan şəhərində 2 hektar və Kəngərli rayonunun Böyükdüz kəndində 5 hektar sahədə istixanaları vardır.
Böyükdüz kəndindəki həmin istixana ilə tanışlıq xoş təsir bağışladı. İstixanaya daxil olarkən özünü ucu-bucağı görünməyən bir bolluqda hiss edirsən. Boy-boya verən yamyaşıl kollar üzərində “qırmızı salxımlar” burada bir neçə növdə pomidorun yetişdirilməsindən xəbər verir.
Sahibkar qeyd etdi ki, “Naxçıvan bağları” MMC-nin istixana kompleksində 3 növdə pomidor, 3 növdə xiyar yetişdirilərək satış nöqtələrinə göndərilir. Ayza, pəmbə, akın, pəmbə kokteyl pomidor sortları alıcılar tərəfindən həvəslə alınır. Buradakı yüksək məhsuldarlığa səbəb həm də “ağıllı istixana” sisteminin quraşdırılmasıdır. Kompleksdəki müasir avadanlıqlar vasitəsilə hava-iqlim şərtləri, torpağın kimyəvi tərkibi, temperatur, nəmlik, bakterioloji şərait tam avtomatik qaydada tənzimlənir. Bu avadanlıqlar İspaniya, Türkiyə, İsrail mənşəli olub kompüter sistemi ilə idarə edilir. İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Şitillərin tozlandırılması isə xüsusi işçi arılar vasitəsilə həyata keçirilir. Bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. Burada suvarma damcı və çiləmə üsulu ilə aparılır.
Müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Məhsul çeşidini artırmağı qarşıya məqsəd qoyan sahibkar onu da diqqətə çatdırdı ki, sınaq məqsədilə istixananın yardımçı təsərrüfatlarında başqa tərəvəzlərin, o cümlədən çuğundur, qırmızı kələm, brokoli, kahı və gül kələmin də əkininə başlanılıb.
Kompleksin məhsulları muxtar respublikamızdakı bütün ticarət obyektlərində “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılır. Bu məhsulları əminliklə almaq mümkündür. Çünki onların keyfiyyətinə tam zəmanət verilir. İstixana kompleksində toplanan məhsullar bazara çıxarılmazdan əvvəl ekotester avadanlığı ilə yoxlanılır. Satışa göndərilən tərəvəzlər muxtar respublikanın istənilən yerinə təchizatlı avtomobillərlə daşınır.
İndi ekoloji təmiz tərəvəz məhsullarına olan tələbat yüksəkdir. Hamı istəyir ki, yerli qida məhsulları əldə etsin. Naxçıvanda da dad-tamı ləzzətli, ekoloji təmiz yerli tərəvəz məhsulları həvəslə alınır. Daxili bazarın tələbatından artıq istehsal olunmuş tərəvəzlər paytaxt Bakıya, respublikamızın digər şəhərlərinə göndərilir. Yüksək keyfiyyət və məhsuldarlıq məhsulun ixrac imkanlarını da artırır. Bunun nəticəsidir ki, artıq bu keyfiyyətli məhsulların sorağı Rusiya Federasiyasından da gəlir. “Naxçıvan bağları” etiketi və “Made in Azerbaijan” brendi ilə ixrac olunan həmin məhsullar muxtar respublikamızdan kənarda da həvəslə alınır. Hər halda, digər yerli məhsullarımızda olduğu kimi, Naxçıvanda yetişən tərəvəzlərin də keyfiyyətinə bu torpağın zəngin minerallarının, təmiz suyu və bol günəşli günlərinin də təsiri vardır.
Sahibkar deyir ki, ilin soyuq günlərində bazarı təzə tərəvəzlə təmin etmək nə qədər çətin olsa da, əhalinin tələbatının ödənilməsində yüksək payımızın olması kollektivimizi işə daha həvəslə yanaşmağa sövq edir. Söhbət kollektivdən düşmüşkən qeyd edim ki, hazırda “Naxçıvan bağları” istixana kompleksində 51 nəfər işlə təmin olunub. Burada çalışan işçilərə keyfiyyətli məhsul istehsal etmələri üçün hər cür şərait yaradılıb. Bu, onların məsuliyyətini də artırır. Çünki Naxçıvan Biznes Mərkəzində geniş stenddə sərgilənən, “Naxçıvan bağları” etiketi ilə satışa çıxarılan və “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsullar yalnız yüksək keyfiyyət və ekoloji standartlara cavab verməlidir.
Bir sözlə, bu gün sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən mühüm işlərin bəhrəsini görürük. “Naxçıvan bağları” MMC kimi onlarla istixana kompleksinin, soyuducu anbarların və digər istehsal və təsərrüfat sahələrinin fəaliyyət göstərməsi əhalinin tələbatını tam ödəməyə imkan verir. Özü də bu ekoloji saf məhsullar yüksək keyfiyyəti ilə seçildiyi üçün sağlamlığımıza da müsbət təsir göstərir. Deməli, aqrar və iqtisadi sahələrin inkişafına hesablanmış tədbirlər həm də sağlam gələcəyimizə zəmanət verir.
Gülcamal TAHİROVA