03 Yanvar 2025, Cümə

İnkişaf edən cəmiyyətimizdə enerjiyə olan tələbat günü-gündən artmaqdadır. Təbii resurslar sonsuz olmadığı üçün müasir dövrdə alternativ enerji mənbələri vacib xarakter daşımağa başlayıb. Belə enerji mənbələri, bildiyimiz enerji resurslarından fərqli olaraq ətraf mühit və ekologiya üçün müsbət xarakter daşıyır. Buna görə də hazırda bir çox ölkələr alternativ enerji mənbələrindən istifadə etməkdədir.

Ötən ilin sonunda Dünya Enerji Konqresi alternativ enerjidən ən çox istifadə edən ölkələrin adlarını açıqlayıb. Siyahıda ilk yeri enerjisinin 59 faizini hidroelektrik stansiyalarından əldə edən İsveçrə tutur. Bu ölkə yalnız bir faiz təbii resurslar hesabına əldə olunan enerjidən istifadə edir. İkinci yer İsveçə məxsusdur. İsveç hökuməti istifadə etdiyi alternativ enerji mənbələri hesabına ekoloji çirklilikdən ən az əziyyət çəkən ölkədir. Neft ehtiyatları ilə zəngin olan Norveç dövləti isə alternativ enerji, xüsusilə də sudan əldə olunan enerjidən istifadə etməkdədir. Hazırda Norveç 98 faiz yenilənə bilən enerjidən istifadə edir. Ümumilikdə, bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Danimarka, İspaniya, Yaponiya və Çin kimi ölkələr də qabaqcıl mövqe tuturlar. Bu məlumatları bölüşməkdə məqsədimiz odur ki, adıçəkilən ölkələrdə yenilənən enerji mənbələrindən istifadə geniş yayılıb, eyni zamanda bu ölkələr iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş ölkələrdir.

Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mövcud təbii ehtiyatları, əlverişli iqlimi bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunmasına əlverişli şərait yaradır. Məhz bunun nəticəsidir ki, ötən dövr ərzində ölkəmizdə, eləcə də muxtar respublikamızda enerji təhlükəsizliyi ilə bağlı atılan addımlar bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb, nəticədə, muxtar respublika enerji idxal edən diyardan enerji ixrac edən məkana çevrilib.
Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisinin nəqlinə başlanıldı. O dövrdən etibarən muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb. Xüsusilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpa­çay-2” Su Elektrik stansiyaları, Babək rayonu ərazisində 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bu il isə Kəngərli rayonunda istifadəyə verilmiş 2 meqavat gücündəki yeni Günəş Elektrik Stansiyası il ərzində 3 milyon kilo­vat-saat elektrik enerjisi istehsalı gücünə malikdir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılıb.
Muxtar respublikamızın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Ötən dövrdə belə mənbələrdən istifadə energetika sektorunda davamlı inkişafı təmin edib, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində müasir infrastruktur yaradılıb. Görülmüş işlərin nəticəsidir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatı 100 faiz bərpa olunan enerji mənbələri – su və günəş elektrik stansiyaları hesabına ödənilir. Bununla yanaşı, muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi və layihələndirilməsi işləri davam etdirilir. Belə ki, hazır­da 36 meqavatlıq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işləri aparılır, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək gücünün 30 meqavata qədər artırılması üçün layihə işləri hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb.
Göründüyü kimi, muxtar respublika energetikasında mövcud təbii potensiallardan lazımınca istifadə son bir neçə ildə bərpa olunan mənbələr hesabına enerji istehsalını artırmağa imkan verib. Qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunub. Dünya təcrübəsi də göstərir ki, iqtisadiyyatın hərtərəfli inkişafı ictimai sabitliklə bərabər, həm də dayanıqlı enerji təminatından asılıdır. Digər tərəfdən, enerji asılılığı iqtisadi və milli təhlükəsizlik məsələlərinə birbaşa təsir edən, eyni zamanda bir ölkənin müstəqilliyini təhdid altına alacaq güclü təsir vasitəsi hesab olunur. Bu mənada, qlobal gücləri güclü edən əsas vasitənin də enerji ehtiyatı olduğu bir daha öz təsdiqini tapır. Məhz bu baxımdan son illərdə ölkə­mizdə, eləcə də muxtar respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən maksimum istifadəyə hesablanmış mühüm layihələrin həyata keçirilməsi böyük əhəmiyyəti ilə seçilir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR