Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları vasitəsilə qidalanır. Meliorasiya və suvarma qurğularının lazımi səviyyədə istismarı ilə yanaşı, zəruri yerlərdə təmir işləri də ardıcıl davam etdirilir. Nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması üçün vaxtaşırı tədbirlər həyata keçirilir.
Sel sularının ciddi fəsad törətməsinin əvvəlcədən qarşısını almaq məqsədilə Arpaçayın yatağı boyunca sahilbərkitmə tədbirləri davam etdirilir, çay yatağı təmizlənir, kənarları bərkidilir. Bu, torpaqların şoranlaşmasının da qarşısını alır. Yaşayış məntəqələrindəki içməli su xətlərinin təmiri də diqqət mərkəzindədir.
Bu gün Arpaçay dəryaçasında yığılan suyun maksimum səviyyədə olması belə deməyə əsas verir ki, mövsüm ərzində əkin sahələrini suvarma suyu ilə tam təmin etmək mümkün olacaqdır. Yerlərdə sudan səmərəli istifadə edilməsi, arxlardakı və kanallardakı sızmaların qarşısının alınması da daim nəzarətdədir.
Xəbərlər şöbəsi