03 Yanvar 2025, Cümə

Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərin əsasını yerli resurslardan istifadə olunması ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlər istehsal müəssisələrində müxtəlif növdə və çeşiddə məhsul istehsalına əlverişli şərait yaradır. Görülən işlərin nəticəsidir ki, bu gün artıq mənşəyi Naxçıvan olan məhsullar həm yerli, həm də regional bazarlarda özünə böyük istehlakçı kütləsi qazanıb. Son illər öz məhsulları ilə istehlakçılar arasında böyük rəğbət qazanan sahibkarlıq subyektlərindən biri də “Naxçıvan ­Məhsulları” publik hüquqi şəxsdir.  

Ötən dövrdə muxtar respublikamıza xas brend məhsullarla bazarı təmin etməyə çalışan bu müəssisə ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal etmək üzrə ixtisaslaşıb. Müəssisənin rəhbəri Vüsal Quliyev bizimlə söhbətində bildirdi ki, 2014-cü ildə təsis edilmiş “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı və qablaşdırılması üzrə fəaliyyət göstərir. 2016-cı ildən isə həm də dövlət müəssisə və təşkilatlarını ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin edir.

Öyrəndik ki, hazırda burada mövsümə uyğun olaraq müxtəlif meyvələrin qurudulması işi həyata keçirilir. Bunun üçün müəssisədə meyvə qurutmaq üçün avadanlıqlar quraşdırılıb. Müsahibimiz bildirdi ki, Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları bu sahədə yeni imkanlar açıb. Xüsusilə son illərdə muxtar diyarımızda meyvə istehsalının həcmi artıb. Bu da imkan verir ki, tarixən bu sahədə qazanılmış təcrübə geniş tətbiq olunsun. Bunun üçün mövsümə uyğun olaraq muxtar respublikamızın müxtəlif bölgələrində yetişdirilən meyvələr tərəfimizdən qəbul olunur. Bu işdə ailə təsərrüfatlarının rolu xüsusilə böyükdür.
Meyvələrin qurudulması və qablaşdırılması prosesi necə aparılır? – sualına isə həmsöhbətim belə cavab verdi:
– Adətən, meyvələrin qurudulması iki üsulla aparılır. Ənənəvi olaraq günəş işığında, həm də meyvə­qurutma üçün cihazların köməyi ilə. Hər iki üsulla meyvələr qurudularkən tərkibindəki vitaminlər öz keyfiyyətini saxlayır. Qurutma vaxtı məhsuldakı su buxarlanır və məhsulun özülü qalır. Buna görə quru meyvənin tərkibi xüsusilə karbohidrat, vitamin, proteinlərlə zəngin olur. Quru meyvələrin faydası da uzun illərdir, insanlara məlumdur. Keçmişdən bəri meyvələri qurutmaqda əsas məqsəd ilin digər fəsillərində də onlardan istifadə etməkdir. Bizim müəssisədə də tədarük olunan meyvələr gigiyenik şərtlərə uyğun olaraq yuyulub təmizləndikdən sonra, əsasən, doğranaraq meyvə­qurutma cihazlarında qurudulur. Hər meyvənin qurudulması üçün müvafiq istilik dərəcəsi lazımdır. Avadanlıqlarda bu istilik təmin olunduqdan sonra meyvələr müəyyən zaman ərzində quruyur. Sonrakı mərhələ isə əldə olunmuş məhsulun qablaşdırılmasıdır. Hazırda “Naxçıvan Məhsulları” publik hüquqi şəxsdə, ümumilikdə, 40-dan artıq çeşiddə meyvə qurusu istehsal olunaraq qablaşdırılır. Ərik, alma, alça, qovun, xurma, banan, ananas, şaftalı, gavalı və digər meyvələrin qurudularaq satışa çıxarılması alıcılar tərəfindən böyük maraqla qarşılanır. Yaxın gələcəkdə kəklikotu, məzrə, qızılgül, o cümlədən müxtəlif giləmeyvələrin qablaşdırılması da nəzərdə tutulur.
Müsahibimiz bildirdi ki, yüksək keyfiyyət standartlarına cavab verən 30, 40, 50, 65, 70, 80, 100, 120, 160 qramlıq plastik, 90 və 250 qramlıq taxta və şüşə taralarda istehsal edilən bu məhsulların muxtar respublikamızın ticarət obyektlərində və ölkəmizin paytaxtında satışı həyata keçirilir. Gələcəkdə həmin məhsulların Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İran İslam respublikalarına göndərilməsi də nəzərdə tutulur.
Vüsal Quliyev onu da əlavə etdi ki, bu il aprelin 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncamdan sonra müəssisənin fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Belə ki, indi daha yaxşı məhsul istehsal etməli, bu məhsulların satış bazarını daha da genişləndirməliyik. Əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvanın keyfiyyətli məhsullarının tanıdılması məqsədilə müəssisəmizin istər yerli, istərsə də xarici ölkələrdə keçirilən müxtəlif sərgilərdə iştirak etməsi və istehlakçıların məhsullarımıza olan marağı onu deməyə imkan verir ki, yerli məhsullarımızın satış həcmini daha da artıracağıq. Bu, eyni zamanda muxtar respublikamızın tanıdılması və təbliği sahəsinə də öz töhfəsini verəcək.
Bəli, bu gün muxtar respublikamızda yüzlərlə növ və çeşiddə istehsal olunan məhsulların içərisində “Naxçıvan Məhsulları”nın öz yeri var. Ümid edirik ki, yaradılmış şərait, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, ailə təsərrüfatlarının sayının getdikcə artması və həyata keçirilən digər tədbirlər yerli məhsullarımızın tezliklə xarici bazarlarda öz yerini tutmasına imkan verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR