03 Yanvar 2025, Cümə

Bu gün dünyanın 125 ölkəsində 4 milyon hektar sahədə becərilən  tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil  etsə də, ən  gəlirli  sahələr  arasında  yer  alıb.  Əhalisinin sayı 7 milyardı keçən Yer kürəsində tütün sektoru ən böyük sənaye sahələrindən biridir. Dünyada gün ərzində satış dəyəri, təxminən, 5 milyard  dollar  olan  tütün ticarətindən  illik  qazanc 1 trilyonu keçib. Dünya tütün istehsalçıları arasında Azərbaycanın da müəyyən qədər payı var. Ötən əsrin 70-80-ci illərində respublikamızda tütünçülük güclü inkişaf edib, bu sahədən yaxşı gəlir götürülüb. 1980-ci ildə tütün istehsalı ən yüksək həddə – 60 min tona çatdırılıb. 

Muxtar respublikada da tütünçülüyün sürətli inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə tütünçülük əhalinin əsas məşğuliyyəti və gəlir mənbəyi hesab olunurdu. Muxtar respublikada tütün istehsalının həcmi 1977-ci ildə ən yüksək səviyyəyə – 9739 tona çatmışdı. O da vurğulanmalıdır ki, tütünçülüyün inkişaf etdirilməsində muxtar respublikada fəaliyyət göstərmiş Tütün Fermentasiya Zavodunun böyük rolu olub.

Tədarük olunan məhsul zavod tərəfindən qəbul edildikdən sonra dəyəri ödənilirdi. 1992-ci ildə muxtar respublikada aparılan aqrar islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan təsərrüfat formaları yaradıldı. Buna baxmayaraq, islahatlar gedən müddətdə geniş həcmdə olmasa da, tütün əkilib-becərilirdi. Belə ki, 1999-cu ildə 97 hektardan 155 ton, 2000-ci ildə 16 hektardan 28 ton, 2001-ci ildə isə 30 hektardan 5,5 ton məhsul istehsal edilib və bundan sonra tütün əkini dayandırılıb.
2018-ci təsərrüfat ilində isə ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri tərəfindən 41,5 hektar sahədə yüksəkkeyfiyyətli tütün bitkisi əkilib və sahələrdən 51,5 ton məhsul istehsal olunub. Tütün əkinləri zamanı, əsasən, Türkiyədən gətirilmiş İzmir və Virciniya sortlarından istifadə edilir.
Artıq muxtar respublikamızda tütün əkinlərinə başlanılıb. Tütün sahələrindən gələcəkdə yüksək məhsul götürülməsi üçün şitil əkinləri aqrotexniki qaydalara uyğun hazırlanmalıdır. Tütün əkiləcək sahələr ən yaxşı sələf bitkisi olan dənli, dənli-paxlalı və yem bitkilərindən sonra əkilərsə, yüksək və keyfiyyətli məhsul götürmək olar. Tütün şitillərinin kökləri nə qədər çox və sağlam olarsa, şitillər sahələrə basdırıldıqda bitkilər daha tez inkişaf edər. Bunun üçün də becərmə tədbirləri vaxtında və düzgün həyata keçirilməlidir. Tütün bitkisindən sağlam məhsul alınması üçün mineral gübrələrdən düzgün istifadə olunmalıdır. Bu bitki qida maddələrinə yüksək dərəcədə tələbkardır. Tütün əkiləcək sahələrin hər hektarına 15-20 ton üzvi gübrə, təsiredici maddə hesabı ilə 120-140 kiloqram fosfor, 100-120 kiloqram kalium gübrəsi verilməklə şum aparılmalıdır. Təsiredici maddə hesabı ilə nəzərdə tutulan 45-90 kiloqram azot gübrəsi isə becərmə zamanı yemləmə şəklində verilməlidir. Şitillərin sahələrə əkilməsi muxtar respublika şəraitinə uyğun olaraq mayın 20-dək aparılır. İriyarpaqlı sortların əkini zamanı 70 x 40 santimetr əkin sxemindən istifadə etməklə hər hektara 36 min, xırdayarpaqlı sortların əkini zamanı isə 60 x 20 santimetr əkin sxemindən istifadə edilir, hər hektar sahəyə 83 min ədəd şitil əkilir. Şitillər torpağa köçürüldükdən 3-4 gün sonra sahələr suvarılmalıdır ki, şitillər yaxşı tutsun. Əkilmiş bitkinin vegetasiya dövründə aqrotexniki tədbirlərlə yanaşı, mineral gübrələrdən normalara uyğun istifadə etmək lazımdır.
Azot gübrələri tütün bitkisinin məhsuldarlığına müsbət təsir etsə də, onun keyfiyyətini ancaq müəyyən şəraitdə yaxşılaşdıra bilir. Qüvvəli torpaqlara artıq miqdarda azotlu gübrə verildikdə tütün yarpaqları kobudlaşıb tünd yaşıl rəng alır, nəticədə, tütünün keyfiyyəti aşağı düşür.
Fosfor gübrəsi bitkinin kök sisteminin, gövdəsinin, həm də yarpaqlarının hər­tərəfli inkişaf etməsində mühüm rol oynayır. Bunlarla yanaşı, vegetasiya dövrünü qısaldır, yarpaqlara açıq rəng verir, nəticədə, tütünün keyfiyyəti yaxşılaşır. Lakin fosforu da artıq verdikdə yarpaqları tez qocaldır, məhsuldarlığı aşağı salır.
Kaliumlu gübrələr bitkinin ümumi inkişafına yaxşı təsir göstərməklə keyfiyyətli məhsul alınmasında mühüm rola malikdir. Ən yaxşı halda bu gübrələrin birlikdə (kompoze) verilməsi məsləhət görülür.
Muxtar respublikamızda tütünün əkilib­-becərilməsi üçün hərtərəfli şərait vardır. Belə ki, əvvəlki illərdən fərqli olaraq şitillərin texnika ilə torpağa basdırılması, tütünçülərin tütün şitili ilə təmin olunması, məhsulun qısa vaxt ərzində dəyərinin ödənilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə olan marağını daha da artırıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatlarının, sahibkar­ların iqtisadi cəhətdən xeyli gəlirli olan bu təsərrüfat sahəsindən böyük həcmdə gəlir əldə etmələrinə imkan verə bilər.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli Sərəncamına əsasən quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiyanın müəyyənləşdirilməsi bu sahənin inkişafına təkan verib.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR