03 Yanvar 2025, Cümə

Kiçik, böyük hər kəsin sevdiyi dondurma faydalı olmaqla yanaşı, yay aylarında yeyilə biləcək ən yaxşı desertlərdən biridir. Hava çox isti və nəmli olduqda soyuq içki və ya dondurma kimi insana zövq verə biləcək bir şey yoxdur. Xüsusilə də bu məhsullar ekoloji cəhətdən təmiz xammaldan hazırlanmış yerli istehsal ­olduqda...
Hamının sevə-sevə yediyi, 3 min ildir ki, bizə isti havada buz kimi sərinlik gətirən bu ən sevimli desert haqqında çoxsaylı sirlər mövcuddur. Onun yaranma tarixi də maraqlıdır.

Əfsanəyə görə, Roma imperatoru Neon qladiator döyüşlərini seyr edərkən şirniyyat yeməyi çox sevirmiş və ən dadlı şirniyyatı hazırlayan aşpazı mükafatlandırırmış. Səhər yeməyi hazırlayanlardan biri dağın yüksək yerlərindən qar yığıb, bir qabda yerləşdirdi və üzərinə bal, meyvə parçaları qoyub Neona təqdim etdi. İmperator bu dadlı şirniyyatı çox bəyəndi. Elə həmin gün ilk dondurma yarandı.
Bu haqda gəzən rəvayətlərdən birində deyilir ki, əfsanəvi I Karl keçirdiyi banketlərdən birində özünün yüksək səviyyəli və varlı qonaqları üçün elə qida hazırlamaq istəyir ki, onların hamısını təəccübləndirsin. Onun aşpazı bu istəyi yerinə yetirmək üçün nəhayət qızıl resepti əldə edir. O, gələn qonaqlara soyuq deserti təqdim edir. Bu desert hamıya yeməkdən çox yağan qarı xatırladır. Onu digərlərindən xüsusi kremi və dadına doyulmaz şirinliyi fərqləndirirdi. Qonaqlar bundan xüsusi ləzzət alırlar. Karl aşpazını çağıraraq bu sirri heç kimə açmamağı əmr edir. Çünki istəyirdi ki, bu yemək yalnız kral süfrəsində təqdim olunsun. I Karlın ölümündən sonra resept açıqlanır.

Dondurma haqqında ilk məlumatlara eramızdan əvvəl Misir sivilizasiyasında rast gəlinir. Tapıntılarda isti yay mövsümündə buzdan istifadə olunduğunu göstərən bir çox faktlar öz əksini tapıb. Bu siyahıda Çin, Mesapotamiya kimi qədim ölkələr də var. Həmin ölkələrdə aşpazlar öz reseptlərini hazırlayırmışlar. Soyuq və təravətləndirən içkilərin əsas mərkəzi isti Şərq ölkələri olduğu üçün avropalılar Şərqin qida mədəniyyətini öyrənməyə başladılar...
Böyük ədib, yazıçı-demokrat Mirzə Cəlilin uşaqlıq və yeniyetməlik dövrünün təəssüratları altında qələmə aldığı “Buz” hekayəsindən də aydın olur ki, hələ XIX əsrin axırları-XX əsrin əvvəllərində Naxçıvan şəhərinin bazarlarında, küçə və meydanlarında buz satışı təşkil olunar və adamlar ondan müxtəlif məqsədlər üçün istifadə edərdilər. Müəllif yazır: “Hər bir yay fəsli küçələrdə arabalarda, buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir”. Mirzə Cəlilin bu sözləri səksəninci illəri yadıma salır. Çünki bu dövrdə bizim də ondan elə də çox fərqimiz yox idi. Biz də gözümüzü Rusiyaya, ya da ki paytaxt Bakıya yönəldir, yayda oradan nə zaman dondurma gələcəyini gözləyirdik. Uzaqdan gələn dondurma yayın istisində bir neçə dəfə əriyib donduqdan sonra necə “dadlı” olardı, onu da yeyənlər bilər. Evdə dondurma hazırlamağa cəhd edəndə də onu yeyənin həmin gün mütləq qızdırması yüksələrdi. Çünki bu üsulla hazırlanan dondurma daha çox buza oxşayardı. Bir sözlə, nə gözümüz, nə də ki könlümüz doyardı.
Bu gün isə muxtar respublikamızda dondurma istehsalı ilə məşğul olan “Danyeri” istehsal və xidmət sahəsi, “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi kimi ixtisaslaşmış müəssisələr fəaliyyət göstərir.
Qeyd edək ki, yerli istehsal məhsullarımız olan müxtəlif çeşidli – qaymaqlı, plombir, meyvəli-giləmeyvəli, ətirli dondurmalar ekoloji təmiz, əlavə kimyəvi qatqılar vurulmadan hazırlandığına görə daha dadlı və keyfiyyətlidir. Belə dondurmalar qida təhlükəsizliyi baxımından daha etibarlıdır. İstehsalında müasir texnologiyadan istifadə olunmaqla, eləcə də məhsulun saxlanma müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edilməklə yüksək keyfiyyətə nail olan yerli müəssisələrimizin məhsullarına ölkə daxilində də tələbat günbəgün artmaqdadır.
Naxçıvan şəhərindəki belə müəssisələrdən biri olan “Nur qida”nın ləziz dondurmaları 16 ildir süfrələrin bəzəyinə çevrilib. Bu dondurmalar həm keyfiyyəti, həm də sərfəli qiyməti ilə seçilir. İstehsal müəssisəsi artıq uzun illərdir ki, məhsulları ilə əhaliyə yüksək xidmət göstərir, həm də muxtar respublika iqtisadiyyatına töhfə verməyə çalışır.
2003-cü ildə yaradılan müəssisədə keyfiyyətli məhsul istehsalı üçün hər cür imkanlar vardır. Burada yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Dondurma mövsümü müəssisədə iş prosesini də sürətləndirib. İşçilər gündən-günə artan tələbatı ödəmək üçün səylə çalışırlar. Müəssisədə xammal və hazır süd məhsullarının istehsalı üçün müasir standartlara uyğun texnoloji avadanlıqların quraşdırılması rəqabətqabiliyyətli məhsul istehsalına imkan verir.
Müəssisənin rəhbəri Razim Rzayev bizimlə söhbətində bildirdi ki, muxtar respublikada sahibkar­lığın inkişafı istiqamətində mühüm addımların atılması təqdirəlayiq haldır. Yaradılan əlverişli biznes mühiti onun da müəssisə quraraq sahibkarlıq fəaliyyətinə başlamasına stimul olub.
Müəssisədə olarkən istehsal prosesini də izləmə imkanı əldə etdik. Burada xammal üçün ekoloji cəhətdən təmiz, keyfiyyətli yerli xammallardan istifadə olunur. Demək olar ki, əlavə kimyəvi maddələr vurulmadan hazırlanan bu dondurmalara dadına və keyfiyyətinə görə tələbat yüksəkdir. Müəssisədə istehsal avtomatik şəkildə mərhələlərlə həyata keçirilir. Qəbul edilən təbii süd əvvəlcə nasos vasitəsilə qazanlara vurulur, daha sonra 82 dərəcə temperaturda bişirilir. Sonrakı mərhələdə soyuq su vasitəsilə temperatur 60 dərəcəyə endirilir. Xüsusi avadanlıqla parçalanan süd saxlama qazanlarına ötürülür, mənfi temperaturda 12 saatdan az olmayaraq saxlanılır. Daha sonra taralara qablaşdırılır, üzərinə tərkibi, istehsal tarixi və istifadə müddəti göstərilən etiket vurulur. Müəssisədə, ümumilikdə, 5 çeşiddə dondurma istehsal olunur. 0,35, 0,55, 0,65, 0,5 qram və 1 kiloqram çəki taralarda bazara çıxarılan dondurmalar geniş alıcı kütləsi qazanıb. Dondurma çeşidlərinin ayrı-ayrı ünvanlara vaxtında çatdırılması işi də diqqətdə saxlanılır. Belə ki, tələbata uyğun istehsal edilən məhsullar gün ərzində marketlərə, iaşə obyektlərinə paylanılır. Daşınmalar zamanı soyuducu kameralarla təmin olunmuş nəqliyyat vasitələrindən istifadə edilir, mütəmadi olaraq istehlakçıların tələbləri və fikirləri öyrənilir.
Dondurmanın faydalarından da söhbət açan müsahibim deyir ki, yerli məhsulların tərkibi zülal və karbohidratlarla zəngindir: A, B, C, D və E vitaminləri, həmçinin kalsium, kalium, fosfor, maqne­zium, dəmir və sink kimi minerallar ehtiva edir. Xüsusilə süd içməyən, yoğurt və pendir xoşlamayan uşaqlar üçün əla bir qida qaynağıdır. Dondurmanın xam maddəsi süd olduğundan, bəzi hallarda uşağın protein və kalsium ehtiyaclarını qismən ödənilməsi üçün də yararlıdır. Bundan əlavə, iştahasız, orqanizmi zəif, eyni zamanda aktiv fiziki hərəkətdə olan uşaqlar üçün xoş və sağlam bir qidadır.
Müsahibim onu da bildirir ki, dondurma satın alındıqdan dərhal sonra istifadə olunmasa, dondurucuda saxlanılmalıdır. Yumşaq, açıq qablarda satışda olan dondurmalar tez bir zamanda yeyilməlidir. Dondurma yenidən dondurulmamalıdır. Qablaşdırılmış dondurmalarda deformasiyaların olmamasına da diqqət yetirilməlidir.


 Ramiyyə ƏKBƏROVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR